Məhkəmə qərarları › İş №2(103)-4920/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4920/2022

01.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4920/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzildən çıxarılma və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nərimanov Rayonu, M.Məmmədzadə küçəsi, 8,10, mənzil 38, M4, m3 saylı mənzildən (mətbəx mebeli, dəhlizdə olan mebel, pərdələr, lyüstralar və kondisionerlər istisna olmaqla) əşyaları ilə birlikdə çıxarılmalarına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 01 avqust 2019-cu il tarixdən məhkəmə qətnaməsi çıxarılan tarixədək hər aya görə 500 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Bankdan pul vəsaiti götürülməsi nəticəsində dəymiş) maddi ziyanın əvəzi kimi 4319 (dört min üç yüz on doqquz) manatın və mənəvi ziyanın əvəzi olaraq 30.000 (otuz min) manatın ümumilikdə 34.319.00 (oyuz dört min üç yüz on doqquz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı qıza verilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-43/2022 saylı, 21 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri Nərimanov Rayonu, M.Məmmədzadə küçəsi, 8,10, mənzil 38, M4, m.3 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən 04 may 2022ci il tarixində apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim: Solmaz Ədilova). Həmin qərardaddan Cavabdeh2 vəkili Vəkil3 oğlu şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(005)-43/2022 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya iş materialları əsasında qeyd edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1, 363.1.2-ci və 363.1.5-ci maddələrinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə görə apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3-cü maddəsinə görə apelyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar