Məhkəmə qərarları › İş №2(103)-4946/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4946/2022

25.07.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4946/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi şərtlərinin pozulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-97/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Sun Food” MMC-yə qarşı "əmrin ləğvi, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq işlədiyi iş saatları, bayram günləri, məzuniyyət günlərinə görə əlavə əmək haqqı hesablanması, irəli sürdüyü iddialarına görə maddi təzminat ödənilməsi və haqqında tətbiq olunan, "Əmək Məcəlləsi"nin 70-ci maddəsinin "Ç" bəndinin icrasının dayandırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "Sun Food” MMCişəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli əmək müqavilə ilə işçi əsas iş yerinə satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir (1.2-ci bənd). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir (2.2-ci bənd). İşçi 24 yanvar 2019-cu il tarixdən işə başlayır (2.4-cü bənd). İşçiyə hər ay 247 (iki yüz qırx yeddi) manat məbləğdə əmək haqqı ödənilir (4.2-ci bənd); -"Sun Food” MMC-nin direktoru X5 cəmiyyətin Süd Satışı Departamentində satış üzrə ekspeditor vəzifəsində çalışan İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatına əsasən "ailəsində həyat yoldaşının və oğlunun müalicəsi ilə əlaqədar pula ehtiyacı olmuşdur. Bu məsələ ilə əlaqədar müdiri Seymur Şahinə müraciət etmiş, ondan yardım istəmiş, Seymur bəy "imkan yoxdur” demişdir. O, hərkəsin müqəddəs saydığı ailə dəyərlərinin xilası naminə üzərində olan süd satışının 7500 manat məbləği istifadə etməyə məcbur olmuş və sonra zəng vurub bu halı məruzə etmişdir. Azərsun Holding şirkətinin xeyirxah imicinə güvənmiş və ümid etmişdir ki, onu anlayışla qarşılayıb möhlət verəcək, bu məbləği qəpiyinəcən ödəyəcəkdir”; -xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov RPİ- nin 17-ci PŞ-nin baş təhqiqatçısı Nurlan Nurlunun qərarından görünür ki, "araşdırma zamanı izahatı alınmış İddiaçı törətdiyi əməli səmimi etiraf etməsini və hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığını lakin gələcəkdə götürdüyü öhdəlik üzrə ödəniş edəcəyini bildirmişdir; -"Sun Food” MMC-nin direktoru X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən o, İddiaçı yazıb bildirmişdir ki, şirkətdən mənimsədiyi 8500 manatın 1200 manatını geri qaytarmışdır. Qalan maddi ziyanın 7300 manatının hesablanacaq son haqq hesab məbləğinin tamamından tutulmasına etiraz etmir. Ərizəni imzası ilə təsdiq edir; -"Sun Food” MMC-nin xx.xx.2020-ci il tarixli, 1227/K saylı əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2020-ci il tarixdə xitam verilmişdir; -xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən İddiaçı aid ******* seriyalı əmək kitabçası həmin tarixdə təhvil verilmişdir; -"Sun Food” MMC-nin xx.xx.2020-ci il tarixli, 1227/1 K saylı əmrinə əsasən Cəmiyyətin Süd Satışı Departamentində Satış üzrə ekspeditor vəzifəsində çalışmış İddiaçı xx.xx.2020-ci il tarixində şirkətə məxsus pulu mənimsəməsi nəticəsində şirkətə dəymiş maddi ziyan məbləğinin tutulması ilə bağlı əmr imzalamışdır; - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-698/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı 6193,17 manat və 30 manat dövlət rüsumu, cəmi 6228.17 tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2 (005)-97/2022 saylı iş üzrə qəbul etdiyi 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Sun Food” MMC-yə qarşı "əmək müqaviləsi şərtlərinin pozulması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, 381.1, "Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci mdaddələrinə istinadən qeyd edilmişdir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir, xx.xx.2020-ci il tarixdə İddiaçı ******* seriyalı əmək kitabçası təhvil verilmişdir. Bu da sübut edir ki, iddiaçı həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlı olmuşdur. Hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 95, 99, 165, 288, 292, 296; Mülki Prosessual Məcəllənin 77.1, 81, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əmək müqaviləsinə əsasən (iş və istirahət vaxtı bəndi) gündəlik iş vaxtının uzunluğu 8-00 saat, həftəlik isə 40 saatdan çox olmayaraq müəyyən edilmişdir. Həftənin 5-günü İ-V günlər üçün iş saatı 8-00dan 16-00-dək , şənbə günü isə 8-00-dan 13-00-a qədər müəyyən edilmişdir. Lakin o, əmək müqaviləsində göstərilən iş saatlarından artıq işləmiş və bu barədə məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müəssisəyə giriş-çıxış barədə aparılan qeydiyyatdan da bu çox aydın görünür. İşçinin iş vaxtından artıq vaxt ərzində gördüyü işə görə əmək haqqının ödənilməsi mövcud əmək qanunvericiliyi ilə tənzimlənir ki, bu tip işlər üçün (fərdi əmək mübahisələrinin həlli zamanı İddia müddətləri) 1 il iddia müddəti müəyyən edilmişdir. Lakin işə baxan məhkəmə qəbul etdiyi qətnamədə digər iki tələblə (işəgötürən tərəfindən onun işdən azad edilməyi və əmək məzuniyyəti) bağlı araşdırma aparmış, lakin sübutların mövcudluğuna baxmayaraq, onun iş vaxtından artıq vaxtda gördüyü işlərə görə işəgötürən tərəfindən ona əmək haqqının ödənilməsi ilə bağlı məsuliyyətinə qiymət verməmiş, ümumiyyətlə bu barədə qəbul edilmiş məhkəmə qətnaməsinin təsviri hissəsidə də bu və ya digər fikirə rast gəlinmir, sadəcə olaraq məhkəmə tələblərə məcmu halında qiymət verərək iddianı təmin etməmişdir. Onunla işəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin gündəlik 8 saatdan, həftəlik isə 40 saatdan çox olmayaraq işləməsi müəyyən edilmişdir. Lakin işəgötürən qeyd edilən əmək müqaviləsinin şərtlərini pozmuş və o həftədə nəinki 40 saat, hətta bəzən 60-65 saat işləmişdir. Onun iş vaxtından artıq işlərə cəlb edilməyi hər hansı bir əmr və ya sərəncamla rəsmiləşdirilməmiş, onun razılığı alınmamışdır. Ona iş vaxtından artıq vaxtda gördüyü işlər üçün əmək haqqı ödənilməmişdir. İşə baxan Nərimanov rayon Məhkəməsinin onun iddia tələbinin “iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı məhz bu maddəyə istinad etməsi düzgün olmamışdır. Çünki həmin maddənin “4” hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər(məhkəmə qətnaməsində isə 1 ay göstərilməklə iddia müddəti tətbiq edilmişdir).İşə baxan birinci instansiya məhkəməsi bu maddədə göstərilən predmetlərdən yalnız birinə-əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsinə istinad etmişdir, lakin həmin maddədə nəzərdə tutulmuş digər predmetə- “əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi”nə (onun iddia tələbinin əsasını təşkil edən hissəyə) hüquqi qiymət verməmişdir. İşə baxan Nərimanov rayon Məhkəməsi məhkəmənin sorğusu əsasında işəgötürən-Cavabdeh MMC -nin təqdim etdiyi işçilərin işə davamiyyəti (müəssisəyə girişçıxış barədə cədvəl) haqında məlumatları ümumiyyətlə aydınlaşdırılmamış, onun müəssisəyə saat neçədə daxil olmağını və iş yerini hansı vaxtda tərk etməyi barədə aparılmış qeydlərlə bağlı hər hansı bir araşdırma aparmamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. İşə baxan Nərimanov rayon Məhkəməsi ümumiyyətlə əlavə araşdırma aparmağa lüzum bilməyərək, həttə bu iş üzrə verilmiş vəsatət əsasında məhkəməyə dəvət olunması xahiş edilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏM-nin Bakı şəhər idarəsinin nümyəndəsinin işdə iştirak etməsini təmin etmədən, sadəcə olaraq cavabdehin təqdim etdiyi iddia müddətini tətbiqi barədə ərizəsini hər vasitə ilə əsaslandırmağa çalışmış və bütün bunlara rəğmən AR MM-nin 373-cü maddəsinə istinad etmişdir. Halbuki hazır ki, iş üzrə onun iş vaxtından artıq vaxt ərzində işə cəlb edilməyinə görə əmək haqqının ödənilməsi barədə tələbi ilə bağlı qanunvericiliklə 1 il iddia müddəti müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək,işlədiyi 2 il müddətinin əvvəlindən iş saatlarından 5-6 saat artıq işlədiyini, buna baxmayaraq ona əlavə əmək haqqı verilmədiyini və özünün də tələb etmədiyini, öz hüquqlarının pozulduğunu işdən azad edildikdən sonra bildiyini, işlədiyi dövrdə iş saatından artıq əməyə cəlb olunması ilə bağlı Əmək Müfəttişliyinə müraciət etmədiyini, belə bir hüququnun olması barədə məlumatının olmadığını, işdən azad edilərkən əmək müqaviləsini gördükdən sonra iş saatının 8 saat olduğunu bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, məhkəmənin işdən azadolunma və məzuniyyətlə bağlı gəldiyi nəticə ilə bağlı razılaşdıqlarını, lakin iş saatından artıq müddətdə gördüyü işlərə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirilmədiyindən məhkəmə qərarı ilə razılaşmadıqlarını, bu hissədə iddia müddətinin ötürülmədiyini, şəxsin hüquqlarının pozulduğu anın onun işdən azad olunma barədə əmrin verilməsindən hesablanmalı olduğunu, əmək müqaviləsində iş saatının 8 saat olduğunu, işçinin artıq işə cəlb olunduğu halda bunun qanunvericiliyə əsasən rəsmiləşdirilməli olduğunu,lakin belə bir əmrin olmadığını, əlavə əmək haqqı verilmədiyini bildirmiş, apellyasiya şikayətinə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 ekspertiza keçirilməsinə etiraz etdiklərini, işçinin iş saatından artıq müəssisədə olmasının onun iş saatından əlavə işə cəlb edilməsinə dəlalət etmədiyini, çatdıra bilmədiyi işləri icra etmək üçün iş saatından əlavə qalıb işlədiyi bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına; Mülki Məcəllənin 21, 372-384, 1096, 1097; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; Əmək Məcəllənin 10, 68-76, 296; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilməlidir ki, işçinin əmək fəaliyyətinə başlanmasını şərtləndirən əmək müqaviləsidir ki, bu müqavilə bağlanmadan (imzalanıb qeydiyyatdan keçmədən) kiminsə əmək münasibətlərinə daxil olması onun öz risk dairəsinə daxil olan məsələdir. Ona görə işçi əmək müqaviləsi bağladığı zamandan onun öz hüquqlarının bilməli olan an hesablanmalıdır. Digər tərəfdən, işçinin müəssisəyə giriş-çıxışının qeydiyyatı hələ onun iş (rejiminə müvafiq) vaxtından artıq olan fəaliyyətinə dəlalət etmir və onun kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan və qarşı tərəfin iddiaçıya yönələn tələblərinin mənzərəsində sui-istifadəyə işarə edən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə görə, ekspertiza keçirilməsi üçün əsaslar mövcud olmadığından, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-97/2022 saylı işi üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar