Məhkəmə qərarları › İş №2(103)-4960/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4960/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4960/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X7 və X5 ibarət tərkibdə, Cəfərli Pəri ilham qızının katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli ******* nömrəli, 13 aprel 2021-ci il tarixli ******* nömrəli, 13 yanvar 2022-ci il tarixli ******* nömrəli və 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktların ləğv edilməsi, iddiaçıya əsassız olaraq hesablanmış 6884,38 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdehlə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən evin qazla təchiz edilmiş və həmin ünvana smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda Cavabdeh İB tərəfindən iddiaçının evinə qazın verilməsi dayandırılmış, səbəb kimi qazdan qanunsuz istifadə etdiyinə görə aktların tərtib edildiyi, həmin aktlara əsasən iddiaçıya yüksək məbləğdə borcun hesablandığı bildirilmişdir. O, sayğaca və ya qaz xəttinə heç bir müdaxilə etməmiş və bununla bağlı sübut təqdim olunmamışdır. Əvvəl məhkəməyə müraciət etmiş, cavabdehin hərəkətləri qanunsuz sayılmış, bir akt üzrə borc silinmiş, lakin cavabdeh yenə də iddiaçıdan qanunsuz aktlara görə borc tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Əminə Abbasova) iş üzrə icraata 1095,40 manat borcun silinməsi hissədə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qalan hissədə qismən təmin edilərək, ünvan 1 ünvanı (abonent kodu:**********00003) üzrə X2 hesablanmış 5431,68 (beş min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 74,31 (yetmiş dörd manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi ilə Cavabdeh tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli ******* nömrəli, 13 aprel 2021-ci il tarixli ******* nömrəli, 13 yanvar 2022-ci il tarixli ******* nömrəli aktlar ləğv edilmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı tərəfindən qanunsuz qoşulma halının müəyyən olunması, Birliyin əməkdaşları tərəfindən müvafiq aktların tərtib oluması, aktların qanuni olması, müdaxilə faktının aşkar olunması, əlavə sərfiyyatın düzgün hesablanması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, məhkəmə qətnaməsinin ziddiyətli olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qanuni qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1203/2023 nömrəli qətnaməsi ilə iddiaçıya hesablanmış 1095,40 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Həmin qətnamə ilə hazırki iş üzrə də mübahisə predmeti olan 28 aprel 2020-ci il tarixli ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli ******* nömrəli, 13 aprel 2021-ci il tarixli ******* nömrəli, 13 yanvar 2022-ci il tarixli ******* nömrəli aktların qanunsuzluğu müəyyən edilsə də, onlara görə hesablanmış pul vəsaitləri tam silinməmiş, cəmi 1095,40 manat hissəsi silinmişdir. Bu səbəbdən də, həmin borclar abonent saldosunda qalmışdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə tələbdən kənara çıxmış, iddiaçı tərəfindən mübahisələndirilməyən aktlar üzrə də borcu silmişdir. Qeyd edilənlər əsasən, məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, orada göstərilənlərə, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia aşağıdakı göstərilən əsaslarla qismən təmin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tələbdən açıq-aşkar kənara çıxmış, qanuniliyi mübahisələndirilməyən aktlara hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşdən görünür ki, iddiaçı iddia ərizəsində - 28 aprel 2020-ci il tarixli ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli ******* nömrəli, 13 aprel 2021-ci il tarixli ******* nömrəli, 13 yanvar 2022-ci il tarixli ******* nömrəli və 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktların qanuiliyini mübahisələndirərək, onlara görə hesablanmış 6884,38 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sübutlardan (aktlar, abonent saldosu və s.) görünür ki, 28 aprel 2020-ci il tarixli akta əsasən – 302,40 manat, 29 yanvar 2021-ci il tarixli akta əsasən – 604,80 manat, 13 aprel 2021-ci il tarixli akta əsasən – 490,60 manat, 13 yanvar 2022-ci il tarixli akta əsasən – 1425,60 manat və 30 noyabr 2022-ci il tarixli akta əsasən – 2920,32 manat əlavə sərfiyyat hesablanmışdır. İşdə olan qanuni qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-1203/2023 nömrəli qətnaməsindən görünür ki, ünvan 2 ünvanına (abonent kodu: **********00003) üzrə X2 hesablanmış 1095,40 manat məbləğində borcun silinməsi qət olunmuşdur (həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır). Qeyd edilən mülki iş tələb olunaraq kollegiya tərəfindən ona baxış keçirilmiş, müəyyən olunmuşdur ki, hazırki iş üzrə mübahisələndirilən 30 noyabr 2022-ci il tarixli akt istisna olumaqla, yuxarıda göstərilən digər aktlar əvvəlki məhkəmə icraatı zamanı mübahisə predmeti olmuş, məhkəmə tərəfinjdən həmin aktların qanunsuzluğu tanınmış, lakin iddiaçı cəmi 1095,40 manat pul vəsaitinin silinməsini tələb etdiyindən məhkəmə işə tələb həddində baxaraq məhz həmin pul vəsaitinin silinməli olması nəticəsinə gəlmişdir. İddiaçı hazırki tələbində həmin aktlar üzrə qalan pul vəsatlərinin də (həmçinin 30 noyabr 2022-ci il tarixli akta əsasən 2920,32 manat pul vəsitinin) silinməsini tələb etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq qanuni mübahisələndirilməyən əlavə aktlara (xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar) da hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, gəlinən nəticə işin hallarına uyğun olmamış, qətnamə ziddiyyətli (hazırki işə aidiyyəti olmayan şəxs X4 barəsində tərtib olunmuş aktlara görə 3703,68 manat pul vəsaitinin silinməli olması qeyd edilmiş və s.) olmaqla, lazımi qaydada əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə yoxlanılan hissədə əsaslı və qanuni sayıla bilməz, apellyasiya şikayətinə əsasən həmin hissədə ləğv olunmalı, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə aktı maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin qeyd olunmalıdır ki, «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsaslar həmçinin cavabdeh qrum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktılarn tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bu istiqamətdə qeyd edilməlidir ki, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir (Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur.) Yuxarıda da qeyd edildiyi kimi, aktlar biri xx.xx.2022-ci il tarixində, yəni göstərilən norma qüvvədə olduğu vaxt tərtib olunmuş və həmin akta əsasən əlavə sərfiyyat (dəymiş ziyan) kimi hesablanmış müvafiq pul vəsaiti (2920,32 manat) tələb olunmuşdur. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı halda isə, cavabdeh orqan tərəfindən akt tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunmur. Belə olan halda isə, iddiaçının abonent hesabına qeyd edilən akta görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin iddiaçıdan tələb olunması qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmamaqla, əsassızdır. Bununla yanaşı, mübahisə predmeti olan digər aktların qanunvericiliyin tələblərinə uyğun olmaması və orada göstərilən halların cavabdeh tərəfindən sübuta yetirilməməsi müəyyən edilir. Həmçinin, yuxarıda da qeyd edildiy kimi qanuni qüvvədə məhkəmə aktları (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1203/2023 nömrəli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi) ilə, iddiaçı barədəsində tərtib olunmuş digər aktların qanunvericiliyə uyğun olmaması müəyyən edilmiş, lakin iddiaçı cəmi 1095,40 manat borcun silinməsini tələb etdiyindən, məhz həmin pul vəsaitinin silinməsi qət edilmişdir. Bu səbəbdən də eyni halların hazırki icraat çərçivəsində yenidən yoxlanılması prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edlmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarları). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olmayan müvafiq aktlara görə hesablanmış pul vəsaitlərinin silinməsini tələb etməkdə haqlı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, hazırki iş üzrə mübahisə predmeti olan aktlara görə ümumilikdə 5743,72 manat pul vsəaiti hesablanmış, ondan 1095,40 manat pul vəsaiti əvvəlki məhkəmə aktı üzrə silinmişdir. Bu səbəbdən də hazırki iş üzrə silinməli olan pul vəsaitlərinin ümumi məbləği 4648,32 manat təşkil edir. Cavabdeh bunun əksini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə aktı maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə (yəni, “ünvan 1 ünvanı (abonent kodu:**********00003) üzrə X2 hesablanmış 5431,68 manat məbləğində borcun silinməsi, cavabdehdən 74,31 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi” hissədə) ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, ünvan 1 ünvanı (abonent kodu:**********00003) üzrə X2 hesablanmış 4648,32 manat məbləğində borc (əlavə sərfiyyat) silinməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsmu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsmunu ödəməkdən azaddırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan, eləcə də qanunvericliyə əsasən istehlakı dövlət rüsmu ödəməkdən azad edildiyindən məhkəmə xərcini (iddianın təmin olunan hissəsinə mütənasib olaraq 66,48 manat dövlət rüsumu) cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (4648,32 manatdır). Bu səbəbdən də, qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X1 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə (yəni, “ünvan 1 ünvanı (abonent kodu:**********00003) üzrə X2 hesablanmış 5431,68 manat məbləğində borcun silinməsi, cavabdehdən 74,31 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi” hissədə) ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh tərəfindən iddiaçı AX2 (abonent kodu:**********00003) hesablanmış 4648,32 (dörd min altı yüz qırx səkkiz manat 32 qəpik) manat məbləğində borc (əlavə sərfiyyat) silinsin. Məhkəmə xərci Cavabdeh İB-nə aid edilsin. Cavabdehdən 66,48 (altmış altı manat 48 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinəödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar