Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4954/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Kamil Hacıyevin, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə tikili (fərdi yaşayış evi) və onun yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. Ev cavabdehə aiddir, evin ünvanı ünvan 1 ev və torpaq sahəsi 3 saylı mədənin 6-cı sahəsinə yerləşən neft xəttinin mühafizə zolağı və Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi kordinantları daxilində yerləşir və neft-qaz əməliyyatlarının aparılmasına maneə yaradır. Belə ki, xx.xx.2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AZEN X4. Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş bağlanıb. İddiaçıya Sazişin ərazi hüdudları daxilində neft-qaz əməliyyatları aparmaq hüququ verilib. Ev və torpaq sahəsinin Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi kordinantları daxilində yerləşdiyi müəyyən olunur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsi tərəfindən verilmiş mütəxəssis rəyinə (iş v. 122) görə, cavabdeh tərəfindən inşa edilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901 İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatının pay bölgüsü haqqında” xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi kordinantları daxilində yerləşir. Rəydə daha sonra qeyd olunub ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı olub, neft torpaqlarına aid edilir. Ev və torpaq sahəsi üzərində cavabdehin hər hanası hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Torpaq sahəsi (400 kv.m) Xocasən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 32/07 nömrəli qərarına və alqı-satqı aktına əsasən bələdiyyə tərəfindən cavabdehə verilib (iş v. 56, 57). İddiaçı bu qərarı inzibati məhkəmədə mübahisələndirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia mümkün sayılmayıb (iş v. 109). Məhkəmə qərarı onunla əsaslandırılıb ki, mübahisləndirilən qərar artıq qüvvədən düşdüyündən artıq mübahisə mövcud deyil. Mübahisələndirilən qərarın qüvvədən düşməsi isə onunla izah olunub ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilib. Həmin Qanunun 4-cü bəndində görə, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. O cümlədən həmin Qanunun 5-ci bəndinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdeh tikilidən (evdən) çıxarılsın, tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh tikilidən çıxarılsın, tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Kamil Hacıyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya icraatı zamanı cavabdehin ailə üzvü – arvadı X1 üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Belə ki, o, cavabdehlə birlikdə qeyd olunan tikilidə yaşayır. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə göndərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qətnamənin yoxlanılması: Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, özbaşına tikintinin sökülməsini məhkəmə qaydasında tələb etmək hüququ 2 subyektə verilib: 1) müvafiq icra hakimiyyəti orqanları; 2) maraqlı şəxslər. İddiaçı “maraqlı şəxs” kimi hazırkı iddianı irəli sürüb. İddiaçının “maraqlı şəxs” sayılması üçün müəyyən edilməlidir ki, tikilinin (evin) kontrakt sahəsində mövcudluğu onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib. Tikilinin (evin) kontrakt sahəsinin coğrafi kordinantları daxilində və sənaye təyinatlı torpaq sahəsində yerləşməsi faktı öz-özlüyündə belə nəticəyə səbəb olmur. İddiaçıya kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq hüququ verilib. Əgər tikilinin kontrakt sahəsində mövcudluğu neft-qaz əməliyyatlarının aparılmasına mene olsayıdı, belə hesab olunardı ki, iddiaçının neft-qaz əməliyyatları aparmaq hüququ pozulub, ona görə də o, 180.4-cü maddədə nəzərdə tutulan “maraqlı şəxs” sayılır. Lakin iddiaçının həmin tikilinin yerləşdiyi yerdə neft-qaz əməliyyatları aparmasını və ya yaxın gələcəkdə belə əməliyyatların aparılmasını planlaşdırdığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib. Halbuki, belə əməliyyatlar qabaqcadan planlaşdırılır və müvafiq sənədlərdə öz əksini tapır. Nəzərə alınmalıdır ki, kontarakt sahəsinin hududları daxilində minlərlə tikili (evlər, qeyriyaşayış sahələri və s.) yerləşir. Əgər həmin tikililər yalnız konrakt sahəsinin hüdudları daxilində yerləşdiyinə görə sökülsə, ola bilər ki, söküntü yerində heç vaxt neft-qaz əməliyyatı aparılmayacaq. Bu isə ona mənanı verəcək ki, iddiaçı kontrakt sahəsindəki tikililərin sökülməsini tələb etmək hüququndan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. O cümlədən məhkəməyə təqdim edilmiş fotoşkillərdən görünür ki, cavabdehə aid olan tikilinin (evin) ətrafında başqa tikililər, hətta hüdürmərtəbəli yeni bina yerləşir. Həmin tikililərin sökülməsi tələb olunmadığı, əksinə yeni tikililərin inşasına şərait yaradıldığı bir vəziyyətdə yalnız cavabdehə aid olan tikilinin sökülməsinin tələb edilməsi hüquqdan sui-istifadə sayılır. Ağlabatan deyil ki, neft-qaz əməliyyatı yalnız cavabdehə aid olan 1 evin yerləşdiyi yeri əhatə edəcək. Cavabdehə aid olan evin neft xəttinin mühafizə zolağında yerləşdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Beləliklə, iddia tələbi hazırkı vəziyyətdə əsassızdır. Əgər gələcəkdə iddiaçı həmin tikilinin yerləşdiyi yerdə neft-qaz əməliyyatlarının aparılmasını planlaşdırarsa, belə halda tikilinin sökülməsi barədə iddia qaldıra bilər. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddiası rədd edilsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4954/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4954/2022
02.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver