Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4946/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(001)-1337/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlardan və aktlara əlavə edilmiş foto şəkillərdən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən altı ay ərzində demək olar ki, hər ay iddiaçıya məxsus ünvana dair eyni məzmunlu aktlar tərtib edilmiş, aktlara eyni görünüşlü foto şəkillər əlavə edilmiş və hər dəfə sayğacdan kənar xəttin ləğv edilməsi aktlaşdırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 4-də yaşayan X3 xx.xx.2023cü il tarixdə 43-cü PB-yə ərizə ilə müraciət edərək Kənan adlı şəxs ona qaşı dələduzluq edərək sayğac qoydurmaq adı ilə ondan ümumilikdə 800 manat almış lakin verdiyi sözə əməl etməyərək sayğac qoşdurmamışır. Həmin şəxslə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı X7 izahatında bildirmişdir ki, təxminən 6-7 ay bundan qabaq Orxan adlı şəxs yaşadığı evə sayğac quraşdırması üçün ona müraciət etmiş və onunla 800 manat müqabilində razılaşmışdır. Orxan Kənanın kart hesabına 800 manat pulu köçürtmüşdür. Lakin bəzi səbəblərə görə həmin söz verdiyi qaz sayğacını quraşdıra bilməmişdir. Təhqiqat araşdırması zamanı əmlak mülkiyyətçisinə ümumilikdə 800 manat dəyərində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Binəqədi RPl-nin 43-cü PB-nin tehqiqatçısı tərəfindən X2 müraciəti əsasında toplanmış HK-1/2631 saylı material araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPlnin İstintaq şöbəsinə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5620/2022 saylı iş üzrə iddiaçı X4 Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair qəbul edilmiş qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Tərəflər arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin 2 saylı çağrı xidmətinin 4-cü dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə xitam verilmişdir. Hər iki əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi göstərilir. ... İddiaçı cavabdehin 30 iyun 2022-ci il tarixli, № SOCAR**********00040020A00166 saylı və 07 iyul 2022-ci il tarixli № SOCAR**********00070020B00176 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərinin ləğv edilməsi, onun Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və xx.xx.2022-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir”. Həmin qətnamə ilə Cavabdeh SOCAR**********00040020A00166 saylı İB-nin və xx.xx.2022-ci xx.xx.2022-ci il il tarixli, tarixli SOCAR**********00070020B00176 saylı əmrləri ləğv edilmiş və X7 Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilmişdir. X1 məhz Cavabdeh əməkdaşı olması iş materialları ilə öz təsdiqini tapır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5620/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Abonent kodu **********00030 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə (*həmin abonent kodu üzrə birinci akt yazılandan 10 ay sonra) Zenner G4T Smart tipli sayğac quraşdırılmış və abonentə “qalıq və aktlar” üzrə 2022-ci ilin sentyabr ayından (*halbuki cavabdehin özünün məhkəməyə təqdim etidiyi aktlardan birincisi xx.xx.2022-ci il tarixə aiddir) 4544,40 manat borc hesablanmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi (DYP-nin alt hissəsi), 4-cü məhəllə adlanan ünvanda yerləşən iddiaçıya məxsus evin qaz sayğacına özlərindən yalan bəhanələr uyduraraq qanunsuz akt tərtib edərək qaz sayğacına (abonent kodu: **********00030) 4544,40 manat əsassız borc hesablamışdır. Halbuki, yuxarıda qeyd olunan ünvanda həmin borc yazılan müddətlərdə ümumiyyətlə təbii qazdan istifadə edilməmişdir. Cavabdeh tərtib etdiyi aktda guya iddiaçının sayğacdan kənar xətt aparmağına istinad edir. Aktlar yazılan vaxtlarda iddiaçının heç qaz sayğacı belə olmamışdır. Əvvəllər iddiaçının qaz sayğacı olmadığı üçün həmin evdə yalnız elektrik enerjisindən istifadə ediblər. Qanunsuz cərimə borcun yazılmasından xəbər tutan kimi iddiaçı müvafiq orqanlara işin araşdırılması ilə bağlı yazılı müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-dən bu işin araşdırılması barədə iddiaçıya absurd bir cavab məktubu göndərilmişdir. Cavab məktubunda yazılanlar ağ yalandan başqa bir şey deyil. Ona görə də həmin qanunsuz və əsasız yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(001)- 1337/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, İV məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00030) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4384,50 (dörd min üç yüz səksən dörd manat əlli qəpik) manat hissəsinin silinməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, 63,84 (altmış üç manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsaitin Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən hər ay akt yazılan müddətdə hüquq-mühafizə orqanlarına müraciətin olmasına dair hər hansı sübut iş materillarında mövcud deyil. Həmçinin qeyd olunmalıdır ki, sadalanan aktlarda aktlar yazılan vaxt istehlakçının abonent kodu göstərilsə də, istifadəsində olmalı olan qaz sayğacının məlumatları göstərilməmişdir. Vətəndaş həqiqətən də aktlar yazılan 6 ay ərzində hər ay yenidən qanunsuz qaz xəttini bərpa etdiyi halda Cavabdeh qeyd olunan müddət ərzində nə hüquq mühafizə orqanlarına, nə də ki, məhkəməyə müraciət etməməsi ağlabatan mühakiməyə tabe olmur. Eyni zamanda qaz sayğacının **********00030 abonent kodu üzrə “qalıq və aktlar”a ilk “borcun” yazıldığı tarixdən 13 ay keçdikdən sonra quraşdırılmasının hər hansı qanuni və ya məntiqi izahı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/2724-9/2791 saylı ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, İV məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00030) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4384,50 (*4544,40– 159,90 (=5,33x30)) manat hissəsi silinməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - təmin edilmiş hissədə ləğv edilməsi həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını hesablanmış cərimənin silinməsi təşkil etdiyi halda birinci instansiya məhkəməsinin işin faktiki halının iddiaçı tərəfindən təbii qazdan qanunsuz, sayğacdan kənar istifadə olunmasının (mübahisəsiz haldır) təsdiqini tapmasına baxmayaraq məhkəmə sayğacın işlək vəziyyətdə saxlaması və s. aidiyyəti olmayan məsələlərin tənzimlənməsinə dair maddi hüquq normasına istinad etməklə, işin faktiki hallarından kənar nəticəyə gəlmişdir, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsinin aşkar nümunəsidir. Bundan başqa məhkəmə iclasında iştirak edən iddiaçı izahatında məhkəməyə bildirmişdir ki, “....Lakin həmin müddətdə elə Cavabdeh İB-nın əməkdaşları özləri qaz verilərək, borularda sızma və ya başqa xətanın olub-olmamasını rezin boru vasitəsilə yoxlamışlar”. Belə olan halda, birinci instansiya məhkəməsi iddiaçıya məxsus evdə yaşayan qohumu-xalası oğlu O.Ə.İbrahimlinin rezin borunun qoşulu qalması faktını nəzərə alaraq sonuncunun hansı müddətə (gün, ay, il) təbii qazdan qeyri-qanuni istifadə etməsini araşdırmamışdır. Bu halın araşdırılmaması mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməli və belə olan təqdirdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin nə dərəcədə səhv olduğunun göstəricisidir. Bununla yanaşı iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bu faktdır ki, iddiaçı sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Belə ki, iddiaçının qeyd olunan ünvanda yaşamamasına baxmayaraq, sonuncunun qohumu – xalası oğlu O.Ə.İbrahimlinin həmin ünvanda öz ailəsi ilə birgə yaşadığı halda və belə olan təqdirdə həmin ünvanda həmin vaxt təbii qazın talanmasına dair hansı qanunsuz hərəkətlərin həyata keçirildiyini görməyə-görməyə (bu faktdan xəbərin olmaması təbiidir), iddiaçı uydurma iddia ərizəsi, izahat əsasında, yəni həmin ünvanda yaşayış olmamış, həmin evdə yalnız elektrik avadanlıqlrdan istifadə edilmiş, təbii qazdan istifadə edilməmişdir və s. bu kimi uydurma cümlələrdən istifadə edərək məhkəmədə yalnış təsəvvür yaratmışdır. İş materiallarından, eləcə də iddiaçının və onun yaxın quhumu (faktiki olaraq həmin evdə yaşamış və qanunsuz olaraq təbii qazdan istifadə etmiş), 3-cü şəxs kimi mülki işə cəlb edilmiş O.Ə.İbrahimlinin qeyriqanuni təbii qazı talaması faktına, digər tərəfdən iş materiallarında adı keçən X5 800 manat məbləğində pulun məhz fərdi yaşayış evinə sayğacın quraşdırılması məqsədi ilə (xəttin çəkilməsi məqsədi ilə yox) verilməsi, sonuncu məsələ ilə bağlı etiraf etmələrinə baxmayaraq, bu məsələyə birinci instansiya məhkəməsi düzgün yanaşmamış, səhv nəticəyə gəlməsi ilə nəticələnmiş və bunun yekunu olaraq da səhv və eyni zamanda əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - təmin edilmiş hissədə ləğv edilməsi həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin – təmin edilən hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı haqqında” qanun: Maddə 13 (8-ci bənd). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə paylayıcısı vurulmuş zərərin ödənilməsini müəyyən edildikdə istehlakçıdan qaz tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları: 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan aktlarda aktlar yazılan vaxt istehlakçının abonent kodu göstərilsə də, istifadəsində olmalı olan qaz sayğacının məlumatları göstərilməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2724-9/2791 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdehnə 1 gün üçün vurulmuş ziyan 5,33 manat təşkil edir. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, aktlar uzun müddət ərzində hər ay yenidən qanunsuz qaz xəttini bərpa edildiyi halda Cavabdeh qeyd olunan müddət ərzində hüquq mühafizə orqanlarına eləcə də məhkəməyə müraciət etməməsi qanunun tələblərinə zidd olmaqla bu hərəkətsizlik ağlabatan mühakiməyə tabe olmur. Eyni zamanda cavabdeh tərəf qaz sayğacının **********00030 abonent kodu üzrə “qalıq və aktlar”a ilk “borcun” yazıldığı tarixdən uzun müddət keçdikdən sonra quraşdırılmasının hər hansı qanuni və ya məntiqi olması barədə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/2724-9/2791 saylı ekspert rəyini əsas götürərək düzgün olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4384,50 (*4544,40– 159,90 ( = 5,33x30)) manat hissəsi silinməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlili kimi iş materiallarından, eləcə də iddiaçının və onun yaxın qohumu (faktiki olaraq həmin evdə yaşamış və qanunsuz olaraq təbii qazdan istifadə etmiş), 3-cü şəxs kimi mülki işə cəlb edilmiş O.Ə.İbrahimlinin qeyri-qanuni təbii qazı talaması faktına, digər tərəfdən iş materiallarında adı keçən X5 800 manat məbləğində pulun məhz fərdi yaşayış evinə sayğacın quraşdırılması məqsədi ilə (xəttin çəkilməsi məqsədi ilə yox) verilməsi, sonuncu məsələ ilə bağlı etiraf etmələrinə baxmayaraq, bu məsələyə birinci instansiya məhkəməsi düzgün yanaşmaması, səhv nəticəyə gəlməsi və bunun yekunu olaraq da səhv və eyni zamanda əsassız və qanunsuz qətnamə qəbul edilməsinə istinad etməsinə məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə kollegiyası cavabdeh, iddiaçı tərəfindən qanunsuz olaraq təbii qazdan istifadə edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir. Cavabdeh apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsini bildirsə də, iddia tələbinin əsasını hesablanmış cərimənin silinməsi təşkil edir ki, birinci instansiya məhkəməsi də həmin cərimənin əsassız olub-olmamasının müəyyən edilməsi üçün qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablanması, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırması və sair normalara istinad etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2(001)- 1337/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov