Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4956/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçılar İddiaçı1 və Həqiqət Məmmədovanın, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul olunmasının müəyyən olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız etibarsız hesab olunması, daşınmaz əmlaka dair reyestr çıxarışının etibarsız hesab olunması və miras əmlakda payların müəyyən olunması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə, cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 qardaş-bacıdılar. Onların arasındakı mübahisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi, döngə 2-də yerləşən 2 №-li fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev tərəflərin atası X1 məxsus olub. Ev onun mülkiyyətinə 29.12.1984-cü il tarixli bağışlama müqaviləsi əsasında keçib. Tərəflərin atası 20.02.2008-ci ildə vəfat edib. O, sağlığında – 13.08.2007ci ildə evi övladlarından birinə – Cavabdeh1 vəsiyyət edib. 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu həmin vəsiyyətnamənin əsasında 22.06.2018-ci il tarixdə evə dair Cavabdeh1 adına 2V-476 reyestr nömrəli “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Daha sonra – 18.07.2018-ci il tarixdə həmin şəhadətnamənin əsasında Cavabdeh1 ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, evin miras kimi iddiaçılar tərəfindən faktiki qəbul olunması müəyyən olunsun, Cavabdeh1 adına verilmiş “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab olunsun, ev üzərində cavabdehin mülkiyyət hüququnun qeydə alınması barədə reyestr çıxarışı etibarsız hesab olunsun və ev iddiaçıların arasında bərabar paylarla bölünsün. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab olunsun, ev üzərində cavabdehin mülkiyyət hüququnun qeydə alınması barədə reyestr çıxarışı ləğv olunsun, ev üzərində Cavabdeh1 payı 175/400 hissə, 3 iddiaçının hər birinin payı isə 75/400 hissə müəyyən olunsun, iddianın qalan hissəsi təmin olunmasın. Şikayət və izahatlar: İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə ləğv olunsun, evin iddiaçılar tərəfindən miras kimi faktiki qəbul olunması müəyyən edilsin, ev iddiaçılar arasında miras əmlak kimi hər birinə 1/3 hissə olmaqla bərabər paylarla bölünsün və iddiaçıların hər birinin evin 1/3 hissəsi üzərində mülkiyyət hüququ tanınsın. Cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və Həqiqət Məmmədova, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iddiaçıların apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 cavabdehlərin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Bütün vərəsələr mirasın qəbulu müddətini ötürüb. Belə ki, mirasın qəbulu müddəti 3 aydır (Mülki Məcəllə, maddə 1246). Həmin müddət vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Tərəflərin hər biri atalarının öldüyü gün vərəsəliyə çağırıldığını bilib. Ona görə də 3 aylıq müddətin axımı 20.02.2008-ci ildən başlayıb, 20.05.2008-ci ildə isə bitib. Mirasın qəbul edilməsinin 2 qaydası var: 1) notariusa ərizə verilməsi; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlama, bununla da mirasın qəbul edildiyini şəksiz nümayiş etdirmə (Mülki Məcəllə, maddə 1243). Vərəsələrin heç biri göstərilən 2 hərəkətdən hər hansı birini 3 aylıq müddət ərzində etməyib. Məhkəmə gəldiyi nəticini iddiaçıların (3 vərəsənin) və cavabdehin (1 vərəsənin) barəsində aşağıdakı kimi əsaslandırır. İddiaçıların barəsində: İddiaçılar mirasın qəbulu faktının müəyyən edilməsi üçün mirasın açılmasından 11 il sonra məhkəməyə müraciət edibılər. İddiaçıların hər üçü mirası faktiki qəbul etdiklərini iddia edirlər. Bununla bağlı 3 iddiaçının və 2 şahidin ifadəsi var. 1-ci iddiaçı Piri Məmədov bildirir ki, evdə yaşayıb, evin həyətində heyvan saxlayıb, habelə istixanası olub. 2-ci İddiaçı3 bildirir ki, evdə əşyalarını saxlayıb. 3-cü İddiaçı2 bildirir ki, evdə ona məxsus yorğan-döşək, ət çəkən maşın, qab-qaşıq və dəsmallar var, atasının 40 mərasimindən sonra evdə yaşamaq üçün orada mebellər yerləşdirib. 1-ci şahid Valeh Novruzov bildirir ki, İddiaçı2 əri ilə bir yerdə işləyib, 2008-ci ilin aprel-may aylarında evdə təmir işləri aparıb, təmir pulunu İddiaçı1 verib. 2-ci şahid Xəzər İsayev bildirir ki, İddiaçı2 ev əşyalarının həmin evə daşınmasında iştirak edib. Mirasın 3 ay ərzində, yəni 20.02.2008-ci ildən 20.05.2008-ci ildək olan müddətdə qəbul edildiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, 1-ci, zaman çox keçib, 2-ci, şübhəli sübutlara istinad əks tərəfin (cavabdehin) mənafeyini poza bilər. Tərəflərin 11 il bundan əvvəl baş verənləri xatırlaması mümkündür, çünki baş verənlər özlərinə aiddir. Lakin 2 şahidin başqalarına aid olanların 11 il bundan əvvəlki tarixini, yəni mirasla bağlı hərəkətlərin məhz mirasın qəbulu müddətində edilməsini xatırlaması şübhəlidir. Ona görə də hesab olunur ki, iddiaçıların mirası qəbul etməsi, yəni 20.02.2008ci ildən 20.05.2008-ci ildək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur. Cavabdehin barəsində: Cavabdeh1 mirasın qəbulu üçün ərizə ilə notariusa 03.05.2018-ci ildə, yəni mirasın qəbul müddəti bitdikdən 10 il sonra müraciət edib. Mirası qəbul etmək hüququ mülki hüquqdur. Mirasın qəbulu müddətinin bitməsi ilə həmin hüquq xitam olunur. Belə ki, “müddət” anlayışına görə müddət həm də mülki hüququn xitamının bağlı olduğu vaxtdır (Mülki Məcəllə, maddə 367.1). Odur ki, cavabdehin adına verilmiş “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalı, habelə həmin şəhadətnamənin əsasında dövlət reyestrində cavabdehin mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməlidir. İddiaçıların mirasın qəbulu müddətini ötürməsi onları cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir. Belə ki, iddiaçılar mirasın qəbulu müddətini ötürsələr də vərəsədilər, vərəsə kimi mirasın qəbulu vaxtının uzadılması üçün məhkəməyə müraciət etmək hüququna malikdilər. Odur ki, mirasın qəbulu müddətini ötürmüş şəxsə (cavabdehə) “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi onların qanuni maraqlarını pozur. Cavabdeh1 mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyib. Onun 3 aylıq müddət ərzində mirası qəbul edib-etmədiyi araşdırılarkən o bildirmişdir ki, atasının 40 mərasimi üçün gələndə evdə 1 ay qalıb. Onun bu hərəkəti mirasa sahiblik etməyə və ya mirası idarə etməyə faktiki başlama kimi qiymətləndirilə bilməz. Beləliklə, vərəsələr mirasın qəbulu müddətini ötürüblər. Birinci instansiya məhkəməsnin gəldiyi nəticə işin hallarına uyğun olmadığına və maddi hüquq norması düzgün tətbiq edilmədiyinə görə qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Əgər vərəsələr mirasın qəbulu müddətini üzrlü səbəbdən buraxıblarsa Mülki Məcəllənin 1248.1-ci maddəsində uyğun olaraq mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 15.11.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədli Şəfai küçəsi, döngə 2-də yerləşən 2 №-li fərdi yaşayış evinə dair Cavabdeh1 adına 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22.06.2018-ci il tarixli, 2V-476 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamənin əsasında həmin evə dair Cavabdeh1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4956/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4956/2021
18.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver