Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4970/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-57/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Cavabdeh ASC tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Hacınski küçəsindəki 100 və 101 saylı yaşayış binası istiliklə təmin olunur. Hacınski 100 saylı yaşayış binası 9 mərtəbə, 5 giriş, 108 mənzildən, Hacınski küçəsi 101 saylı yaşayış binası isə 9 mərtəbə, 6 giriş, 72 mənzildən ibarətdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı istilik sisteminin texniki standartlara uyğun təmin edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binada istilik sisteminin texniki standartlar çərçivəsində quraşdırılmasının təmin edilməsi, istilikdən faydalanmadığı halda yaranan və tələb olunan abonent borcunun silinməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanun qarşısında cavab verməsini xahiş etmişdir.
3. İddiada göstərir ki, yaşadığı binada uzun müddət istilik təchizatı olmamışdır. Təxminən 8 il əvvəl istilik sistemi quraşdırılmış və bina istiliklə təmin olunmuşdur. Tikilən qazanxana iki binanı istiliklə təmin edir: Hacınski küçəsi ev 100 və ev 101. Quraşdırma zamanı mənzildaxili avadanlıqları sakinlər almış, quraşdırma xərclərini ödəmişlər. Lakin quraşdırma texniki standartların tələblərinə cavab vermir, uyğun gəlmir, istilikdən faydalana bilmir. 800 manata qədər çəkdiyi xərc hədər gedir, mənzili istiliklə təmin olunmur. Abonent haqqı şişir və ondan tələb olunur. Nəzarət olunmadan quraşdırılan istilik sistemini bəzi bloklarda sakinlər necəsə, bəzi bloklarda isə haradansa gəlib çıxan quraşdırıcılar quraşdırmışlar. Binanın texniki mərtəbəsi var. Təzyiq altında vurulan isti su bloklardan binanın texniki mərtəbəsinə qalxmalı, oradan aşağı paylanmalıdır. Lakin binada təzyiq altında vurulan isti su 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər radiatorları təchiz edərək qalxır, bir otaqdan digərinə kecərək, yenidən qazanxanaya qayıdır. Bu zaman 18 dəfə 900 bucaq altında borular kəskin əyilməyə məruz qalır. Bu isə temperatur, həm də təzyiq itkisinə gətirib çıxarır. 2 binanı təchiz edən qazanxanada 8 ədəd “Kombi” cihazı var, lakin onlardan 3 ədədi işlək vəziyyətdədir. Bu isə radiatorlarda isti su hənirtisi verir. Hər iki bina bir sistemdə yerləşir, eyni standartlar üzrə quraşdırmalar aparılmalıdır, müxtəlifliklər çoxdur. Ekspertiza təyin olusun və sakinlərin rəyi dinlənilsin. Binada istilik sisteminin texniki standartlara uyğun quraşdırılması təmin olunsun, ona faydalanmadığı istiliyə görə hesablanan 300 manat silinsin, o həmin borcu heç vaxt ödəməyəcək. "xxxx" ASC də qanun qarşısında cavab versin.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-57/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (X3) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı sakini olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, ev 100 Cavabdeh ASC tərəfindən istiliklə təmin edilir. İddiaçı iddia edir ki, Cavabdeh ASC yaşayış binasını, eləcə də onun yaşadığı mənzili texniki standartlara uyğun şəkildə istilik enerjisi ilə təmin etmir. Məhkəmə tərəfindən Cavabdeh ASC-nin mütəxəssisinin, eləcə də iddiaçının iştirakı ilə sözügedən yaşayış binasını istiliklə təmin edən qazanxanada, eləcə də iddiaçının mənzilində yerində müayinə keçirilmişdir. Bu zaman mütəxəssis tərəfindən qazanxanadakı qızdırıcılardan çıxan və daxil olan istiliyin dərəcəsi əyani şəkildə göstərilmiş, verilən istiliyin havanın temperaturuna və Cavabdeh ASC-nin müəyyən etdiyi standartlara uyğun olduğu qeyd edilmişdir. İddiaçının mənzilində yerində müayinə zamanı həm yaşayış otaqları, həm də mətbəxdə quraşdırılmış istilik sisteminə yenə mütəxəssisin və iddiaçının iştirakı ilə baxış keçirilmişdir. Mütəxəssis göstərmişdir ki, iddiaçının mənzilində quraşdırılmış qızdırıcıların (radiatorların) bölmələrinin sayı yaşayış otaqlarının sahələrinə mütənasib deyil. Həmçinin qızdırıcılara istilik daşıyan vintillər düzgün quraşdırılmamış, vintillər birbaşa qızdırıcıya birləşmək əvəzinə, bir neçə yerdən qaynaq edilmişdir. Həmçinin xüsusən mətbəxdə quraşdırılmış qızdırıcı vintillərdən çox aralı məsafədə yerləşdirilmişdir. Bütün bu səbəblərdən istilik daşıyıcısı (su) vintillərdən qızdırıcıya daxil olana qədər soyuyur və bu da mənzilin istilik enerjisi ilə təmin edilmə keyfiyyətini aşağı salır. Yerində müayinədə iştirak edən iddiaçı isə bildirmişdir ki, bütün bu qeyd edilən nöqsanlara görə məsuliyyəti cavabdeh daşıyır. Çünki mənzil daxilində istilik sisteminin normalara uyğun quraşdırılması cavabdehin vəzifəsi olmuşdur. Məhkəmə yerində müayinədə iştirak etmiş mütəxəssisin məhz iş üzrə cavabdehin nümayəndəsi olduğunu nəzərə alaraq, obyektivliyi təmin etmək məqsədilə mübahisə tərəflərinin heç birinə bağlılığı olmayan üçüncü bir şəxsi - "xxxx" MMC-ni iş üzrə mütəxəssis kimi cəlb etmişdir. Həmin MMC-nin nümayəndələri tərəfindən də həm yaşayış binasını istilik enerjisi ilə təmin edən qazanxanaya, həm də iddiaçının mənzilinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Verilmiş rəydə baxış keçirilən zaman qazanxananın işlək vəziyyətdə olduğu, qazanxananın bütün texniki standartlara uyğun quraşdırıldığı və qazanxanadan verilən istiliyin yaşayış binasının keyfiyyətli istilik təchizatını təmin etmək səviyyəsində olduğu, həmçinin yaşayış binasının aşağı paylayıcı istilik sistemlərində hər hansı qüsurun aşkarlanmadığı qeyd edilmişdir. Bundan başqa, rəydə göstərilmişdir ki, yaşayış binaları köhnə tipli olduqlarından və heç bir enerjiqoruyucu tədbir görülmədiyindən binalar ümumilikdə enerjieffektivlik tələblərinə cavab vermir. Həm bu səbəbdən, həm də mənzildaxili istilik sistemi quraşdırılarkən texnoloji ardıcıllıq, tikinti norma və qaydaları pozulduğundan iddiaçının mənzilində istiliyin temperaturunun nisbətən aşağı olduğu nəticəsinə gəlinmişdir. Göründüyü kimi, həm yerində müayinə zamanı Cavabdeh ASC-nin mütəxəssisi tərəfindən əyani şəkildə göstərilməklə, həm də iş üzrə mütəxəssis kimi cəlb edilmiş hüquqi şəxsin verdiyi yazılı rəy əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı binanı istiliklə təmin edən binanın qazanxanasında, eləcə də binanın aşağı paylayıcı istilik sistemlərində nöqsan yoxdur. Bununla belə, iddiaçının mənzilinə verilən istiliyin temperaturu aşağıdır. Ona görə ki, həm yaşayış binası köhnə olduğundan enerjieffektiv deyil (istilik itkilərinə qarşı izolyasiya olunmaması, fasad enerji qoruyucu üzlük qatının olmaması və s.), həm də mənzildaxili istilik sistemi düzgün quraşdırılmamışdır. İddiaçı mənzildaxili istilik sisteminin düzgün quraşdırılmamasına görə məsuliyyətin Cavabdeh ASC-nin üzərinə düşdüyünü iddia etsə də, məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, Cavabdeh ASC-nin mənzildaxili istilik sistemlərini quraşdırmaq kimi bir vəzifəsi yoxdur. Cavabdeh ASC respublika ərazisində istilik enerjisinin istehsalı, ötürülməsi və paylanması istiqamətində fəaliyyət göstərir və onun “paylama” funksiyası obyektləri istiliklə təmin edən istilik enerjisi mənbələrinin (hazırkı işdə qazanxana) düzgün fəaliyyətinin və həmin mənbədən obyektə qədər istilik enerjisinin daşınmasının təmin edilməsindən ibarətdir. Buna uyğun olaraq, qazanxana və yaşayış binasının aşağı paylayıcı qurğusu normal fəaliyyət göstərdiyi halda yaşayış binasının köhnə olması, bu səbəbdən enerjieffektiv olmaması, mənzildaxili istilik sistemlərinin düzgün quraşdırılmaması kimi hallara görə ayrı-ayrı şəxslərin mənzillərinə çatan istilik enerjisinin temperaturu aşağıdırsa, buna görə məsuliyyət cavabdeh təşkilatın üzərinə düşə bilməz. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin bu problemləri aradan qaldırmaq kimi bir vəzifəsi, yaxud funksiyası yoxdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 3.2.13-cü bəndindən də görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verə bilər. Göründüyü kimi, Cavabdeh ASC-nin istilik enerjisinin mənzillərə paylanmasını təşkil etmək vəzifəsi yoxdur, lakin əgər şəxs müraciət edərsə, istilik enerjisi təchizatı sisteminə qoşulmaq üçün müvafiq texniki şərtlər verə bilər. Hazırkı işdə belə bir hal müəyyən edilməmiş, iddiaçı mənzildaxili istilik sistemini məhz cavabdeh təşkilatın verdiyi texniki şərt əsasında quraşdırdığını iddia etməmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçının mənzilində istilik normadan aşağıdırsa, buna görə məsuliyyəti mənzildaxili istilik sistemini düzgün quraşdırmamış iddiaçı daşıyır. Təsadüfi deyil ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçı ilə eyni binada yaşayan bir neçə sakinin mənzillərinə verilən istiliklə bağlı mövqeləri öyrənilmiş, həmin sakinlər mənzillərinə verilən istiliyin onları qane etdiyini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi – binada istilik sisteminin texniki standartlar çərçivəsində quraşdırılması hissəsində əsassız olmuşdur. İddia tələbinin növbəti hissəsi istilik enerjisindən faydalanılmadığı halda tələb edildiyi iddia edilən abonent borcunun silinməsi ilə bağlıdır ki, məhkəmə bu hissədə də iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Artıq yuxarıda da qeyd edildiyi kimi, iddiaçının mənzilində istiliyin temperaturunun nisbətən aşağı olmasının səbəbi yaşayış binasına istilik enerjisinin lazımınca verilməməsi deyil. Belə olan halda iddiaçı istehlak etdiyi istilik enerjisinin dəyərini ödəməlidir. İddia tələbinin növbəti hissəsi Cavabdeh ASC-nin qanun qarşısında cavab verməsi ilə bağlıdır ki, bu hissədə tələb həm qeyri-müəyyən olduğundan, həm də yuxarıda qeyd edilənlərə əsasən iddiaçının mənzilinə çatan istilik enerjisinin temperaturunun az olmasında cavabdeh təşkilatın təqsiri müəyyən olunmadığından iddia bu hissədə də təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin nəinki ondan, binanın heç bir sakinindən abonent haqqı tələb etməyə haqqı yoxdur. Cavabdeh ilə onun arasında bağlanmış müqavilənin surətinin məhkəmə təqdim edilməsini və şərtləri ilə özünün tanış edilməsini tələb edir. X3, qazanxana işçisi Tural Qarayev, elektroqaz MMC-nin direktoru Elnur Cəmilli və cavabdehin nümayəndəsi Nəsirov Raufun məhkəmə iclasında iştirakı təmin edilməli, ona olan etinasız münasibətinə görə hər biri qanun qarşısında cavab verməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəmə yekun nəticəyə gələrkən "xxxx" MMC tərəfindən tərtib edilmiş rəyə əsaslanıb. Halbuki, onun yaşadığı mənzildə temperatur normadan aşağıdır, mənzilində soyuqdan durmaq mümkün deyil. Özü də bu sahədə mütəxəssisdir. Hazırki vəziyyətə qanunvericilik baxımından nə tətbiq olunmalı olduğunu düzgün bilməyə bilər, lakin məsələnin texniki tərəfi ilə bağlı mütəxəssis kimi bildirir ki, cavabdeh ASC quraşdırmanı düzgün aparmadığından mənzili normal istiliklə təmin olunmur. Mövcud vəziyyətlə bağlı qonşuların iştirakı ilə aktlar da tərtib edilib. Odur ki, məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təmsil etdiyi ASC-nin öhdəliyi istilik enerjisini xətlərlə yaşayış binasına çatdırmaqdır. Bundan sonra, binanın daxilində istilik enerjisinin paylanması müvafiq yerli icra hakimiyyət orqanının və ya MKTB-nin, mənzillərə çəkilməsi isə mənzil mülkiyyəçilərinin öhdəliyinə aid oln məsələdir. Belə ki, ASC-nin Nizamnaməsində də istilik enerjisinin yaşayış binasına çatdırılması vəzifəsi göstərilmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 136.1 və 136.1.3. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqlardan biri də kommunal xidmətlərə görə haqqdır. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”:
1.1. Tətbiq sahələri. 1.1.3. Elektrik və istilik qurğularının əsas və yardımçı avadanlıqlarının mexaniki və avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi, tikilməsi, quraşdırılması və istismarının təşkili qüvvədə olan qaydalara və tikinti normalarına uyğun olmalıdır. 1.2. Qurğulara dair tələblər. 1.2.3. Elektrik və istilik qurğuları, quruluşları və şəbəkələrinin istismarı müvafiq qurumların təsdiq etdiyi normativ sənədlərinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
11. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 3. Elektrik və istilik enerjisi ilə təchizatın subyektləri. Enerji təchizatı müəssisələri hüquqi şəxs olub müqavilələr əsasında elektrik və istilik enerjisini dövlət elektroenergetika müəssisəsindən və istehsalçılardan satın alır, müvafiq texniki və iqtisadi şərtlər razılaşdırılmaqla istehlakçılara satır. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilir.
12.“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 9.1. Enerji effektivliyi üzrə xidmətlər sifarişçi ilə enerji effektivliyi xidmətlərinin icraçısı arasında bağlanmış müqavilə əsasında göstərilir.
13.“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.5-ci bəndinə görə, yerli icra hakimiyyətləri əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığına görə iddia haqlı sayılmır.
22. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tikinti texniki ekspertiza təyin edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilsə də tikinti eksperti bu sahədə xüsusi biliyə malik olmadığını bəyan edərək ekspertiza aparılmasından imtina etmişdir. Bundan sonra "xxxx" MMC-dən alınmış rəydə göstərilb ki, qeyd olunan yaşayış binası Cavabdeh ASC-yə məxsus DKTİQ 920-5 saylı qazanxana vasitəsi ilə istiliklə təmin olunur. Həmin qazanxana vasitəsi ilə Suraxanı rayonu, Hacınski küçəsi 101 saylı yaşayış binası da istiliklə təmin olunur. Hacınski 100 saylı yaşayış binası 9 mərtəbə, 5 giriş, 108 mənzildən, Hacınski küçəsi 101 saylı yaşayış binası isə 9 mərtəbə, 6 giriş, 72 mənzildən ibarətdir. Yaşayış binalarının birlikdə tələb olunan istilik gücü 735450.41 kkal/saat təşkil edir. Qeyd olunan yaşayış binalarının layihə üzrə istilik təchizatını həyata keçirən qazanxanada 8 ədəd “Walson” markalı 115 kw gücündə divar qazanları (kombi) quraşdırılmışdır. Qazanxananın gücü 8 x 115 kw = 920 kw təşkil edir ki, bu da 920 kw x 860 = 792200 kkal/saat deməkdir. Qazanxanada quraşdırılmış nasos və mühərriklər qrupu binanın tələbatına uyğun seçilərək quraşdırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirib ki, Cavabdeh ASC-yə məxsus DKTİQ 920-5 saylı qazanxananın gücü həmin binaların istiliklə təmin olunması üçün yetərlidir. Baxış keçirilən zaman qazanxana işlək vəziyyətdə idi. Qazanxana bütün texniki standartlara uyğun quraşdırılıb və qazanxanadan verilən istilik həmin binaların keyfiyyətli istilik təchizatını təmin etmək səviyyəsindədir. Baxış zamanı Hacınski küçəsi 100 saylı yaşayış binasının aşağı paylayıcı istilik sistemlərində hər hansı bir qüsur aşkarlanmamışdır. Çoxmənzilli yaşayış binalarında binadaxili və ya mənzildaxili istilik sistemlərinin düzgün quraşdırılması istiliyin keyfiyyətinə birbaşa təsir edən amillərdən hesab olunur. Bundan başqa, həmin qazanxanadan istiliklə təmin olunan yaşayış binaları köhnə tipli olduğundan və binada heç bir enerji qoruyucu tədbirlər görülmədiyindən bina ümumilikdə enerjieffektivlik tələblərinə cavab vermir. Yəni, binanın istilik itkilərinə qarşı izolyasiya olunmaması, heç bir fasad enerji qoruyucu üzlük qatının olmaması, giriş qapıların və pəncərələrinin açıq olması, zirzəmidəki problemlər, binadaxili, mənzildaxili problemlər əlavə enerji itkilərinə səbəb olmaqla enerji ehtiyaclarının tam ödənilməsinə imkan vermir ki, bu da mənzillərdə əlavə qızdırıcıların quraşdırılmasına təlabat yaradır. Hazırda vətəndaşın mənzili istiliklə təmin olunur. Amma müraciət edən sakinin mənzili də daxil olmaqla mənzildaxili istilik sistemləri quraşdırılarkən texnoloji ardıcıllıq, tikinti norma və qaydalarının tələbləri pozulduğundan, həmçinin yuxarıda qeyd olunan digər səbəblərdən həmin mənzildə istiliyin temperaturu nisbətən aşağıdır. Bununla əlaqadar olaraq bildiririb ki, həmin mənzilin mövcud parametrlərə uyğun istiliklə təmin olunması üçün qeyd olunan problemlər aradan qaldırılmalıdır. Əlavə olaraq bildirilib ki, istilik təchizatının keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə cəmiyyət tərəfindən qazanxanada əlavə qazanların quraşdırılması məsələsinə də baxıla bilər”. Göründüyü kimi, qeyd olunan rəylə iddia tələbinin əsaslı olmadığı açıq-aşkar təsdiq olunur. Başqa sözlə, iddiaçının bəyan etdikləri, yəni mənzilində istiliyin zəif olması həqiqi olsa belə, bu hal cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı deyildir. 23.Apellyasiya şikayətinin dəlillərinə nəzər yetirildikdə də bəlli olur ki, əslində bu dəlillərin şikayətin təmin ediləcəyinə təsir edəcək heç bir əhəmiyyəti yoxdur. Çünki, cavabdeh qurumun ondan komunal xidmət haqqı tələb etməsi qanunvericilikdən irəli gəlir. Əlbətdə ki, cavabdeh qurum iddiaçı qarşısında olan öhdəliyini təqsiri ucbatından pozmuş olarsa, başqa sözlə öhdəliyini icra etməsə yaxud lazımınca icra etməsə məsuliyyət daşıya bilər. Ancaq iddiaçının mövqeyinə görə ona etinasız münasibət öhdəliyin pozulması ilə əlaqədar deyilsə şikayətin təmin edilməsi də mümkün sayılmır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bütün dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verilməklə düzgün nəticəyə gəlinmişdir.
24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-57/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-57/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.