Məhkəmə qərarları › İş №2(103)-4957/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4957/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4957/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşı mülki iş üzrə (Açar sözlər: müqavilədəki şərtin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının nümayəndəsi və vəkili Nümayəndə1 Qələndər qızının iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “öhdəliklərin yerinə yetirilməsi və əldən çıxmış gəlirin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “öhdəliklərin yerinə yetirilməsi və pul” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1542/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında 6 mart 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, MMC Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokundan (bundan sonra “yaşayış binası”) 21 saylı, ümumi sahəsi 72.7 kv.m olan mənzil İddiaçı mülkiyyətinə verməyi, o, isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən mənzilin təmirinə başlayanda işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları, su sayğaclarının, peyk antenasnın quraşdırılması, telefon çəkilişi üçün 2000 manat ödəmək alıcının vəzifəsinə aid edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış xx.xx.2020-ci il tarixli S601 saylı müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi; müqavilənin 2.1.1-cü bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraiti yaratmaqla ona təhvil verilməsi; mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi; 7.200 manat (12*600) əldən çıxmış gəlirin və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlkin iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixli, S601 saylı mənzil alqı-satqısına dair satış müqaviləsi imzalanmışdır. xx.xx.2020-ci il tarixli, S601 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsisməşində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində 21 saylı mənzilin (ümumi sahəsi 72.7 kv.m. olan) hər kv.m. dəyəri 1300 manat olmaqla, ümumi dəyəri 94 510 manat məbləğ tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixli, S601 saylı müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı” həmin bənddə göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirməklə "xxxx"ya təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 3.3-cü bəndində göstərilir ki, “Satıcı” müqavilənin 2.1-ci bəndində göstərilən tikinti quraşdırma işlərini 24 (iyirmi dörd) ay ərzində tamamlayıb "xxxx"ya təhvil verir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini kobud pozaraq bugünə kimi ona məxsus olan mənzil ona müqavilə şərtlərinə uyğun şəkildə təhvil verilməmişdir. Bağlanmış müqavilənin 6.2-ci bəndində qeyd olunur ki, bu müqavilə üzrə tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar vasitəsi ilə mümkün olmadıqda Azərbayan Respublikasında qüvvədə olan qanunvericiliklə tənzimlənir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə hər iki tərəf üçün hüquq və vəzifələr yaranmışdır. Belə ki, o, müqavilə şərtlərinə uyğun ödənişi ödəməyi, Cavabdeh MMC isə mənzili alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə müddət müəyyən edilsə də, cavabdeh tikinti şirkəti həmin müddətdə mənzili ona təhvil verməmişdir. Lakin işin faktiki hallarından görünür ki, Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə bağlanmasından 3 il müddət keçməsinə baxmayaraq, iddiaçıya məxsus mənzili ona təhvil verməmişdir. Bu səbəbdən hesab edir ki, onunla cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsisməşində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində 21 saylı mənzilin satılmasına dair xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməyin, müqavilənin 2.1.1-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməlidir. Bu səbəbdən hesab edir ki, həmin ərazidə mənzil kirayə haqqı 600 manat civarındadır. Əgər o, ən azı 12 ay həmin mənzili kirayə vermiş olsaydı, 7200 manat gəlir əldə edərdi.

5. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdehin üzərinə götürdüyü (işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini) 2000 manatın, MMC-nin vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 800 manat xərcin və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev pr-ti ilə Ə. Əliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndindən görünür ki, İddiaçı mənzilin təmirinə başlayanda işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları, su sayğaclarının, peyk antenasnın quraşdırılması, telefon çəkilişi üçün 2000 manatın ödənilməsini üzərinə götürmüşdür. Müqavilənin 3.7-ci bəndinə əsasən mənzil daxilində təmir işləri "xxxx"nın öz üzərinə düşür. Bütün sayğaclar dəyəri və onların quraşdırılma xərci (qaz, elektrik və su sistemin Sayğacları) "xxxx" tərəfindən ödənilir. Müqavilə öhdəlikləri MMC tərəfindən yerinə yetirilərək mənzil cavabdehə təhvil verilsə də, cavabdeh müqavilənin 2.2.2-ci və 3.7-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri MMC qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, MMC-yə etməli olduğu ödənişləri vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Hesab edir ki, cavabdeh öhədliklərini yerinə yetirmədiyindən “NGM GROUP" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdehin üzərinə götürdüyü (İşıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasnın quraşdırılması, telefon çəkilişi məbləğini) 2000 manat İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh İddiaçı öhdəliyini yerinə yetirmək əvəzinə üstəgəl məhkəmədə MMC-yə qarşı iddia qaldırmışdır ki, guya MMC öhdəliklərini yerinə yetmir, həmçinin mənzili kirayə versə idi, 7200 manat gəlir əldə edərdi. Belə ki, müqavilənin 3.6-ci bəndinə əsasən "xxxx" mənzilin dəyərini tam ödəmədiyi halda mənzildə təmir işləri apara bilməz. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən müəyyən olunur ki, alıcı tərəfindən ödənişlər 06 mart 2023- cü il tarixdə tam olaraq yekunlaşmışdır. Alıcı ödənişləri tam etmədən mənzildə təmir işlərini yerinə yetirməyəcəyi barədə öhədlik götürdüyü halda, iddia tələbində mənzilin kirayə verə bilmədiyini göstərmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən MMC aşağıda göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə “Alıcıya təhvil verməyi öz öhdəsinə götürür. Binanın karkası və bütün hörgü işləri; Binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; Binanın xaricində bütün suvaq işləri; Mənzilə qədər elektrik, su, telefon, antena xəttinin mənzilin giriş qapısına qədər çəkilməsi; Binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; Mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, axıtmaya qarşı yoxlanılması; Arakəsmələrin hörülməsi; Yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; Bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini; Texniki və içməli su anbarının tikilməsi; Nasos stansiyalarının quraşdırılması; Abadlıq işləri; Göründüyü kimi, MMC öz üzərinə götürdüyü işləri tam olaraq yerinə yetirmişdir. Bu hal məhkəmə tərəfindən mənzilə baxış təyin edilməklə də müəyyən oluna bilər. Bu səbəbdən də, ilkin iddia tələbi rədd edilməlidir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1542/2023 nömrəli, 10 may 2023cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış xx.xx.2020-ci il tarixli S601 saylı müqavilə üzrə Cavabdeh MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilənin 2.1.1-ci bəndində göstərilən işləri görməklə, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraiti yaratmaqla İddiaçı təhvil verilməsi, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr-ti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 6-cı blokunun 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin satılmasına dair bağlanmış 06 mart 2020-ci il tarixli S601 saylı müqavilənin 2.2.2-ci bəndinə əsasən İddiaçı üzərinə götürdüyü (işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləği) 2.000 manat, MMC-nin vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat xərcin İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC S601 nömrəli, xx.xx.2020-ci il tarixli Satış müqaviləsinin 2.1.1-ci bəndinə əsasən binanın karkası və bütün hörgü işləri, binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi, binanın xaricində bütün suvaq işləri, mənzilə qədər elektrik, su, telefon, antena xəttinin mənzilin giriş qapısına qədər çəkilməsi, binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması, mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, axıtmaya qarşı yoxlanılması, arakəsmələrin hörülməsi; yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması, bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini, texniki və içməli su anbarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, abadlıq işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə "xxxx"ya təhvil verməyi öhdəsinə götürdüyündən ilkin iddia bu hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ilkin iddia üzrə iddiaçı tərəfindən mənzilin kirayə verilməsi halında aylıq 600 manat olmaqla, 12 ay üçün cəmi 7200 manat qazanc əldə ediləcəyi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən ilkin iddia bu hissədə təmin edilə bilməz.

9. Məhkəmə, həmçinin, qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı S601 nömrəli, xx.xx.2020-ci il tarixli Satış müqaviləsinin 2.2.2-ci bəndinə əsasən işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları və su sayğaclarının quraşdırılması, peyk antenasının quraşdırılması, telefon çəkilişi məbləğini öz hesabına ödəməsi, yəni mənzilin təmirinə başlayanda 2000 manat ödəməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən qarşılıqlı iddia bu hissədə təmin edilməlidir. Həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia bu hissədə qismən təmin edilərək, 500 manat olaraq ağlabatan məbləğdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 6.2, 324.1, 324.4. 331.1, 337.1, 337.2, 337.4, 385.1, 386.1, 421, 423, 442, 430, 441-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1542/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli müqavilənin 2.2.2-ci bəndindən qeyd olunur ki, "xxxx" mənzilin təmirinə başlayanda işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları, su sayğaclarının, peyk antenasnın quraşdırılması, telefon çəkilişi üçün 2000 manat ödəyir. Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin iştirakı nəzərdə tutulmayıb. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə zidd olaraq mənzillərin sayğaclara təmin olunması təbii inhisarçılar tərəfindən pulsuz həyata keçirilməsinə baxmayaraq, heç bir qanunvericilik aktında nəzərdə tutulmayan şərt müqaviləyə salınmaqla iddiaçının hüquqlarının məhdudlaşdırmış və buna görə ilkin iddia üzrə iddiaçıya zərər dəymişdir. Hətta bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aidiyyatı şəxsləri xəbərdar etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına məhəl qoymadan qarşılıqlı iddia ərizəsini etibarsız olan bir müqavilə şərtinə əsaslanaraq təmin etmişdir. Yuxarıda qeyd olunan şərtlərdən və maddi hüquq normaları bir daha sübut edir ki, müqavilənin həmin şərti etibarsızdır. Digər məqam müqavilənin həmin şərti üçün icra müddəti müəyyən olunsa da, (təmirə başlayanda) mənzil təhvil verilmədən həmin şərtə əsaslanan tələbin təmin edilməsi məhkəmənin açıq şəkildə qərəzli olduğunu sübut edir. Qanunsuz vətəndaşdan tələb olunan sayğac pulu və 500 manat hüquqi xidmətə görə pulun vətəndaşdan tutulmasına dair iddianı təmin edən məhkəmə ədalətli məhkəmə araşdırmasının bütün həddlərini pozduğunu dəlalət edir. Maddi hüquq normaları ilə yanaşı prosessual pozuntu ondan ibarətdir ki, Mülki Prosessual Məcəllədə müqavilədən irəli gələn mübahisələr üzrə pretenziya qaydasına əməl olunması halda, qarşılıqlı iddia üzrə iddiaçı buna əməl etmədiyi halda, məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, ilkin iddianı qaldıran zaman ümumiyyətlə sayğac mübahisəsi yox idi. Ev təhvil verilməmişdi. “Siz sayğac pulunu ödəyin, biz evi təhvil verək” deyə məsələlər ümumiyyətlə olmamışdır. Onlar bildirmişdilər ki, müqavilənin şərti var ki, 24 aya mənzil təhvil verilməlidir, əslində ödəniş müddəti 36 ay olsa belə müqavilədə 24 ay müddət göstərilmişdir. Müqavilənin 3.4-cü bəndində göstərilmişdir ki, 24 ay ərzində mənzil tamamlanıb alıcıya təhvil verilməlidir. 24 ay müddət keçsə belə mənzil alıcıya təhvil verilməmişdir. Bununla bağlı ilkin iddia qaldırdılar. İlkin iddia qaldıran zaman qarşı tərəf qarşılıqlı iddia verdi ki, sayğac pulu ödənilməyib. Burada iki nüans vardır. Birinci nüans ondan ibarətdir ki, o şərt etibarsızdır. Onlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişlər. Müraciətlərinə əsasən onlara bildirilmişdir ki, Baş Prokurorluğa müraciət olunsun, o bənd ümumiyyətlə etibarsızdır. İkinci nüans ondan ibarətdir ki, müqavilənin şərti ondan ibarətdir ki, “təmirə başlayanda”. Hələ bu mənzil onlara təhvil verilməyibdir. Qarşı tərəf birinci instansiya məhkəməsində bildirir ki, təhvil verilibdir. Birinci instansiya məhkəməsi hakimi qarşı tərəfdən təhvilə dair bir dənə də olsa sənəd varmı deyə tələb etmədi. Qarşı tərəf heç bir sənəd təqdim edə bilmədi. Mənzil günü bugün də təhvil verilməyibdir. 2000 manat pul onlardan tutulmalı deyildir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qarşılıqlı iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 22.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 25.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 26.404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 27.404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 28.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 29.441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

30. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 32.560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 33.567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

34.3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 35.16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. 36.18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 37.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 38.“Qaz təchizatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 39.“Su təchizatı və tullantı suları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 41.Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 6-cı blokundan (bundan sonra “yaşayış binası”) 21 saylı, ümumi sahəsi 72.7 kv.m olan mənzilinə dair S601 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən həmin müqavilə üzrə mənzilin dəyəri tam məbləğdə ödənilməsinə baxmayaraq, MMC tərəfindən mənzil iddiaçıya təhvil verilməmiş, bununla bağlı mövqeyini müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq alıcının mənzilində işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları, su sayğaclarının, peyk antenasnın quraşdırılması, telefon çəkilişi üçün 2.000 manat ödəmək üzrə üzərinə götürdüyü vəzifəni lazımi qaydada icra etmədiyinə istinadən əsaslandırmışdır. 42.Göründüyü kimi MMC (bundan sonra cavabdeh) İddiaçı (bundan sonra iddiaçı) sayğacların və s. cihazların dəyərini tələb edərək onların arasında bağlanmış müqavilədəki müvafiq bəndinə istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə bağlı qeyd edir ki, təcrübədə alqı-satqı və podrat müqavilələrinin ünsürlərini özündə əks etdirən qarışıq müqavilələr bir qayda olaraq çoxmənzilli bina tikən hüquqi şəxs tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir. 43.Mülki qanunvericiliyə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onların özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 44.Bu baxımdan standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyə tətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verməlidir. 45.Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin 405-ci maddəsinə istinadən qeyd edir ki, qanunverici müqavilənin mühüm şərtləri ilə yanaşı standart şərtləri ilə bağlı da xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış elə şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta, qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Qeyd edilməlidir ki, xüsusilə istehlak yönümlü standart şərtli müqavilələrdə fiziki şəxs iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. 46.Tərəflər arasında bağlanmış müqavilə bir qayda olaraq, standart şərtli müqavilələrdən olub, əvvəlcədən müəssisə tərəfindən müəyyən edilmiş şərtlərlə istehlakçıya təklif olunduğundan, fiziki şəxs müqavilənin tərəfi kimi onun məzmununa təsir etmək, şərtlərini müfəssəl şəkildə müəyyənləşdirmək imkanına malik olmur. 47.Hazırki halda təklif edənə (MMC-yə) əvvəldən tərtib etdiyi və hamıya eyni şəkildə təklif etdiyi müqavilə üzrə alıcıdan (İddiaçı) mənzilin təmirinə başlayanda işıq sayğacı, qaz sayğacı, qazın dedektor ilə klapanları, su sayğaclarının, peyk antenasnın quraşdırılması, telefon çəkilişi üçün müvafiq vəsaiti tələb etmək hüququnu verən müqavilə şərtləri standart şərtlərdir. 48.Bununla əlaqədar qeyd edilməlidir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

49. Bu səbəbdən Mülki Məcəllənin 560.3.5-ci maddəsinə əsasən, bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə hüquqdan sui-istifadə hesab edilir. 50.Belə ki, inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan elektrik, qaz və su sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi bu sahədə mövcud qanunvericiliyin tələblərinə zidd və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallardandır. Halbuki mövcud qanunvericiliyin tələblərinə əsasən məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır. Elecə də telefon xidmətinin çəkilişi və peyk antenasnın quraşdırılması müvafiq tariflər üzrə müəyyən edilmiş dövlət rüsumu və ya xidmət haqqı müqabilində ixtisaslaşdırılmış müəssisələr tərəfindən həyata keçirilir. 51.Qeyd edilən cihazların quraşdırılması üçün müvafiq məbləğdə pul tələb etmək hüququnu özündə saxlamaq səlahiyyətlərinə malik olmasına dair şərtləri müqaviləyə daxil etməsi müqavilənin digər tərəfini ondan asılı və daha əlverişsiz vəziyyətə qoymaqla, müqavilənin verdiyi imkanlardan bərabər şəkildə istifadə etməsinə əngəl törətməklə, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması üçün zəmin yaradır, hüquqdan sui-istifadə təşkil edir. 52.Sui-istifadə edilən hüquqa söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz. Belə ki, Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 53.Halbuki mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.

54. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 55.Məlumdur ki, əqd bağlayan subyektlər müəyyən hüquqi nəticələr əldə etmək məqsədi güdürlər. Əqdin ümumi qanuniliyinə təsir göstərməyən ayrı-ayrı hissələrinin etibarsızlığı tərəflərin müəyyən nəticələrə nail olmaq üçün daxil olduqları öhdəlik hüquq münasibətlərinin tam şəkildə etibarsız hesab edilməsi ilə nəticələnməsi ümumi qanunvericilik prinsiplərinə zidd olardı. Belə ki, əgər əqd etibarsız hesab edilmiş hissə daxil edilmədən bağlana bilərdisə, əqd həmin hissə xaric edilməklə etibarlı olur. 56.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilənin bu şərti etibarsız hesab edilməli və cavabdehin müqavilədən irəli gələn öhdəliklərin icrasından imtinasının əsası kimi həmin hala istinad etməsi, eyni zamanda bu şərtin məhkəmə qaydasında icra edilməsini tələb etməsi mümkünsüz hesab edilməlidir. 57.Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1542/2023 saylı, 10 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “öhdəliklərin yerinə yetirilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.

58. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən çəkilmiş məhkəmə xərcləri, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1542/2023 nömrəli, 10 may 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “öhdəliklərin yerinə yetirilməsi və pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün çəkilmiş məhkəmə xərcləri Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar