Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4955/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(009)-179/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 08 fevral 1995-ci il tarixli 466 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X1 600 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş 01 iyul 2008-ci il tarixli, 125 saylı cizgisindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 1995-ci il tarixli 466 nömrəli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 380 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi X1 ayrılmışdır.
3. X3 tərəfindən 12 noyabr 2010-cu il tarixdə Cavabdeh verilmiş və Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 7E-20-8179 reyestr nömrəli etibarnaməyə əsasən, X6 RİH başçısının 08 fevral 1995-ci il tarixli 466 saylı Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə DTXK-dən kadastr planı almağı, torpaq sahəsinin üzərindəki tikililəri özəlləşdirməyi, yüklülük və məhdudiyyətin olmaması barədə arayış aldıqdan sonra həmin torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə xx.xx.2109-cu il tarixədək qüvvədədir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət- Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.8 km-də kəmərdən təxminən 20 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və darvaza neft kəmərinin mühafizə zonasında yerləşdiyinə görə cavabdehin hesabına sökülməlidir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, sökülməsi tələb olunan tikili qanunsuz tikili deyil, Səbail Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 1995ci il tarixli sərəncamı ilə tikilmişdir. Qeyd olunan sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı Qərarı qəbul olunmamışdan əvvəl verilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-179/2022 saylı iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X2)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehə məxsus olan tikili neft kəmərinin mühafizə zonasında yerləşsə də, qanunsuz tikili deyil və müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında tikilmişdir. Buna görə də müvafiq məbləğdə kompensasiya ödənilmədən tikilinin sökülməsi barədə tələb təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair yerli icra hakimiyyəti orqanının verdiyi sərəncam və cavabdehə verilmiş etibarnamə ona torpaq sahəsindən istifadə və həmin torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparması səlahiyyəti vermir. Etibarnamə cavabdehə münasibətdə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Tikinti işlərinin aparılmasına iddiaçı təşkilatın və Energetika Nazirliyinin icazəsi alınmamışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, məhkəmə qərarında göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi.
14. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Torpaq Məcəlləsi:
Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və ya dəyişdirilməsinə əsas yoxdur.
18. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş mühəndis texniki ekspertizasının 07 aprel 2022-ci il tarixli 10/1044 saylı rəyinə əsasən, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 2-ci küçədə Cavabdeh yaşadığı fərdi yaşayış evinin hasarı və həyətdə yerləşən yardımçı tikili ilə yaxınlıqdan keçən “Bibiheybət” Dş-300 mm-lik neft kəmərinin arasında olan məsafə 0,5 m, həmin neft kəməri ilə fərdi yaşayış evi arasında olan məsafə isə 20 metr təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 2-ci küçədə Cavabdeh yaşadığı fərdi yaşayış evinin hasarı, həyətdə yerləşən yardımçı tikili və fərdi yaşayış evi “Bibiheybət” Dş- 300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir.
19. Cavabdehin təqdim etdiyi sübutlardan məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 1995-ci il tarixli sərəncamına əsasən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi Dilan Mənəfova məxsus olmuşdur. Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2008-ci il tarixli cizgisində Dilan Mənəfova ayrılmış Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 380 nömrəli 600 kv.m. ölçüdə torpaq sahəsinin yerləşməsi öz əksini tapmışdır. Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12 noyabr 2010-cu il tarixli etibarnaməyə əsasən Dilan Mənəfov ona məxsus torpaq sahəsi ilə bağlı sərəncam verilməsi hüquqlarını cavabdehə etibar etmişdir.
20. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur və tikili qanuni əsaslarla müvafiq icra hakimiyyətinin sərəncamı əsasında ayrılmış torpaq sahəsində inşa edilmişdir.
21. Beləliklə, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir.
22. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir.
23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-179/2022 saylı iş üzrə 10 may 2022ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.