Məhkəmə qərarları › İş №2(103)-4958/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4958/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4958/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı hüquqi varisi yyyyyyyyyyyynun və onun nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı hüquqi varisi yyyyyyyyyyyynun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarına 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(001)-3990/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 9000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzili 1933-cü il təvəllüdlü iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə ona 17.12.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının oğlu yyyyyyyyyyyy Cavabdeh1 ilə 11.12.1999-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından cavabdehlər xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Onların nikahı Binəqədi Rayon Məhkəməsinin 27.07.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, bundan sonra da cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqda davam edirlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli, 2(001)-8311/2018 saylı qətnaməsinə əsasən iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmalarına dair iddia tələbi rədd edilərək cavabdehlərin istifadə hüququna xitam verilməsinin, yalnız iddiaçı tərəfindən adekvat məbləğdə kompensasiya təklif olunduqda mümkün ola bilməsi qətnamədə qeyd olunmuşdur. İddiaçı 08.05.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 bu iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə vəsatət təmin edilərək Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərə 7000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(001)- 3990/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(001)-3990/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onun təklif etdiyi 7000 manat məbləğində kompensasiya cavabdehlərin kifayət qədər uzun müddət ərzində mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli yaşayı sahəsini kirayələyərək orada yaşamalarına imkan verir. Belə ki, həmin ərazidə iki otaqlı kirayəyə verilən mənzillərin və ya fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 150-200 manat arasında dəyişir. Birinci instansiya məhkəməsi təklif edilən məbləğin yetərli olmaması qənaətinə gəlməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin qərardadı ilə iddiaçının mənzilinin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1, 2 və 3 otaqlı mənzilin orta aylıq kirayə haqınının müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı keçirilmiş, “xxxx” MMC tərəfindən verilən 28.11.2019-cu il tarixli rəydə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı 300 manat və 3 otaqlı 350 manat məbləğində müəyyən edildiyi göstərilmişdir. Məhkəmənin 09.06.2020-ci il tarixli qərardadı ilə İddiaçı 15.11.2019-cu il tarixdə ölümü ilə əlaqədar olaraq oğlu yyyyyyyyyyyy onun prosessual hüquq varisi qismində tanınmışdır. Məhkəmə iclasında iddiaçı tərəf kompensasiya məbləğini artıraraq, 9000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(103)- 453/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(001)-3990/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği ödəmiş tərəfə aid edilmişdir. İddiaçı hüquqi varisi yyyyyyyyyyyy kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)-453/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli 2(102)-1254/2021 nömrəli qərarı ilə İddiaçı hüquqi varisi yyyyyyyyyyyynun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-453/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçının hüquqi varisi və təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər və cavabdehlərin hər birinə ayrılıqda 4000 manat, cəmi 12000 manat kompensasiya təklif etməklə iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən cavabdehlərin hər birinin yetkinlik yaşına çatmasını, onlara birlikdə və ya ayrılıqda kompensasiya veriləcəyini, onlara hansı müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən kompensasiya verilməli olduğunu ətraflı araşdıraraq, gəldiyi nəticələri qətnamədə əsaslandırmalıdır. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzili İddiaçı adına 887 saylı reyestr kitabında 133241 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin 31.01.2019-cu il tarixli ******* saylı arayışına əsasən 11.06.1972-ci il təvəllüdlü yyyyyyyyyyyy, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, 25.12.1974-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilində daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına görə birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Konstitusiya Məhkəməsinin göstərilən qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna məlikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və yə məbləği azaltmaqla istifadə hüququna xitam verə bilməz. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Təklif olunan kompensasiya məbləğinin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər yetkinlik yaşına çatmışlar, əmək qabiliyyətlidirlər və bir yerdə yaşayırlar. Onlara ayrılıqda təklif edilən, cəmi 12000 manat kompensasiya başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə müəyyən müddətə oxşar yaşamaq imkanı verən bazar qiymətinə uyğun olan məbləğdir. Belə ki, iş üzrə təyin edilmiş qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilin yerləşdiyi ərazidə, hazırkı vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı 300 manat və 3 otaqlı 350 manat məbləğində müəyyən edilir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş məbləğdə kompensasiya verilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə tələbi əsaslıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə qətnamənin icrası üçün bu və digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda, qanuna əsasən tətbiq edilməlidirsə qətnamənin mətnində bu qətnamənin icra qaydası göstərilməlidir. Kollegiya hesab edir ki, cavabdehlərə kompensasiya məbləğinin ödənilməsi və onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılmaları eyni vaxtda icra edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(001)- 3990/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 4000 (dörd min) manat olmaqla, cəmi 12000 (on iki min) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilindən çıxarılsınlar. Cavabdehlərə qeyd edilən kompensasiya məbləğinin ödənilməsi ilə onların həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar