Məhkəmə qərarları › İş №2(103)-4941/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4941/2021

20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4941/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ondan tələb olunan və itirilmiş qazın dəyəri kimi əsassız hesablanmış 802,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə bağladığı müqavilə əsasında yaşadığı ünvana 2013-cü ildə “Smartkart” tiplu qaz saycağı qoyulmuş, həmin vaxtdan sayğacdan istifadə etmiş, evdə yalnız özu və arvadı yaşamış, hər ay mövsümlə əlaqədar olaraq müxtəlif məbləğlərdə qaz pulu ödəmişdir. Təxminən 2020-ci ilin iyul ayında qaz idarəsin tərəfindən qaz sayğacı mexaniki sayğacla əvəz edilmiş, çıxarılan sayğacda hər hansı qüsur olmasa da, qaz idarəsinin əməkdaşları tərəfindən akt tərtib olunaraq sayğacın guya istismar müddətinin bitməsi səbəbi ilə yeni sayğacla əvəzləndiyi göstərilmişdir. Bundan sonra ona bildiriş gəlmiş və 802,40 manat borc tələb edilmişdir – halbuki, sayğaca heç bir müdaxilə etməmiş, evdən kənarda (küçədə) yerləşən sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı quraşdırıldığı yerdən çıxarılmış, çıxarılan sayğac dövlət yoxlamasına göndərilmiş, sayğacın klapanının işlək olmadığı müəyyən edilmiş, itirilmiş qazın dəyəri hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə hüquqi qiymət verməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə iddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğac 24 iyul 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənərək çıxarılan sayğac Dövlət yoxlamasına göndərilmiş, "Cavabdeh” İB-nin 12 noyabr 2020-ci il tarixli MSK-29/1710-02519-1 saylı aktında “1302AQ**********6 nömrəli sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrdə kooroziya və göstərişlər arasında fərqin mövcud olması” göstərilərək iddiaçıya 802,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus mənzilin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac mənzildən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, mənzildən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının mənzildən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-406/2021 saylı iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar