Məhkəmə qərarları › İş №2(103)-4951/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4951/2022

21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4951/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Fuad Şəmsəddin oğlu Talışınskidən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının yoxlanması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının yoxlanması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5540/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının yoxlanması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddia ərizəsindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddianı faktiki yaşadığı yer, yəni Abşeron rayonu, Hökməli qəsəbəsi üzrə uyğun olaraq Abşeron Rayon Məhkəməsinə vermişdir, lakin məhkəmə təşəbbüsü ilə BRİHB-nin Xocasən İƏD-nə sorğu verilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Çiçək yaşayış massivində inşa etdiyi sənədsiz evdə qeydiyyatsız yaşadığı barədə məlumat əldə edilmişdir. MPM-nə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Abşeron Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilərkən qanunvericiliyin tələbi üzrə aidiyyət məsələsi yoxlanılmış və iddia ərizəsi icraata götürülmüşdür. Ümumi aidiyyət qaydalarına əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin hazırki iddia tələbi istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan və bu qəbildən olan mübahisələr üçün alternativ aidiyyət qaydası müəyyən edildiyindən iddia ərizəsi iddiaçının seçimi üzrə iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Bu qəbildən olan işlərdə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. İddiaçı məhkəməyə müraciət edərkən, faktiki yaşayış yerinin Abşeron rayonu, Hökməli qəsəbəsi olduğunu iddia ərizəsində qeyd etmişdir. Həmçinin Cavabdeh tərəfindən tərtib edilmiş akt və digər sənədlərdə iddiaçının ünvanı da Abşeron rayonu, Hökməli qəsəbəsi kimi qeyd olunmuşdur. Mülki işin gedişi zamanı cavabdehin faktiki ünvanının Bakı şəhəri, Binəqədi rayonunda olduğu müəyyən edilmiş və sorğu vasitəsilə .İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Çiçək yaşayış massivində inşa etdiyi sənədsiz evdə qeydiyyatsız yaşadığı aydın olmuşdur. Buna əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-55402021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki materiallarından da aydın olur ki, Abşeron Rayon Məhkəməsi tərəfindən mülki iş icraata qəbul edilərkən aidiyyət qaydalarına riayət edilmişdir və sonradan mülki işin ərazi aidiyyətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olmasının müəyyən edilməsi həmin işin mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmasına mane olan hal kimi qiymətləndirilməməlidir. Hazırki mülki iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə də Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin qeyd edilən işin sonradan aidiyyəti üzrə göndərilməsi məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarada və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz edə bilər. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Göründüyü kimi iddiaçı aidiyyət qaydalarına əməl edərək Abşeron Rayon Məhkəməsinə düzgün müraciət etmişdir. Belə ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmçinin işin başqa məhkəməyə göndərilməsi yalnız ərazi aidiyyəti qaydalarının pozulması ilə işin icraata götürülməsi, sonradan pozuntunun müəyyən edildiyi təqdirdə mövcud olsa da, hazırkı iş üzrə bu hal, yəni MPM-in 44.2-ci maddəsində sadalanmış hallar da mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 45.4.-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının yoxlanması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar