Məhkəmə qərarları › İş №2(103)-496/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-496/2020

26.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-496/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1728/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nə qarşı "əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X10 və Ticarət” ASC № FM/2017/42 nömrəli Xidməti Müqavilə üzrə ödənilməmiş 21.800 manat məbləğində olan borcun "Cavabdeh” ASC-dən tutularaq onun xeyrinə ödənilməsi, "Cavabdeh” ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq Mülki Məcəllədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyası ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, gecikdirilmiş 21.800 manat məbləğində borcun, hər gecikdirilmiş gün üçün Mülki Məcəllədə nəzərdə tutulmuş formada kompensasiya miqdarında vəsaitin və xx xxxx 2019-cu il tarixinədək ödənilməmiş borcun “X9 və İnşaat” ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, gecikdirilmiş 21.800 manat məbləğində borcun, hər gecikdirilmiş gün üçün Mülki Məcəllədə nəzərdə tutulmuş formada kompensasiya miqdarında vəsaitin (mütəxəssislər tərəfindən hesablanmaqla) və əlavə olaraq xx xxxx 2019-cu il tarixinədək ödənilməmiş borcun "X10 və Ticarət” ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1728/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin rəhbərliyi üzərində hüçbir zəruri rekvizit olmayan, üzərində müəssisənin VÖEN-i, baş direktorun imzası, möhürü, baş mühasibin imzası, kassa məxaric orderinin seriya nömrəsi, kassa kitabından çıxarış qeydləri, pul alan şəxsin kimliyini sübut edən əsas qeydlər və digər zəruri göstəricilər olmayan adi A4 vərəqində tərtib edilmiş sübutlar ödəniş qəbzi kimi məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərin əsli məhkəməyə təqdim edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən, İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli, FM/2017/42 saylı xidmətin göstərilməsi haqqında müqavilədən görünür ki, bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən və Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/26 ünvanında yerləşən Cavabdeh-nin Baş direktoru Rasim Babayev şəxsində digər tərəfdən isə ünvan 1 m61 ünvanında yaşayan İddiaçı “Aşağıdakılar barədə müqavilə bağladılar.- 1.1. Yerinə yetirilmiş işlər aktlarının işlənməsi. Hesab-fakturaların təyin edilməsi. Haqq-hesabların təyin edilməsi. Sənədlərin və məbləğlərin köçürülmə prosesinin düzgünlüyünün yoxlanılması. İdxal və ixrac yığımlarının tarifləri üzrə şöbənin müştərilərlə aparılan iş məlumatlarının işlənməsi.- 4.1. Bu müqavilə ilə nəzərdə tutulmuş işlər 12 ay müddətində həyata keçirilir. Tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 il müddətinə uzadılacaqdır.-5.1. Müqavilə üzrə göstərilən xidmətlərin ümumi dəyəri 24 000 (iyirmi dörd min) manat təşkil edir. Xidmət haqqı Azərbaycan Respublikasının Milli Bankının ödəniş gününə olan kursu ilə manatla həyala keçiriləcək. Müqavilədə nəzərdə lutulıııuş xidmətlər təqdim edilmiş müvafiq təsdiqedici sənədlərin asillərinə əsasan köçürmə yolu ilə ödəniləcəkdir.- 5.2. Hesab faktura təqdim edildikdən sonra 15 bank günü ərzində icraçının xidmət haqqı ödənilir.7E-5529 № ilə xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh ASC-də əmək hüquqlarının pozulması barədə etdiyi müraciətlə bağlı bildirir ki, "mən ərizəmdə qeyd etdiyim müddətdə xidmət müqaviləsi əsasında maliyyəçi üzrə məsləhət xidməti göstərmişəm. Buna baxmayaraq mənimlə əmək müqaviləsinin bağlanmasını tələb edirdim. Qanunvericiliyinin tələbləri cəmiyyətin hüquqşünası tərəfindən mənə izah olundu və məlum oldu ki, xidmət müqaviləsi ilə xidmət göstərəkən həmin şəxslə əmək müqaviləsi bağlanılmır. Onuda qeyd edim ki, bu səbəbdən də xidmət haqqımı tam aldığım üçün mənə əmək haqqı hesablanmamalıdır və ödənilməməlidir. Bu səbəbdən də mənim Cavabdeh ASC-yə qarşı heç bir şikayətim yoxdur və bu mövzu ilə bağlı gələcəkdə də heç bir şikayətim olmayacaqdır. Xahiş edirəm əvvəl etdiyim müraciətləri əsassız sayıb araşdırmayasınız”. İddiaçı verdiyi xx.xx.2018- ci ildə Bakı şəhəri 38 saylı notariat ofsində 7E-5529 reyestrdə rəsmiləşdirilmiş ərizəni ləğv edilməsini xx.xx.2018-cil il tarixdə (7 ay sonra) xahiş etmişdir.xx.xx.2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı 2017-ci ilin may ayı üçün 2 000 manat məbləğində pul ödənildi.xx.xx.2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı 2400 AZN son haqq hesab əmək haqqı və.s olan ödənişlər tam ödənildi.xx.xx.2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı xidmət müqaviləsi üçün 15 000 manat məbləğində pulunu almışdır.16.03.20l8-ci il tarixli ödəniş surətindən görünür ki, İddiaçı 2018-ci ilin fevral-mart ayları üçün 4000 manat məbləğində pulunu almışdır. Birinci instansiya məhkəməsində izahatları alınmış şahidlər, X3, X2, X4 ifadəsində mübahisəli pul vəsaitinin iddiaçı tərəfindən qəbul edilməsini təstiq etmişlər. Məhkəmə kollegiyası tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilsə də, cavabdehdən tələb olunan qəbzlərin əsilləri təqdim edilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Qeyd olunan qəbzlərin cavabdeh tərəfindən təqdim edilməsi tələb edilsə də, cavabdeh həmin qəbzləri birinci instansiya məhkəməsinə təqdim etdiyini bildirmişdir. Lakin iş materialları araşdırılarkən qeyd olunan qəbzlərin əsilləri deyil, surətləri müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmin mövqeyə uyğun qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsiprinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sona Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14- cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də "müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin "Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh "Cavabdeh” ASC arasında xx.xx.2017-ci il tarixli, FM/2017/42 saylı xidmətin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilədə görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, icraçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, FM/2017/42 saylı xidmətin göstərilməsi haqqında müqavilə üzrə İddiaçı 4 dəfə olmaqla nəğd qaydada xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərində müqavilədə göstərilən pul məbləği ödənilmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər də bildirmişdir ki, onlar xidmət müqaviləsi üzrə onlara ödəniləcək pulu almışlar. Göründüyü kimi Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etmiş, iddiaçıya verməli olduğu müqavilə ilə nəzərdə tutulan pulu vaxtında təhvil vermişdir. Bununla da müqavilənin şərtlərinə əməl etməklə, cavabdeh özünün risk dairəsinə daxil olan öhdəliyin icra etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, FM/2017/42 saylı xidmətin göstərilməsi haqqında müqavilənin bitdiyi müddətdə tərəflərin öhdəliklərinə xitam verilmiş və xidmət müqavilələrinə əsasən hesablanmış pul məbləğləri də tam olaraq ödənilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə gecikdirilmiş 21.800 manat pulun və gecikdirilmiş gün üçün ödənilməli olan kompensasiya məbləğinin tutulmasının rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya apellyasiya şikaytinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin etirazında istinad etdiyi hallara şübhə ilə yanaşmağa əsas verən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2018-ci il tarixdə notarial qaydada verdiyi ərizəsi, cavabdehin və şahidlərin izahatları iddiaçı tərəfindən pul vəsaitinin qəbul edilməsinə dəlalət edir. İddiaçının xx.xx.2018-ci il tarixdə notarial qaydada verdiyi ərizəni 7 ay sonra, yəni, xx.xx.2018-ci il tarixdə ləğv etdirməsinə dair ərizəsi isə, onun pul vəsaitini almamasını kollegiya ağlabatan hesab etmir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1728/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar