Məhkəmə qərarları › İş №2(103)-4919/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4919/2021

24.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4919/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “28.06.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(004)-1844/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.06.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 572,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi 12 nömrəli evin 24 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2017-ci ildə almışdır. O, Rusiya Federasının vətəndaşıdır, daimi olaraq Rusiya Federasiyasında yaşadığından yay aylarında istirahət və qohumlarını görmək üçün Azərbaycan Respublikasına gəlir. Azərbaycanda olduğu müddətdə ailəsinə məxsus Novxanı kəndində yerləşən bağ evində qalır. Cari ilin əvvəlində özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu F.İbrahimbəyov küçəsi 12 nömrəli evin 24 nömrəli mənzilini yoxlamaq, mənzilin qaz, su və digər kommunal xidmətlərinin haqqını ödəməyə qərara vermişdir. Post terminal vasitəsilə kommunal xərclərə görə ödəniş etdikdə, daxil elədiyi məbləğin dərhal borca silindiyinin şahidi olmuşdur. Bu barədə müvafiq olaraq cavabdehə müraciət etdikdə, onlar əvvəlki qaz sayğacının plomblarından birinin əridiyini bildirmiş, bu barədə 28.06.2019-cu il tarixli ******* saylı akt tərtib edildiyini və ona cərimə yazıldığını bildirmişlər. Həmin mənzilin sayğacı 28.03.2019-cu il tarixdə dəyişdirilmişdir, həmin vaxt olan 30 manat borcunu tam ödəmişdir. Sözü gedən aktın tərtib olunmasına isə səbəb köhnə sayğac olmuşdur. Əgər belə bir qüsur olsaydı, sayğac dəyişdirilərkən plomblarında ərimələrin olması ona bildirilməli idi. Sayğacın plombunun əriməsi nəticəsində əlavə sərfiyyat olması sübuta yetirilməmişdir. Həmçinin, sayğac binanın içərisində quraşdırıldığından ona nəzərəti cavabdehin özü etməlidir. O, sayğaca hər hansı bir müdaxilə etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(004)- 1844/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı barəsində “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.06.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 28.06.2019-cu il tarixli ******* nömrəli akt əsasında ünvan 1 ünvan üzrə qanunsuz hesablanmış 572,40 manat borcun istehlakçı İddiaçı (abunə kodu **********00240) hesabından silinməsi qət edilmişdir. Qətnamədən “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış sayğac akt əsasında dəyişdirilərək, yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Laboratoriyanın rəyinə akt tərtib olunaraq 572,40 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 28.03.2019-ci il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə (İtron) Mexanika G-4 markalı qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. “Cavabdeh” İB tərəfindən İddiaçı ünvanlanmış 21.01.2021-ci il tarixli məktubda göstərilir ki, İddiaçı mülkiyyətindəki mənzilin qaz xəttinə quraşdırılmış G-4 markalı, mexaniki tipli ******* zavod nömrəli qaz sayğacı 28.03.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək, yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin 27.06.2019-cu il tarixli MSK 29/1710-01078-1 saylı aktında “sayğacın plastmas ekranına vurulan 4 zavod plombundan biri əriyib” qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.06.2019-cu il tarixli ******* nömrəli akt tərtib olunaraq 572,40 manat dəymiş ziyan hesablanmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və viedeo çəkiliş aparılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Çünki, mənzildən kənarda quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır, o cümlədən iddiaçının sayğaca hər hansı bir müdaxiləsi halı müəyyən edilmir. Sayğacın plombunun birinin əriməsi halında, sayğacdan kənar qaydada qaz istifadə edilməsi sübuta yetirilməmişdir. İddiaçı RF vətəndaşı olmaqla, mülkiyyətindəki mənzildə faktiki olaraq daimi yaşamır, kommunal xidmətlərdən istifadə etmir. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1844/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar