Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-493/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(006)-1488/2020 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 28.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 15438 manat 47 qəpik əsas borc, 7489 manat 83 qəpik faiz borcu, 81 manat 85 qəpik cərimə, ümumilikdə 23010 manat 15 qəpik məbləğində borc, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən, 13,5 kv.m ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun həmin qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi; həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi; Cavabdeh1 ilə bank arasında bağlanmış 28.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəməyə göndərildikdən sonra bank rebrendinq həyata keçirmiş və "xxxx" ASC adlanmağa başlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(006)- 1488/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 15438 manat 47 qəpik əsas borc, 5965 manat 50 qəpik faiz borcu, 81 manat 85 qəpik cərimə, cəmi 21485 manat 82 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən, 13,5 m2 ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və əmlakın boşaldılması qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, borclu bankdan 20000 manat məbləğində kredit götürmüş, çox az ödənişlər həyata keçirmişdir. Maliyyə arayışına əsasən faiz borcu 7489,83 manat olduğu halda, məhkəmə ekspert rəyinə istinad edərək faiz borcunu 5965,50 manat müəyyən etmişdir. Buna görə də iddiaçı bank məhkəmədən iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ekspert tərəfindən borc düzgün hesablanmamış, ipoteka predmeti dəyərindən çox aşağı qiymətləndirilmişdir. Buna görə də iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətlərinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti qismən – faiz borcuna aid hissədə təmin edilməli, qətnamə faiz borcu hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki işin materiallarından görünür ki, bank ilə borclu Cavabdeh1 arasında bağlanmış 28.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə ödəmək şərtilə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq, ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən, 13,5 m2 ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 20 aprel 2020-ci il tarixli 9/482 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli 6-G-1-0-2120-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 16 dekabr 2019-cu il tarixinə iddiaçıya olan əsas borcu 15438,47 manat, faiz borcu 5965,50 manat təşkil edir. Apellyasiya icraatı zamanı təkrar və əlavə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 17 noyabr 2020-ci il tarixli 9/4523 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli 6-G-1-0- 2120-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 16.12.2019-cu il tarixinə iddiaçıya olan əsas borcu 15438,47 manat, faiz borcu 5965,50 manat təşkil edir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli 9/2545 saylı rəyindən görünür ki, Cavabdeh1 14 noyabr 2019-cu il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 15438,47 manat, faiz borcu 5922,43 manatdır. 06 dekabr 2019-cu il tarixdə 300 manat ödəniş olmuşdur. Buna görə də Cavabdeh1 son ödəmə tarixinə, yəni 06 dekabr 2019-cu il tarixə əsas borcu 15438,47 manat, faiz borcu 5858,29 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilən qiymətləndirici rəyinə görə Cavabdeh2 məxsus olan Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində yerləşən, 13,5 m2 ümumi sahədən ibarət 67 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 50000 manat müəyyən edilmişdir. Hər iki tərəfin apellyasiya şikayətlərinin məzmunundan görünür ki, iddiaçı tərəf faiz borcunun az hesablanmasını, cavabdeh tərəf isə ümumiyyətlə borcun məbləğinin düzgün müəyyən edilmədiyini bildirmişdir. İlk, əlavə və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəylərindən görünür ki, əsas borcun məbləği qətnamə ilə müəyyən olunmuş 15438,47 manat məbləğindədir. Maliyyə arayışının verildiyi 14 noyabr 2019-cu il tarixinə isə faiz borcunun məbləği 5922,43 manat təşkil edir. Buna görə də kollegiya hesab edir ki, faiz borcunun məbləği 5922,43 manat müəyyən edilməli, 06 dekabr 2019-cu il tarixdə həyata keçirilən 300 manat ödəniş isə qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır. İpoteka predmeti olan daşınmaz əmlakın dəyərindən aşağı qiymətləndirilməsi barədə cavabdehlərin apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 54000 manat, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən tərtib olunmuş rəyə görə isə 50000 manat müəyyən edilmişdir. İpoteka predmetinin qətnamə ilə müəyyən olunmuş ilkin satış qiyməti iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və ipoteka predmetinin ilkin satış qiymətinin aşağı salınması qətnamənin apellyatorun ziyanına dəyişdirilməsi kimi qiymətləndirildiyindən, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilməməlidir. Cavabdehlər ipoteka predmetinin ilkin satış qiymətinin dəyərindən aşağı qiymətlə müəyyən olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(006)- 1488/2020 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 5922,43 manat, ümumi borcun məbləği 21442,75 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının xərci qismində 250 manat pulun 125 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 125 manat hissəsi isə müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-493/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-493/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver