Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4920/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı X6 ilk iddia üzrə cavabdeh X4 (Bakı şəhəri 12 saylı Notariat Ofisi, X15 və X23 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vərəsəliklə bağlı payların müəyyən bölünməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “miras aktivlərinin və passivlərinin bölünməsi” tələbinə dair iş üzrə (Açar sözlər: vərəsəliklə bağlı payların müəyyən bölünməsi, miras aktivlərinin və passivlərinin bölünməsi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Elmar qızı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh X5 qarşı xx.xx.2025-ci il tarixdə “vərəsəliklə bağlı payların müəyyən bölünməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyanın, yəni X28 oğlunun nikahdan əvvəl aldığı və 2021-ci il tarixində 76.900 manata satdığı ünvan 1-un satışından əldə edilmiş pulun qanuni vərəsələr arasında bərabər bölünməsi, 2023-cü il tarixində onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də alınan 7 saylı mənzilin alınması üçün 76.900 manatın üzərinə əlavə etdiyi 33.100 manatın isə 50%-nin həyat yoldaşı Kahramanova Nurananin payına verilməsi, 50%-nin isə qanun üzrə vərəsələr kimi onların arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X28 oğlu nikahdan əvvəl, yəni xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 112-də yerləşən 10 saylı, ümumi sahəsi 29 kv/metr, yaşayış sahəsi 16 kv/metr olan 1 otaqlı mənzili 52.500 manata X11 ilə alqı-satqı müqaviləsi bağlayaraq ondan almışdır. Bir müddət orada yaşamış, xx.xx.2019-cu il tarixində isə Cavabdeh ilə nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Ailə qurduqdan sonra həmin 1 otaqlı mənzili 76.900 manata satmış və üzərinə 33.100 manat əlavə edərək xx.xx.2023-cü il tarixində X8 ilə alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzili 110.000 manata almışdır. N.Musayev xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Onun vəfatından dərhal sonra həyat yoldaşı 12 saylı Notariat Ofisinə müraciət edərək ünvan 2-nin çıxarışını təqdim edərək, həmin evin birgə nikah dövründə əldə edildiyini bildirmiş və sözügedən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yanaşı mülkiyyət hüququ haqqında şəhaqətnamə verilməsini də xahiş etmişdir. Vərəsələr arasında payların bu şəkildə bölgüsü ilə iddiaçı razı deyil. Əvvəlcə, Cavabdeh vərəsə kimi notariat ofisinə onun adını bildirməmişdir. O da qanuni vərəsədir və miras əmlakda onun da payı vardır. 2-ci oğlu N.Musayev evlənməmişdən əvvəl, yəni Cavabdeh ilə rəsmi nikaha girməzdən əvvəl xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 112-də yerləşən 10 saylı, 1 otaqlı mənzili 52.500 manata almışdır. xx.xx.2019-cu il tarixində, yəni 1 otaqlı evi aldıqdan 1 il sonra Cavabdeh ilə nikahlarını rəsmiləşdirmişdir. Sonradan həmin 1 otaqlı evi 76.900 manata satmış və 33.100 manat əlavə edərək ünvan 2-ni almışdır. Bu səbəbdən də nikahdan əvvəl alınmış evin pulunun üzərinə 33.100 manat qoyulduğu üçün 76.900 manat bərabər paylarda, 33.100 manat isə birgə nikah dövründə əldə edildiyindən mən də daxil olmaqla qanunla müəyyən olunmuş qaydada bölünməlidir.
3. Cavabdeh İddiaçı qarşı “miras aktivlərinin və passivlərinin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzilin qarşılıqlı iddiaçı Cavabdeh ilə mərhum həyat yoldaşının birgə nikah dövründə alındığından həmin mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilərək, həmin mənzilin digər 1/2 hissəsinin vərəsələr arasında 3 hissəyə bölünməsi və X28 oğlunun sağlığında mənzilini girovla yüklü edərək götürdüyü 65.000 manat kredit məbləğinin qarşılıqlı iddiaçı Kahramanova Nurana tərəfindən ödənilmiş 32.500 manatın yarısının 1/3 hissəsi olan, 5416 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq, qarşılıqlı iddiaçı Cavabdeh Elmar qızına ödənilməsi, qarşılıqlı iddiaçı Cavabdeh mərhum həyat yoldaşı X28 oğlunun adına qeydiyyatda olan ** ND *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ C200 Minik markalı və ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddiaçı Cavabdehnin 1/2 hissədə mülkiyyət hüququnun müəyyən edilərək, həmin avtomobilin digər 1/2 hissəsinin vərəsələr arasında 3 hissəyə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, ilkin iddia ərizəsi ilə tam razı deyil və təmin edilməməsini xahiş edir. Belə ki, ilkin iddia ərizəsində bildirilmişdir ki, Cavabdeh notariusa müraciət edərkən, mərhumun anası baradə məlumat verməmişdir. Ona görə də qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı tərəf əsaslandığı halları təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmiş, həmçinin məhkəməyə yalan məlumat vermişdir. Çünki Cavabdeh bildirir ki, onlar ünvan 1-da yaşamamışlar, həmişə kirayədə yaşamışlar, Cavabdeh da ailə qurandan sonra işləmiş, ailəyə dəstək olmuş, mərhum həyat yoldaşı ilə birlikdə pul yığaraq qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzili almışlar, azyaşlı övladı və mərhum həyat yoldaşı ilə orada yaşamışlar. Bundan başqa qarşılıqlı iddiaçı Cavabdeh notariat ofisinə müraciət edərkən ərizəsində qaynanasının da vərəsə olduğunu bildirmişdir. İlkin iddiaçı isə mərhum oğlunun övladı barədə və onun da vərəsə sayılaraq payların 3 hissəyə bölünməli olması barədə düzgün məlumat verməmişdir. Göründüyü kimi Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzil qarşılıqlı iddiaçı Cavabdeh ilə mərhum həyat yoldaşının birgə nikah dövründə alındığından həmin mənzil üzərində qarşılıqlı iddiaçı Cavabdeh bərabər mülkiyyət hüququ var, odur ki, həmin mənzilin digər hissəsi vərəsələr arasında 3 hissəyə bölünməlidir. Ona görə də qeyd olunanlara əsasən, ilkin iddiaçı tərəfindən iddia tələbinin əsasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən və məhkəməni yanıldan məlumatlar verildiyindən, həmçinin ilkin iddia ərizəsindəki tələb qanuni və əsaslı olmadığından tam təmin edilməməlidir. O cümlədən, Cavabdeh mərhum həyat yoldaşı vəfat etməzdən az müddət öncə şərikli iş görmək üçün mənzili girovla yüklü edərək - xx.xx.2024-cü il tarixdə 65000 (altmış beş min) manat məbləğində kredit götürmüş, vəfat etdikdən sonra həmin borc məbləğinin yarısı qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən, yarısı isə ortağı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş və mənzilin girovdan azad olması barədə arayış verilmişdir. Beləliklə, qeyd olunanlara əsasən hesab edir ki, miras aktivləri vərəsələr arasında bölündüyü kimi, miras passivləri də eyni qaydada bölünməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65.000 manat məbləğində ödənilmiş kredit vəsaitinin yarısı – 32.500 manat qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənildiyindən həmin 32500 manat pul vəsaitinin yarısının üçdə biri - 5416 manat (32500:2=16250:3=5416) manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-2158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim – Kərim Xudayev) ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, miras əmlaklar olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22 ünvanında yerləşən 7 saylı mənzil, “Mercedes Benz C200 Minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “X29” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı X3 4/6, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1/6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 1/6 hissədə miras payları müəyyən edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.
6. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi tərəfindən qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmiş, iş üzrə faktiki hallar ətraflı araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Odur ki, qətnamənin ilk iddianın təmin edilməməsi, yəni miras əmlak olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22-də yerləşən 7 saylı mənzilin vərəsələr arasında payların müəyyən edilməsi hissəsində rədd edilməsi hissəsinin, həmçinin qarşılıqlı iddianın həmin hissədə təmin edilməsi hissəsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, miras əmlakın 7/10 hissəsinin qanuni vərəsələr arasında bərabər paylarda, 3/10 hissəsinin isə birgə nikah dövründə əldə edilmiş əmlak kimi paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh N.Kahramanova apellyasiya şikayətini belə əsaslandırmışdır ki, rayon məhkəməsi miras passivlərinin bölünməsinə münasibətdə hüquq normalarını düzgün tətbiq etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Odur ki, qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edərək, qarşılıqlı iddianın tam təmin olunması və qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verdi və cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda da göstərdi ki, onların iddiada əsas niyyəti miras əmlak olan mənzilin əldə edilməsinə sərf olunan pul vəsaitinin 2/3 hissəsinin miras qoyanın nikahdan qabaq mövcud mənzilin satılması hesabına əldə edilməsi səbəbindən, məhz bu nəzərə alınmaqla həmin mənzildə payların vərəsələr arasında düzgün müəyyən olunmasını diqqətə çatdırmaq olmuş, rayon məhkəməsi isə onların həqiqi istəyini düzgün müəyyənləşdirməmiş və bu əsasla da onların iddiasını rədd etmişdir. Bundan sonra onlar da məcbur qalıb rayon məhkəməsində həmin mənzildə vərəsə kimi payın müəyyən edilməsinə dair yeni iddia qaldırmışlar, həmin iş üzrə ərizə məhz bu işlə bağlı baxılmamış saxlanılmışdır (vəkil həmin sənədləri məhkəməyə təqdim edir).
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq etiraz etdi və öz şikayətlərini müdafiə edərək məzmununa uyğun izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq da göstərdi ki, onlar miras kütləsinə daxil olan mənzilin şəxsən miras qoyana məxsus olmuş mənzilin satılmasından əldə olunmuş pul vəsaitinə əlavə edilməklə alınmasını mübahisələndirmirlər. Sübutların tədqiqi:
13. 0579220 nömrəli 07 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzil barəsində X28 oğlu ilə X11 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sözügedən mənzil 52.500 manat müqabilində X28 oğlunun mülkiyyətinə verilmişdir.
14. 343109 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X28 oğlu ilə Qəhrəmanova Nuranənin nikahı 27 iyun 2019-cu il tarixdə 2454 saylı akt ilə qeydə alınmışdır.
15. 1155733 nömrəli 24 avqust 2023-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzil barəsində X28 oğlu ilə X13 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sözügedən mənzil 76.900 manat müqabilində X1.
16. 1190313 nömrəli 25 avqust 2023-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən mənzil barəsində X20 ilə X8 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sözügedən mənzil 110.000 manat müqabilində X14 mülkiyyətinə verilmişdir.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X14 mülkiyyətində olmaqla, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
18. AZ-İİ seriyalı, 462996 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X28 oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bununla bağlı 21 noyabr 2024-cü il tarixdə ölümü qeydə alınmışdır.
19. "xxxx" ASC-nin 18 oktyabr 2024-cü il tarixli, 17-28/270-24 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 28-MCR-1-646-21/4 saylı Kredit müqaviləsinə əsasən X28 oğluna 65.000 manat məbləğində, 24 ay müddətinə, 17 faiz dərəcəsinə kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən X28 oğlunun 65.000 manat məbləğində kredit üzrə "xxxx" ASC qarşısında hər hansı borc öhdəliyi mövcud deyil.
20. 8İ-34785 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 28 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Kahramanova Nurana həyat yoldaşı X12 qalmış miras əmlakı qəbul etmiş, bununla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
21. 8İ-16345 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 13 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı oğlu X12 qalmış miras əmlakı qəbul etmiş, bununla əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
22. 535818 nömrəli doğum haqqında şəhadətnamə ilə müəyyən edilir ki, X23 xx.xx.2020-ci il tarixdə doğulmuş, anası Qəhrəmanova Nuranə, atası X28 oğludur.
23. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-xxxx/68772/2025 saylı məktubu ilə müəyyən edilir ki, komputer uçot baza məlumatları əsasında X28 oğlunun mülkiyyətində ** ND *** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ C200 Minik markalı və ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri olmuşdur.
24. İddiaçı tərəfin təqdim etdiyi sənədlərdəb bəlli olur ki, İddiaçı qızının cavabdehlər Cavabdeh və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-4612/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Rayon məhkəməsi həmin qərardadında öz mövqeyini belə əsaslandırmışdır ki, mülki iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2158/2025 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, hazırki mübahisənin predmeti ilə (miras paylarının müəyyən edilməsi) sözügedən məhkəmə qətnaməsində qarşılıqlı iddia tələbinin predmeti eynilik təşkil edir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(004)-2158/2025 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia tələbi üzrə miras əmlaka münasibətdə vərəsələrin miras payları müəyyən edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir, mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Deməli, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş apellyasiya məhkəməsinin icraatındadır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
27. 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər.
30. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
31. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
32. 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
33. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. 1297-ci maddəsinə əsasən, ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər.
35. 1299-cu maddəsinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
36. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
37. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
38. Maddə 32.1. Əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
39. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
51. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
52. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
53. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
55. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tərəflərin şikayətlərinə əsasən ilkin iddiaya aid hissədə tam, qarşılıqlı iddiaya aid hissədə isə qismən, miras kütləsinə daxil olan mənzilə və miras passivlərinə payların müəyyən olunmasına dair hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən – miras kütləsinə daxil olan mənzilə payların müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməli, cavabdehin apellyasiya şikayət təmin edilməməlidir.
57. Hazırkı mülki işin mübahisəsiz halıdır ki, iddiaçı- anası olaraq və cavabdeh – arvadı olaraq mərhum Nəimi Musayevin vərəsələridir, eləcə də miras qoyanın azyaşlı uşağı Əli də onun birinci növbə vərəsəsidir. Miraz qoyanın üç birinci növbə vərəsəsi var. Miras qoyan X28 oğlu ilə X9 27 oktyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. X28 oğlu nikahdan əvvəl ünvan 1 ünvanda yerləşən mənzili 52.500 manata almış, birgə nikah dövründə, yəni 24 avqust 2023-cü il tarixdə həmin mənzili 76.900 manata satmışdır. Həmin vəsaitə 33.100 manat əlavə etməklə, 25 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən mənzili 110.000 manat əldə etmişdir. İddiaçının oğlu X28 oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qeyd olunan halları tərəflər mübahisələndirmir. Eləcə də miras kütləsinə iki ədəd avtomobilin daxil olması, onların birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edilən əmlak olması da mübahisələndirilmir. Həmin avtomobillərə münasibətdə vərəsələr arasında payların rayon məhkəməsi tərəfindən müəyyən olunmuş qaydasını tərəflər mübahisələndirmir.
58. Tərəflər arasında mübahisə miras kütləsinə daxil olan ünvan 3 ünvanda yerləşən mənzilə, bir də miras qoyanın kredit borcu üzrə miras passivinə daxil olan pul vəsaitində payların müəyyən edilməsi ilə bağlıdır.
59. Yuxarıda da qeyd edildiyi kimi rayon məhkəməsi ilkin iddianı təmin etməmişdir. Miras kütləsinə daxil olan mənzildə vərəsələrin paylarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi İddiaçı iddiasının rədd edərkən ona istinad etmişdir ki, iddiaçı miras əmlak kimi mənzildən deyil, onun əldə edilməsinə xərclənmiş pul vəsaitindən pay tələb etmişdir və buna görə də onun iddiası təmin edilə bilməz.
60. Məhkəmə hesab edir ki, rayon məhkəməsinin bu mövqeyi əsaslı olmamışdır. Belə ki, İddiaçı iddiasından, onun məzmunundan, eləcə də iddiaçı tərəfin izahatlarından asanlıqla müəyyən etmək olur ki, iddiaçı məhz mənzildə payın müəyyən olunmasını istəyir, bunu arzu edir, sadəcə olaraq həmin mənzilin əldə edilməsinə xərclənmiş pul vəsaitinin bir hissəsinin nikahdan əvvəl əldə edilmiş mənzilin satılmasından əldə olunmuş vəsait olduğundan tərəfə, həmin mənzildə vərəsələrin payının riyazi olaraq hansı münasibətdə müəyyən edilməsi çətinlik yaratdığından, iddiaçı istəyini mənzilə sərf edilmiş pul vəsaitinə münasibətdə ifadə edə bilmişdir. Apellyasiya icraatı zamanı iddiaçı tərəf bu məsələyə dair izahat verərkən qeyd edilənləri təsdiq etmiş və mənzildən payın müəyyən olunmasını istədiklərini bildirmişdir. İddiaçı tərəfin rayon məhkəməsinin hazırkı qətnaməsindən sonra yenidən məhkəmədə həmin mənzillə bağlı vərəsələr arasında payların müəyyən edilməsinə dair iddia qaldırması da bariz şəkildə göstərir ki, rayon məhkəməsi iddiaçının həqiqi istəyini düzgün müəyyən etməmiş, bununla da rayon məhkəməsi MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmənin üzərinə qoyulmuş - işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməklə bağlı vəzifəini yerinə yetirməmiş, sonda da ilkin iddiaya münasibətdə səhv nəticəyə gəlmişdir.
61. Beləliklə də müəyyən olunur ki, miras kütləsinə daxil olan həmin mənzil birgə nikah dövründə 110.000 manata əldə edilmiş, həmin vəsaitin 76.900 manat hissəsi miras qoyanın nikahdan qabaq əldə etdiyi və ancaq ona məxsus mənzilin satılmasından əldə edilən vəsait, 33.100 manat hissəsi isə miras qoyanla Cavabdeh birgə nikah dövründə və birgə əldə edilmiş vəsaiti olmuşdur. İşin bu halı mübahisələndirilmir. Belə olan halda həmin mənzilə vərəsələrin payları müəyyən olunarkən fərqli qaydanın tətbiqi tələb edilir. Bu qayda isə belə olmalıdır: mənzilin əldə edilməsinə çəkilən xərcin 76.900 manat hissəsinə münasibətdə paylar vərəsələr arasında 1/3 olmaqla bərabər, 33.100 manat hissəsinin isə yalnız ikidə birinə miras açıldığından, həmin vəsaitə münasibətdə paylar müvafiq olaraq cavabdehin 4/6, digər iki vərəsənin – iddiaçının və miras qoyanın uşağının payları isə ½ hissə təşkil edir. Miras kütləsinə daxil olan həmin mənzil təyinatı baxımından vahid bir əmlak kimi qeydə alındığından, vərəsələrin həmin əmlakdakı payları yuxarıda qeyd edilənlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Beləliklə də həmin mənzilin əldə edilməsinə çəkilən xərcin 76.900 manata dair hissəsinə, yəni 2/3 hissəsinə vərəsələrin hər birinin payları 3 bərabər hissədə bölünməklə (2/3:3=2/9) 2/9 hissədə müəyyən edilməlidir. Mənzilin alınmasına sərf edilən qalan 33.100 manat birgə nikah dövründə əldə edilmişdir. Ona görə də mənzilin həmin xərcə mütənasib qalan 1/3 hissəsində isə paylar miras qoyanın arvadına münasibətdə (1/3:2=1/6) 1/6, qalan 1/6 hissədə mirasqoyanın arvadı, anası və övladına münasibətdə isə hər birinə (1/6:3=1/18) 1/18 olmaqla müəyyən olunmalıdır. Həmin mənzilin vahid əmlak olması nəzərə alındıqda son olaraq vərəsələrin payları aşağıdakı kimi müəyyən edilir: miras qoyanın arvadı Cavabdeh payı (2/9+1/6+1/18)=8/18, digər iki vərəsə - miras qoyanın anası və övladının payları hər biri üçün (2/9+1/18=5/18) 5/18 hissədə pay. İlkin iddiaçının tələbində istədiyi də məhz miras kütləsinə daxil olan mənzilə dair vərəsələrin paylarının qeyd edilən qaydada müəyyən edilməsi olmuşdur, odur ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir.
62. Miras qoyanın borcuna münasibətdə rayon məhkəməsi qeyd etmişdir ki, iş üzrə araşdırılmış hallardan da göründüyü kimi, miras passivinə daxil olan kredit vəsaiti mərhum X28 oğlu tərəfindən birgə nikah dövründə götürülsə də, həmin vəsaitin xərclənibxərclənmədiyi işdə olan sübutlara əsasən öz təsdiqini tapmır. Əksinə, məhkəmə tərəfindən şahid qismində dindirilmiş mərhumun şəriki Salmanzadə Ramil Kamil oğlu kredit vəsaitini götürdükdən sonra xərcləmədiklərini, X28 oğlunun kreditin alınmasından az sonra vəfat etdiyindən həmin vəsait təyinatı üzrə xərclənməmiş və banka olan borcun tam olaraq ödənildiyini bildirmişdir. Cavabdeh iddiasında qeyd olunan pul vəsaitini öz hesabına ödədiyini bildirsə də, bununla bağlı hər hansı başqa sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməmişdir.
63. Məhkəmə kollegiyası qarşılıqlı iddianın miras qoyanın kredit borcu ilə bağlı hissəsinə münasibətdə rayon məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Çünki qarşılıqlı iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı istinad etdiyi halları, yəni miras qoyanın bankdan aldığı kreditin ailə ehtiyacları üçün xərcləndiyini və həmin borcu ərinin vəfatından sonra özünün əldə etdiyi vəsitlər hesabına ödədiyini sübut etməlidir. Cavabdeh həmin borcun üçüncü şəxslərdən aldığı borc hesabına ödəməsinə dair bildirdiklərini rayon məhkəməsi haqlı olaraq yetərli və inandırıcı hesab etməmişdir. Cavabdeh məhkəməyə buna dair hər hansı başqa bir sübut təqdim edə bilməmişdir.
64. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
67. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
68. Belə olan halda müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri əsassızdır, rayon məhkəməsinin qətnaməsi onun şikayətinə münasibətdə mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur. Nəticə:
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən ilkin iddiaya münasibətdə maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verildiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən – miras kütləsinə daxil olan mənzil hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə tam, qarşılıqlı tələb isə qismən təmin edilməklə miras kütləsinə daxil olan mənzildə vərəsələrin payları aşağıdakı kimi: miras qoyanın arvadı Cavabdeh payı (2/9+1/6+1/18)=8/18, digər iki vərəsə - miras qoyanın anası və övladının payları hər biri üçün (2/9+1/18=5/18) 5/18 hissədə müəyyən olunmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
71. MPM-in 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-2158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən – iddiaçının mübahisələndirdiyi - miras kütləsinə daxil olan mənzilə aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi həmin hissədə tam, qrşılaıqılı iddia isə qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 22 ünvanında yerləşən miras kütləsinə daxil olan 7 saylı mənzil üzərində miras qoyanın arvadı - Cavabdeh Elmar qızının 8/18, miras qoyanın anası - İddiaçı 5/18, miras qoyanın uşağı - X16 5/18 hissədə miras payları müəyyən olunsun. Həmin mənzillə bağlı qarşılıqlı iddia tələbi qalan hissəsdə təmin edilməsin. Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.