Məhkəmə qərarları › İş №2(103)-4918/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4918/2023

03.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4918/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, Cavabdeh ASC oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1739/2023 saylı 16 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçıya məxsus ev Cavabdeh ASC tərəfindən su təchizatı və tullantı suların axıdılması xidməti ilə təmin edildiyindən İddiaçı abonent kimi xx.xx.2005-ci il tarixli 29598604 nömrəli müqavilə üzrə **********010 abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının adına tərtib olunmuş abonent saldosundan müəyyən olunur ki, iddiaçının su və çirkab su xidmətlərindən istifadəyə görə müvafiq məbləğdə Cavabdeh ASC-yə ödənilməmiş borcu yaranmışdır. Belə ki, onun 2022-ci ilin 03.01-02.02 tarix aralığı üzrə ümumi sərfiyyatı 20 m3; 06.02-08.03 tarix aralığı üzrə 50 m3; 22.05-21.06 tarix aralığı üzrə 20 m3; 23.07-22.08 tarix aralığı üzrə 10 m3; 30.09-31.10 tarix aralığı üzrə 5 m3; 31.10-30.11 tarix aralığı üzrə 874 m3; 30.11-30.12 tarix aralığı üzrə 20 m3; 29.12-28.01 tarix aralığı üzrə ümumi sərfiyyatı 19 m3 hesablanmış, İddiaçı qeyd olunan tarixlər üzrə hesablanmış ümumi borc məbləğindən 200 manat ödəniş etmiş və 818 manat qalıq qalımışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 874 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə 1 yanvar 2005-ci il tarixdə ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus yaşayış sahəsinə (fərdi həyət evi) su təchizatı və çirkab sularının axıldılması ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Su təchizatına görə xidmətlərin haqqının ödənilməsi cavabdeh tərəfindən quraşdırılmış “Smart” tipli sayğacın göstəricilərinə əsasən həyata keçirilmişdir. 8 sentyabr 2022-ci il tarixində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qeyd edilmiş ünvanda quraşdırılmış “Smart” tipli sayğac “Mexaniki” tipli sayğacla əvəz olunmuşdur. Cavabdeh tərəfindən ona 31 oktyabr-30 noyabr 2022-ci il tarixləri aralığında 874 m3 su sərfiyyatı üzrə 874 AZN borc hesablanmışdır. Halbuki, o, göstərilən həcmdə su istifadə etməmişdir. Cavabdehin özünün elektron sistemindən çıxarılmış “Abonent kartı”ndan da göründüyü kimi, istifadə edilən suyun həcminin “Smart” tipli sayğacla hesablandığı bütün dövrlər ərzində iddiaçı tərəfindən istifadə edilən orta aylıq su həcmi 11.3 m3 təşkil etmişdir. Lakin cavabdehin son beş ay üzrə (üstəlik, bu aylar qış və ilin soyuq aylarına təsadüf edir) hesablamaları qeyd edilən orta aylıq sərfiyyat həcmindən 10 dəfədən də artıq olmuşdur. Bu isə o deməkdir ki, cavabdin su sərfiyyatını hesablamaq üçün quraşdırdığı “Mexaniki” tipli sayğac düzgün işləməmiş, nəticədə şişirdilmiş və reallığa uyğun olmayan su sərfiyyatı göstəriciləri meydana çıxmışdır. Cavabdeh tərəfindən istehlak olunan suyun həcminin ölçülməsi üçün standartlara cavab verməyən, su təchizatını düzgün ölçməyən sayğacdan istifadə edilməklə, iddiaçının su təchizatı istehlakçısı kimi hüquqları pozulmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1739/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilrək Bakı şəhəri, Sabunçu rayonu, Neftçilər küçəsi, ev 153 (Abonent kodu: **********010) ünvanına əsassız hesablanmış 850 (səkkiz yüz əlli) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli borc Cavabdeh ASCnin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi həyətyanı yaşayış evi üçün hesablanılmış 874 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

7. Eyni zamanda iş materialları ilə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 2022-ci il üzrə İddiaçı sudan istifadə və çirkab sularının axıdılmasına görə orta aylıq sərfiyyatı 24 m3 təşkil etdiyi halda, 31 oktyabr-30 noyabr tarix aralığında bu sərfiyyat cavabdeh tərəfindən 874 m3 hesablanmışdır. Lakin hesablanmış bu sərfiyyat cavabdeh tərəfindən əsaslı dəlillərlə məhkəmə araşdırması zamanı sübuta yetirilə bilməmişdir. Borcun yaranma mənbəyi məlum deyildir. Odur ki, 2022-ci ilin 31 oktyabr-30 noyabr tarix aralığı üzrə cavabdeh tərəfindən hesablanmış 874 manat məbləğində borcdan iddiaçının istifadə edə biləcəyi ümumi orta aylıq borc, yəni 24 manat çıxılmalı, əsassız olaraq hesablanmış 850 manat borc məbləği silinməlidir.

8. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26; Su Məcəlləsinin 98; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 59.3-cü maddələrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2, 5.1.5, 7.4-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1739/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbinə əsasən iddiaçıya göstərilən xidmətlərin dəyəri sayğacın göstəricisinə əsasən hesablanaraq hesab faktura təqdim edilmiş və həmin hesab faktura əsasında borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir. Sayğacda nasazlıq yaranaraq sayğacın klapanı bağlanmamışdır. Bundan sonrasu sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə əsasən aparılmışdır. Qeyd edilən borc istifadə olunmuş, lakin dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İstehlakçı isə bu məbləği ödəməkdən imtina etmişdir. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Məhkəmə qətnamə qəbul edərkən, tərəfindən təqdim edilmiş sübutlara baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməyərək yalnız iddiaçının mülahizələrinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC oğlunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasın xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, sayğacın özündə nasazlıq olduğuna görə mexaniki hissə işlək vəziyyətdə olur və 874 manat borc hesablanıb. Smart tipli sayğaclarda elektron hissədə problem olan zaman mexaniki hissə işləyir və su sərfiyyatını hesablayır. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun

22.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

23. 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir.

24. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

25. 31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır“.

Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü iltarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın

26.1.6-cı bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

27. 1.7-ci bəndinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. 28.2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 29.2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 30.6.4-cu bəndinə əsasən Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 31.7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.İşin araşdırılan halları ilə müəyən edilir ki, iddiaçı ilə məxsus olduğu ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair xx.xx.2005-ci il tarixdə abonent müqaviləsi bağlanılmış, onun adına abonent kartı açılmış və sonuncu tərəfindən həmin müqavilə üzrə sudan istifadəyə görə mütəmadi ödənişlər edilmişdir. Buna baxmayaraq, ona yararsız vəziyyətdə olan sayğacın göstəricilərinə əsasən 31 oktyabr-30 noyabr 2022-ci il tarix aralığı üçün 874 manat borc məbləğində hesablanmışdır. 34.Cavabdeh təşkilatın nümayəndəsi bununla bağlı bildirmişdir ki, həmin sayğac həm, elektron, həm də mexaniki qaydada su sərfiyyatının hesabatını aparır və əgər, elektron ekranda hər hansı bir problem yaranarsa, yaxud yararsız hala düşərsə, sayğacın mexaniki qaydada çalışan hissəsi su sərfiyyatının hesablanmasını aparmaqla davam edir. 35.Halbuki, yararsız vəziyyətdə olan sayğacın mexaniki hissəsinin su sərfiyyatı ilə bağlı apardığı qeydiyyat düzgün hesab edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, nasaz sayğacın qeydə almış olduğu su sərfiyyatı iddiaçının əvvəlki illərdə və yeni sayğac quraşdırıldıqdan sonrakı müddətdəki sərfiyyatı ilə kəskin şəkildə fərqlənir. 36.Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçının sudan istifadə etməsi və çirkab sularını axıtması ilə bağlı hesabat «Sudan istifadə qaydaları»nın tələblərinə əsasən onun həmin müddətdən əvvəlki dövr üçün orta sərfiyyatına uyğun şəkildə aparılmalı idi. Həmin Qaydaların 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir. 37.Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 38.Belə ki, iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu cavabdeh ASC tərəfindən sübuta yetirilməmişdir. 39.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 41.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1739/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar