Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4922/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: mühafizə zonasında yerləşən özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-170/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəis əvəzi X6, mühafizəçilər X7 və X11 iştirakı ilə tərtib edilən aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 6 saylı qarovulun 1-ci iş növbəsində saat 13:45-də 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi. Döngə 11) Binəqədi-Bakı DS200-mm-lik yerüstü neft kəmərinin 3.7-ci km-də, 39T 0398937; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 8 metr aralı məsafədə özünü ev sahibi kimi təqdim edən Cavabdeh1 tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan natamam evin həyətyanı sahəsində, mövcud hasarın arxa hissəsində, yeni hasarın inşa edilməsi məqsədilə, 60 sm hündürlüyündə və 6-7 metr uzunluğunda əlavə hörgü işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək, görülən işlərin dayandırılması, həmçinin sökülməsi tələb edildi, lakin o müxtəlif bəhanələr edərək sökməkdən imtina etdi. Bununla bağlı ərazi icra nümayəndəsi Rövşən adlı şəxsə saat 13:40-da məlumat verildi, sonuncu şəxs qeyd olunan ünvana gələrək, vətəndaş Nümayəndə2lə fərdi söhbətlər apardı, görülən işlər dayandırıldı və gələcəkdə əlavə işlərin görülməməsi məqsədilə həmin şəxsə yazılı xəbərdarlıq təqdim edildi. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işləri apardığına görə Cavabdeh1 AR CM 222-2-ci maddəsinin tələbi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilmişdir. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının qarovul rəisi X3, mühafizəçilər X4 və X8 iştirakı ilə tərtib edilən aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 16:20-də 13-14 saylı postların ərazisində ((Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi. Döngə 11) Binəqədi-Bakı DS200-mm-lik yerüstü neft kəmərinin 3.7-ci km-də, 39T 0398937; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 20 metr aralı məsafədə, Cavabdeh2 aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olmayan 10 metr enində, 10 metr uzunluğunda və 10 metr hündürlüyündə, köhnədən natamam inşa edilmiş evin arxa hissəsində natamam hasarın üzərində yeni 5 metr uzunluğunda, 2,2 metr hündürlüyündə hörgü işlərinin aparılması aşkar edildi. Ev sahibi sözügedən ünvanda olmadığından hüquqi prosesləri həyata keçirmək mümkün olmadı və s. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-04627xx/xx-2022 saylı müqavilədən görünür ki, qaz paylayıcısı Azəriqaz İB istehlakçı Cavabdeh1 keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödəyir. Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2145 saylı sərəncamının surətindən görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X9 və X12 razılıq ərizələri əsasında birincinin istifadəsinə ayrılmış cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin sahiblik və torpaqdan istifadə hüquqları Bakı şəhər sakini X12 adına keçirilməsi qərara alınmışdır. X15 tərəfindən Cavabdeh1 verilən xx.xx.2021-ci il tarixli, ƏN-İ № 864850 saylı etibarnamədən görünür ki, sonuncuya xx.xx.2023-cü il tarixinə kimi sonuncuya qaz, su və işıq xətlərinin çəkilməsi, sayğacın quraşdırılması və dəyişdirilməsi, smart kartın alınması və s. hərəkətlərin edilməsi üçün etibarnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 10/5219 ekspert rəyindən görünür ki, Bakı Binəqədi DŞ 200 mm-lik yerüstü neft kəmərindən baxış zamanı təqdim olunmuş hasara qədər məsafənin 8,4 metr, fərdi yaşayış evinə qədər məsafənin 20,4 metr olduğu nəzərə alınaraq, hasar tikilisinin və fərdi yaşayış evinin neft kəmərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edildi. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi məlik Aslanov döngə 11 ünvanında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş bir fərdi yaşayış evinin, inşası davam etdirilən yarım tikili fərdi yaşayış evinin və hasarın cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması; 2. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi məlik Aslanov döngə 11 ünvanında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş bir fərdi yaşayış evi, bundan əlavə inşası davam etdirilən yarım tikili fərdi yaşayış evi və hasar tikilisi faktları aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddiasını müdafiə etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tikilinin neft kəmərinin mühafiə zonasına düşdüyü müəyyən edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, ev 2004-cü ildən tikili olub. Evdə daimi olmasa da, ayrı-ayrı vaxtlarda yaşayış olub. Biləcəri qəsəbəsinin demək olar ki, 90% ərazisi mühafizə zolağına düşür. Evin dam örtüyü sadəcə təmir olunub və hasarın bir hissəsi düzəldilib. Hazırda həmin evdə yaşamaq niyyətindədirlər. Əmisinin hazırki evə heç bir aidiyyəti yoxdur. Lakin ola bilsin ki, akt tərtib edilən zamanda sadəcə orda olub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-170/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov döngə 11 ünvanında Cavabdeh1 məxsus fərdi yaşayış evinin, hasar və digər yarım tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sökülməsi tələb olunan bir fərdi yaşayış evinin, inşası davam etdirilən yarım tikili fərdi yaşayış evinin və hasar tikilisi həqiqətən Bakı-Binəqədi DŞ 200 mm-lik yürüstü neft kəmərinin mühafizə zonası daxilində yerləşir və tikili əslində Cavabdeh1 sahibliyindədir. Hətta həmin ünvanda qazdan istifadəyə dair müqavilə də, Cavabdeh1 məxsusdur. Cavabdeh2 isə cavabdehin qardaşıdır. Məhkəmə qeyd etmişdir ki, Socar-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinə paralel Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov döngə 11 ünvanında, yəni kəmərin mühafizə zonasında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən özbaşına aparıldığından, bu tikililər (bir fərdi yaşayış evi, inşası davam etdirilən yarım tikili fərdi yaşayış evi və hasarın) neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından cavabdeh X10 faktiki istifadə və sahibliyində olan qanunsuz tikililər (bir fərdi yaşayış evi, inşası davam etdirilən yarım tikili fərdi yaşayış evi və hasar) X10 hesabına sökülərək ərazidən çıxarılmalıdır, digər cavabdehə yönələn tələb isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 22.5, 55, 66.1, 66.2, 67.1, 111-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1, 1.2, 1.3, 4.1, 6.1, 6.2-ci bəndinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-170/2025 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik yerüstü neft kəmərinin mühafizə zonası daxilində Binəqədi rayonu Biləcəri qəsəbəsi, Məlik Aslanov döngə 11 ünvanında Cavabdeh1 tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və digər yarım tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla onun mülkiyyət hüququnun, xüsusilə əmlaka sahiblik və istifadə etmək hüquqlarının pozulmasına yönəlmişdir. Məhkəmə halhazırda yaşadığı fərdi yaşayış evinin özbaşına tikili hesab edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki tikinti apardığı torpaq sahəsi 2007-ci ildə Binəqədi qəsəbə Bəlidiyyəsinin xx.xx.2046-cı il tarixli 1214 nömrəli “Torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” qərarı əsasında verilmişdir. Həmin qərar bu günə kimi heç bir fiziki və ya hüquqi şəxs, dövlət orqanı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən həmin qərara hüquqi qiymət verməmiş, onun qüvvədə olmaması və ya etibarsız sənəd sayılması ilə bağlı cavabdehin heç bir iddiası olmamışdır. Göründüyü kimi, qanuni əsaslarla ayrılmış torpaq sahəsində etibarnamə əsasında hərəkət edərək evini tikib. 20 ildən artıqdır ki, ailə üzvü ilə birlikdə həmin evdə yaşayırlar. Heç vaxt heç kim onun torpaq sahəsində tikdiyi evə iddiası olmamışdır. O, digər şəxslərin hüquq və mənafeyini pozmadan, onların həyatına və sağlamlığına təhlükə yaratmadan uzun illər ərzində həmin əmlakına açıq, fasiləsiz, vicdanla sahiblik etmişdir. Yerli bələdiyyəyə indiyə kimi əmlak və torpaq vergisi ödəyib, evində bütün kommunal xidmətlərlə, su, qaz və elektrik enerjisi təchizatı ilə təmin olunmuşdur. Bununla bağlı arayışları məhkəməyə təqdim edib. Lakin məhkəmə həmin sənədləri nəzərə almamışdır. Əlavə olaraq diqqətə çatdırır ki, onun evi neft kəməri ilə birbaşa sərhəddə deyil. Kəmərlə onun arasında xeyli sayda başqa vətəndaşlara məxsus evlər və tikililər var. Necə olur ki, onlara toxunulmadan onun evi sökülməlidir?! Həmin evi min bir zəhmətlə tikib, tikinti isə dövlət idarələri tərəfindən heç bir etiraz edilməmiş, 20 ilə yaxındır ki, ailəsi ilə birlikdə yaşayır. Həmin ev onun və ailəsinin yeganə yaşayış yeridir. Məhkəmə evinin guya qanunsuz tikili olduğunu əsas gətirməklə onun sökülməsini qərara alanda onun mənafeyini, gözlənilən mülkiyyət hüququnu nəzərə almamış, nəticə olaraq onun və ailəsinin yeganə yaşayış yerindən məhrum etməyə yönələn qanunsuz qətnamə qəbul etmişdir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Belə ki, Konstitusiya mülkiyyət hüququnu toxunulmaz elan etməklə yanaşı, bu hüququn ümumi və xüsusi məhdudiyyətlərinin hədlərini müəyyən etmişdir. Bu hədlərə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Hesab edir ki, qeyd olunan mülki hüquq norması iş üzrə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddədə göstərilir ki, “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.” Ona məxsus fərdi yaşayış evi də ona bələdiyyə tərəfindən tikinti məqsədi üçün ayrılmış torpaq sahəsində inşa edilmişdir. Bu normanın məzmununa uyğun özbaşına, qanunsuz tikili hesab edilə bilməz. Tikinti icazəsinin lazımi qaydada əldə edilməməsi və ya tikinti qaydalarının pozulması əgər belə hal baş verərsə həmin tikilinin sökülməsi üçün yeganə və yetərli səbəb olmamalıdır. Məhkəmə tərəfindən tikilinin qanuni statusunun müəyyənləşdirilməli idi. Digər tərəfdən, tikilinin sökülməsi üçün önəmli səbəblər qismində tikintinin başqasına məxsus torpaqda aparılması, digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərinin pozulması, fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradılması və ekoloji mühitin pozulması ola bilər. Sadalanan halların heç biri onun tikiliyə münasibətdə aşkar edilməmişdir. Torpaq sahəsi bələdiyyə qərarı əsasında onun mülkiyyətində olduğu üçün onun üzərində inşa etdiyi tikililəri də gələcəkdə onun adına rəsmiləşdirmə proseduru daha asanlıqla həyata keçirilə bilər. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, qanunvericilikdə mühafizə zonasında müəyyən edilən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin hüquqlarını təminat altına alır, onların hüquqlarından məhrum edilməməli olduğunu təsbit edir. Bunun əksinə məhkəmə ona məxsus faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinin sökülməsini qərara almışdır. Həmin Məcəllənin 55-ci maddəsində isə birbaşa olaraq göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Müvafiq bələdiyyə qərarı da onun barəsində vaxtilə verilmişdir. Məhkəmə qətnaməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçı məhkəməyə yalan məlumatlar təqdim etmiş, çəkişmə prinsipi təmin edilməmiş, ən əsası iştirakı olmadan barəsində qanunsuz qətnamə çıxırılmışdır. Bununla da ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. O, heç kimin torpağını zəbt etməmişdir. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertiza ona məlumat verilmədən iştirakı olmadan keçirilmişdir. Ekspertizada iddiaçının nümayəndəsi birbaşa olaraq iştirak etmiş. Vizual baxış zamanı torpaq sahəsinə dair sənəd təqdim edilmədiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olduğu bildirilmişdir. Halbuki, MPM-nin 99-cu maddəsinə əsasən ekspertiza çəkişmə prinsipinə və bu məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Ancaq məhkəmə göstərilən maddənin tələblərini pozmuş işin hərtərəfli tədqiqinə lazımi şərait yaratmamış, iştirakı təmin edilməmişdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Birinci instansiya məhkəməsi tərəfindən işın həqiqi halları aşkara çıxarılmamış, hakim iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. İşin həqiqi hallarına əhəmiyyət verilməmişdir. Bütün bunları işə baxan məhkəmə nəzərə almamışdır. Təqdim etdiyi sübutlara hüquqi qiymət verilmədən əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 elektron məhkəmə-informasiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayətinə etiraz edir və Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)-170/2025 nömrəli qətnaməsinin qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları: Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bənd 6.4. Boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Bənd 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirilsə də, qətnamənin əsaslığı faktiki mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatı - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 10/5219 ekspert rəyi ilə ilə müəyyən edilmişdir ki, baxış zamanı Bakı Binəqədi DŞ 200 mm-lik yerüstü neft kəmərindən təqdim olunmuş hasara qədər məsafənin 8,4 metr, fərdi yaşayış evinə qədər məsafənin 20,4 metr olduğu nəzərə alınaraq, hasar tikilisi və fərdi yaşayış evi neft kəmərinin 50 metrlik mühafizə zolağına düşür. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Cavabdeh tərəfindən məhkəməyə, qeyd edilən torpaq sahəsində tikinti və quraşdırma işlərinin aparılmasına iddiaçı tərəfindən rəsmi razılığın verilməsinə dair hər hansı sənədlər təqdim edilməmişdir. Bundan başqa, X12 adına tərtib olunan Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007ci il tarixli sərəncamında qeyd edilmişdir ki, ayrılmış ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılmış tikintinin eskizi və layihəsi nəzərə alınmalıdır. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh aidiyyəti inzibati orqanlardan lazımi icazələr almadan, sökülməsi tələb edilən tikililərin neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmadan, hətta neft kəmərini vizual müşahidə edərək tikinti işləri aparmaqla hüquq qaydalarına uyğun davranmamışdır. Cavabdeh mövcud şərtlər daxilində tikililərə və inşaata vəsait sərf etməklə bunun riskini əvvəlcədən öz üzərinə götürmüşdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Bundan başqa, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001).” Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Yuxarıda istinad olunan Torpaq Məcəlləsinin 22.2-ci maddəsində də göstərilmişdir ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılmasına məqsədlərdən biri əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Həmçinin qeyd olunmalıdır ki, neft kəmərin mühafizə zonasında yerləşən digər tikililərin qanunsuz olaraq inşa olub-olmaması hazırki məhkəmə baxışının predmeti deyildir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir. Mübahisə predmeti olan tikililər dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin torpaq sahəsinin üzərindəki tikililər Neft Kəmərləri İdarəsinin istismarında olan Bakı Binəqədi DŞ 200 mm-lik yerüstü neft kəmərindən 8,4 və 20,4 metr məsafədə yerləşdiyinə görə bütövlükdə neft kəmərinin mühafizə zonasına düşmüşdür. Hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulduğundan cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə edilməsi üçün qanuni əsasın mövcudluğu aşkardır. Bu müdaxilənin əsasını da hansısa şəxsi maraqlar deyil, ictimai maraqlar təşkil etməkdədir. Belə ki, qeyd edildiyi kimi Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan və mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Artıq bu halda mübahisəli özbaşına tikilinin sökülməsi cavabdehin fərdi maraqlarına ziddi deyil, əksinə onun özünün də təhlükəsizliyinin qorunmasını özündə ehtiva edir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-170/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4922/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4922/2025
16.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver