Məhkəmə qərarları › İş №2(103)-4947/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4947/2020

17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4947/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, X12 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı nümayəndəsi X6, Cavabdeh oğlunun iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(005)-930/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 3 uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 510 manat aliment tutulması, cavabdehdən uşaqlarının mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilənə kimi, onun xeyrinə hər ay məcburi kirayədə qaldığına görə 300 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 3 uşağın saxlanılması üçün hər uşağa görə hər ay 154 manat, ümumilikdə 462 manat aliment tutulub. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-75.5 maddələrinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün aliment məhkəmə qaydasında tutulur. AR Milli Məclisinin qərarı ilə 1 yanvar 2020-ci ildən uşaqların saxlanılması üçün minimum dolanacaq xərc 170 manat müəyyən edilmişdir. İddiaçı özü işləmir, uşaqların üçü də məktəblidir, 1-ci, 6-cı və 10-cu sinifdə oxuyurlar. Bundan əlavə cavabdeh 2016-cı ilin iyun ayında onu və 3 uşağını 13 ildən artıq yaşadığı, uşaqların anadan olduqları və 2016-cı ilə kimi yaşadıqları Bakı şəhəri, 8-ci mkr. S.S.Axundov küçəsi ev 5, mənzil 65-dən çıxmağa məcbur etdikdən sonra, 12.06.2016-cı ildə o, 3 uşağı ilə yaşadıqları mənzilə köçürülmə barədə Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh onların evə köçürülməməyi məqsədi ilə, əvvəlcə mənzili guya bacısına bağışlamış, sonra bacısı başqa bir şəxsə satsa da, bütün məhkəmə instansiyaları iddianı əsaslı hesab edərək, yaşadıqları mənzilə köçürülməyi barədə qətnamə qəbul etmişlər. Həmin qətnamə AR Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən də təsdiq edilmiş, mübahisəli mənzilin bağışlanılması və alğı-satqısı isə etibarsız hesab edilmişdir. Lakin, cavabdeh onun və 3 uşağının mənzilə köçürülməyi barədə qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən imtina edərək, mənzildən istifadə hüququnun kompensasiya verilməklə itirilməsi tələbi ilə, məhkəmədə iddia qaldırmış, iddia ərizəsində həmin ərazidə mübahisəli mənzilə oxşar mənzilin aylıq kirayə haqqının guya 300 manat təşkil etməsini qeyd etməklə, 3 uşağının 2 illik kirayə haqqını ödəməklə onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Cavabdehin nəinki uşaqlarının evlərinə köçürülməsi barədə qətnamənin icrasına, həmçinin özünün məhkəmədə qaldırdığı kompensasiya ödəməklə, mənzildən istifadə hüququnun itirilməsi tələbi ilə əlaqədar, məhkəmənin mübahisəli mənzilin real bazar qiymətinin müəyyən edilməsi üçün təyin etdiyi ekspertizanın icrasına mübahisəli mənzilin qapısını açmamaqla maneə olmuşdur. Bunu nəzərə alaraq oxşar mənzildə kirayə haqqının 300 manatdan da çox olmasına baxmayaraq evə köçürülmə barədə qətnamə icra edilənə, o və 3 uşağı mənzilə köçürülənə qədər, cavabdehdən hər ay cavabdehin özünün hər ay müəyyən etdiyi və mübahisələndirmədiyi 300 manat kirayə pulun da ondan tutulması barədə qətnamə qəbul etməsi zəruridir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(005)-930/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 12.02.2020-ciil tarixdən başlayaraq, Cavabdeh oğlundan 25.04.2004-cü il təvəllüdlü X10, 12.12.2008-ci il təvəllüdlü X2 və 10.06.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 (beş yüz on) manat müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, İddiaçı Cavabdeh qarşı aliment tələbi və cavabdehin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməni icra etməkdən imtina etməsi səbəbindən məcburi kirayədə qaldığı üçün qətnamə icra edilənə kimi hər ay 300 manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iddianın digər hissəsini onun və 3 azyaşlı uşağının mənzilə köçürülməyi barədə qanuni qüvvəyə minmiş qətnamə icra edilənə kimi cavabdehdən onun özünün müəyyən etdiyi və mübahisələndirmədiyi məbləğdə hər ay 300 manat onun xeyrimə pul tutulmasının təmin edilməsini belə əsaslandırmışdır ki, “iddiaçı cavabdehin buna zəruri vəsaitə malik olmasını və yüksək gəlirlərini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz”. Lakin iddiaçı Binəqədi rayon Məhkəməsinə təqdim etdiyi kompensasiya verilməklə mənzilə olan istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsində (həmin ərizəinin surəti mülki işə əlavə edilmişdir) ona və 3 uşağa əvvəlcə hər ay 300 manat, daha sonra iddiasını dəyişdirərək hər ay 400 manat pul ödəməyi təklif etmişdir ki, bu da onun aliment pulundan əlavə hər ay nəinki 300 manat, hətta 400 manat pul ödəməyə imkanı olmasını təsdiq edir. Onların həqiqətən 2016-cı ildən bu günə kimi kirayədə yaşamağı iddia ərizəsinə əlavə etdiyi Nərimanov RİH başçısının rəyi ilə də təsdiq edilir. Onların həmin vaxtdan kirayədə qalmağı isə qızı Tehranlı Şövkətin özü yazdığı və apellyasiya şikayətinə əlavə edilmiş ərizəsi ilə də təsdiq edilir və əgər cavabdehin bu ərizəni qızı Şövkətin özü yazmasına şübhəsi varsa və məhkəmə lazım bilərsə, qızı gəlib məhkəmədə izahat verə bilər. Əlavə olaraq bildirir ki, evə köçürülmə barədə qətnamə icra edildiyi gün o, kirayə üçün tutulan 300 manat pulun tutulmasından imtina edəcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda, apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin kirayədə qaldığına görə qətnamə icra edilənə kimi hər ay 300 manat pulun tutulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı qətnaməni yalnız qeyd olunan hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(005)-930/2020 saylı qətnaməsi kirayə haqqının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 6UŞ-2437/19 saylı 26.08.2019-cu il tarixli məhkəmə qərarının qanuni qüvvəyə minməsi barədə arayışından görünür ki, məhkəmənin Mülki kollegiyasının 2(103)-1358/2019 saylı, 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh oğlu, X11 və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3980/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yenı qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmişdir. Cavabdeh oğlu ilə X15 arasında Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsindəki 5 nömrəli evin, ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzilinə dair Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış, 18.08.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. X15 ilə X3 arasında Bakı şəhəri, Binəqədi rayonu 8- ci mkr., S.S.Axundov küçəsindəki 5 nömrəli evin, ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzilinə dair Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 31.07.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı müqaviləsi etibarsız hesab edilmişdir. Etibarsızlığın nəticələri tətbiq olunmaqla 60000 (altmış min) manat X5 alınaraq X1 qaytarılması qət edilmişdir. X16 yetkinlik yaşına çatmayan uşaqları 25.04.2004-cü il təvəllüdlü X10, 12.12.2008-ci il təvəllüdlü X2 və 10.06.2012-ci il təvəllüdlü X17 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsindəki 5 nömrəli evin, ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1358/2019 saylı, 25 yanvar 2019-cu il tarixli qətnaməsi 14 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kirayə haqqı tələbi ilə alimentin artırılması tələbinin bir icraatda birləşdirilməsi ilə bağlı hissəsində düzgün nəticəyə gəlməmiş, Ailə Məcəlləsinin 81-ci maddəsinin tətbiq etməklə, məhkəmə maddi hüquq normasını düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur. Kollegiya qeyd edir ki, İddiaçı iddia etdiyi halı, yəni həqiqətən cavabdehin təqsirli hərəkətləri nəticəsində onun uşaqları ilə birlikdə evə buraxılmamasını sübut edə bilməmişdir. İddiaçı həmçinin uşaqları ilə birlikdə kirayədə qaldığını və hər ay 300 manat kirayə haqqı ödəməsi ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının qeyd etdikləri öz mülahizələri olmaqla yanaşı, digər sübutlarla təsdiq olunmamışdır. Kolegiya iddiaçının kirayədə yaşamasının təsdiqi kimi, iddia ərizəsinə əlavə etdiyi Nərimanov RİH başçısının rəyinə istinad etməsi mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, Nərimanov RİH başçısının rəyi iddiaçının kirayədə yaşamasının sübutu kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(005)-930/2020 saylı qətnaməsi mübahisələndirilən- “kirayə haqqının tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi kirayə haqqı ilə bağlı hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar