Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-497/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” 2(005)-2742/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X9 cəlb edilməklə) “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın nəticələri haqqında 21/03 saylı protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli, 2(005)-472/2015 saylı qətnaməsi ilə ondan iddiaçı X5 xeyrinə 10000 (on min) manat borc və 30 manat dövlət rüsumu tutularaq ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilmişdir. Bundan sonra o, Nərimanov İcra şöbəsi vasitəsi ilə tələbkara müəyyən qədər pul ödəmişdir. İmkanı olmadığı üçün yerdə qalan pulu ödəyə bilməmişdir. Tələbkara Quba rayonu Əriməki kəndində yerləşən 0,06 sot torpağın üzərində 2 mərtəbəli evini satışa qoyduğunu və satılan kimi onun pulunu ödəyəcəyini bildirmişdir. Nərimanov İcra şöbəsi iddiaçının adına olan torpaq sahəsinə görə icra işini Cavabdeh2nə göndərmiş, Cavabdeh2 isə ona heç bir məlumat vermədən mülkiyyətində olan torpaq sahəsini qiymətləndirmə şirkətinə göndərmiş və qiymətləndirmə şirkəti torpağa heç bir baxış keçirmədən torpağa 4200 manat qiymət qoymuşdur. 13.02.2021-ci il tarixdə qiymətləndirmə şirkəti rəy yazmışdır. Bundan sonra 15.02.2021-ci il tarixdə Cavabdeh2 sifariş məktubu göndərərək iddiaçının mülkiyyətində olan torpağın hərracdan satışını "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC-yə 17.02.2021-ci il tarixdə məktub əlbəəl daxil olmuş və 23.02.20201-ci ildə tərəflərə hərracın 17.03.2021-ci il tarixdə keçrilməsinə dair məktub göndərmişdir. Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 17 mart 2021-ci il tarixli, 21/03 saylı protokoluna əsasən alıcı qismində X6 olmuşdur. Bunlar ona 26.04.2021-ci il tarixdə "xxxx" MMC-yə gedərək oradan sənədləri götürərkən məlum olmuşdur. "xxxx" MMC hərracı keçirərəkən iddiaçıya heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan mülkiyyətində olan Quba rayonu Əriməki kəndindəki 0.06 ha torpaq sahəsini 4200 manata X2. Bu barədə iddiaçıya göndərilən poçt sənədindən görünür. Çünki poçt sənədində heç bir tarix göstərilməmiş və icra şöbəsində onun faktiki hansı ünvanda yaşadığı və qeydiyyatının dəyişməsi barədə məlumat olmuşdur. Bundan əlavə qiymətləndirmə şirkəti olan "xxxx" MMC ilə "xxxx" MMC eyni ünvanda yerləşir və onların əlbir olaraq qərəzli şəkildə onun mülkiyyətində olan torpaq sahəsinin qanunsuzluğa yol verərək öz tanıdıqları vətəndaşa satmışlar. "xxxx" MMC tərəfindən protokol tərəflərə göndərilməli olsa belə bu barədə ona məlumat verilməmiş və göndərilməmişdir. Bu da onların mülkiyyətçiyə və əsas borclu olaraq ona qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Yuxarıda qeyd etdiyi bütün nöqsanlar hərracın qanunsuz keçirildiyini göstərir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı İddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli, 2(005)-472/2015 saylı icra vərəqəsi üzrə X7 3800 manat borcu qalıbdır. Apellyasiya baxışı zamanı mübahisəli torpaq sahəsinin hazırda mülkiyyətçisi olan X10 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X9 və X10 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.01.2015ci il tarixli, 2(005)-472/2015 saylı icra vərəqəsi üzrə borclu İddiaçı 10000 (on min) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tələbkar X5 xeyrinə ödənilməlidir. İş materiallarında olan Quba rayon İcra və probasiya şöbəsinin 15.02.2021-ci il tarixli, 59766/20-07 saylı məktubunun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.05.2019-cu ıl tarixli, 8(005)-353/2019 saylı qərardadına əsasən borclu İddiaçı məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsinin qiyməti 4200 manat müəyyən olunmuşdur. Borclu İddiaçı məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi açıq hərraca çıxarılaraq satılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surrətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 23.02.2021-ci il tarixli, 237 nömrəli buraxılışının surətindən görünür ki, İddiaçı məxsus olan Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı hərracın keçirilməsi tarixi barədə həmin qəzetdə elan verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, Quba rayon icra və probasiya şöbəsinə və X7 ünvanlanmış 23.02.2021-ci il tarixli, 01/547 saylı məktubun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli, 2(005)-472/15 saylı icra sənədi, Quba rayon İcra və probasiya şöbəsinin 15.02.2021-ci il tarixli, 59766/20-07 saylı sifariş məktubuna əsasən İddiaçı məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti 4200 (dörd min iki yüz) manat olmaqla 23.02.2021-ci il tarixində “Birja Yenilikləri” qəzetində elanı çıxmış və 17.03.2021-ci il tarixə, saat 11.00-da hərrac təyin olunmuşdur. İş materiallarında olan Hərrac təşkilatının hərracın yekunları barədə 17 mart 2021ci il tarixli, 21/03 nömrəli protokolunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus olan Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli, 8(005)-353/2019 saylı icra vərəqəsi, Cavabdeh2 15.02.2021-ci il tarixli, 59766/20-07 nömrəli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərracdakı satış qiyməti 4200 manata alıcı X1. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərrac təşkilatı mübahisəli torpaq sahəsinə dair hərracın keçirilməsini qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetdə elan verilmişdir. Nəticədə sözgedən torpaq sahəsi hərrac vasitəsilə satılmışdır. Məhkəmə hesab etmişdir ki, hərracla bağlı proseslər 2021-ci il tarixdə olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, qeyd edir ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları üzrə 24.11.2021-ci il tarixli, 02/21 saylı qərardadında qeyd edilmişdir ki, ipoteka predmeti olmayan əmlakın hərracının “İpoteka haqqında” Qanunun tələblərinə uyğun keçirilməsi həmin tələbkarın ipoteka saxlayanla eyniləşdirilməsi anlamına gəlir. Eyni yanaşma borclunun vergi ödəyicisi kimi siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına da aiddir. Bu səbəbdən də Ali Məhkəmə belə nəticəyə gəlmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə kollegiyası iddiaçının hərrac təşkilatı tərəfindən bildirişin onun yeni qeydiyyata alındığı və faktiki yaşadığı ünvana deyil, əvvəl qeydiyyatda olduğu ünvana göndərilməsi, bununla da onun hərracın keçirilməsi barədə məlumatlandırılmaması, icra şöbəsində onun faktiki hansı ünvanda yaşadığı və qeydiyyatının dəyişməsi barədə məlumatı olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ünvanının dəyişməsi barədə icra məmurunu məlumatlandırmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya baxışında iddiaçının təqdim etdiyi Abşeron rayon İcra Hakimiyyəti Başçının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23.11.2021-ci il tarixli, 2947 nömrəli arayışından və elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı yaşayış ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, ev 46-dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Apellyasiya instansiya məhkəməsinin soğrusu əsasında məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 14 dekabr 2021-ci il tarixli, **********09 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olmuş Quba rayonu, Ərməki kəndində yerləşən 0,06 ha torpaq sahəsi açıq hərracın nəticələri haqqında 17.03.2021-ci il tarixli, 21/03 nömrəli protokol və alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 06.07.2021-ci il tarixdə qeydiyyata alınmışdır. X6 Bakı şəhəri 36 saylı Notariat Kontorunun 27.07.2021-ci il tarixli, 4Ə-105 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirmiş və 17.08.2021-ci il tarixdə X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(005)- 2742/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-497/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-497/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver