Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-493/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(011)-2713/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri Abşeron rayonu Koroğlu küçəsində yerləşən ona məxsus fərdi evə (Abonentin kodu: **********00220) hesablanmış 583,20 manat borcun Cavabdeh tərəfindən silinməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Abşeron rayonu Koroğlu küçəsində fərdi tikilmiş iddiaçıya məxsus sənədsiz evdə iddiaçı 20.06.2020-ci il tarixdən yaşayır. Qaz İdarəsinin əməkdaşları Zaur Qasımov və Məhəbbət Mahmudov adlı şəxs tərəfindən iddiaçının xəbəri olmadan həmin evdəki sayğaca baxış keçirmişlər və guya ki sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmişdir. İddiaçı Müdafiə nazirliyinin hərbi qulluqçusu kapitan hərbi rütbəsində zabitdir. 28.02.2020-ci il tarixdə dəymiş ziyanın tələbinə dair tələbnamə aktı tutulan zaman həmin evdə yaşayış olmayıb. Həmin vaxt iddiaçı Beyləqanda yerləşən N nömrəli hərbi hissədə xidmət etmişdir. Bu iddiaçının bütün sənədlərində və qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi qazın alqı-satqı müqaviləsindəki tarixdə öz əksini tapmışdır. İddiaçının Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı məktub nə araşdırılmış, nə də ki iddiaçıya rəsmi cavab verilmişdir. İddiaçı borcun araşdırılması barədə cavab məktubu istədiyi zaman ona bildirilib ki, dəymiş ziyan onun tərəfinizdən ödənilməlidir. Bu onu göstərir ki, iddiaçının Bakı Regional Qazın Satışı Departamentinə ünvanladığı məktub araşdırılmadan öz xeyrlərinə qanunsuz akt tərtib edərək 583,20 manat dəymiş ziyanın ödənilməsi üçün qərar qəbul etmişlər. Bu hərəkət onların ikinci qanunsuz əməllərini özündə əks etdirir. Onlar iddiaçının yazdığı məktubu həqiqətən araşdırsaydılar görərdilər ki, ən azından dəymiş ziyanın tələbinə dair tələbnamə aktına əlavə olunan evin fotoşəkili iddiaçının evinin aid deyil. Bu da onu göstərir ki, Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komisiyyasının sədri Natiq Qənbərov və Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abbasov saxta və araşdırılmamış sənədlərə qol çəkmişlər. İddiaçı borcun silinməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasına köməklik göstərilməsini xahiş edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(011)-2713/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə tarixini özündə əks etdirən fotoşəkil məhkəmə tərəfindən tədqiq edilməmişdir. Bu isə məhkəmənin mülki işə qeyri-obyektiv yanaşmağının bariz göstəricisidir. Bundan əlavə, məhkəməyə şahid qismində aktın iştirakçıları olan tərəflər dəvət edilmədən mövcud əsassız qətnamə qəbul edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh İB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan təbii X1nın pozulması barədə 30.06.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı təbii qazdan sayğacdan kənar və qeyriqanuni istifadə edir. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə 28.02.2020-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı 28.02.2020-ci tarixli akta əsasən cəmi 5832 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarından olan Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı 583,20 manat cərimə yazılmışdır. İş materiallarında olan ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda köhnə qaz sayğacı çıxarılaraq, yerində “Mexanika G-4” tipli sayğac quraşdırılmışdır. İş materiallarında olan 03.06.2021-ci il tarixli 264 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdehnə məxsus əsas qaz xəttinə qeyri-qanuni qoşulma və qaynaq izləri aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində öz əksini tapmamışdır. İddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qazdan istifadə üçün əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 583,20 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, aktın iştirakçılarını şahid qismində məhkəməyə dəvət edilməməsi etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olan cavabdehə aid olmuş, lakin o, iddianın rədd edilməsinə əsas hesab etdiyi həmin sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qeyri-qanuni qoşulmanın müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli 10/6310 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və iddiaçının abonenti olduğu ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halına yol verilmədiyi nəticəsinə gəlir. Bundan başqa, Cavabdeh İB sübut qismində onun əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçının qaz xəttinə qeyri-qanuni qoşulması və həmin xəttin ləğv edilməsinə dair aktlara istinad etmişdir. Lakin həmin aktlardan görünür ki, onların tərtib edilməsi zamanı abonentin iştirakı təmin olunmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış 05.06.2020-ci il tarixli «Qazın alqı-satqı müqaviləsi»ndə istehlakçının qaz qurğusu haqqında heç bir məlumat olmadığı halda, qaz xəttinə qanunsuz qoşulma ilə bağlı ziyan hesablanarkən abonentin istifadəsində bir ədəd PQ-4, bir ədəd QSSQ, bir ədəd dəmir soba və bir ədəd şam olmaqla, cəmi 4 ədəd qaz cihazının olması nəzərə alınmışdır. İddiaçıya məxsus ünvanda qeyd edilən qaz cihazlarının olması isə işin halları ilə təsdiq olunmur. “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmuş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması təsdiq edilmədiyindən, bununla da cavabdeh tərəfindən iddiaçıya bu əsasla 583,20 manat borc hesablaması qanunsuz olduğundan, borcun hesablanması istehlak olunmamış qazın dəyərinin tələb olunması xarakteri daşıdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iddianın qiyməti 5000 manatdan az olduğundan, MPM-in 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(011)-2713/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-493/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-493/2022
27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver