Məhkəmə qərarları › İş №2(103)-4975/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4975/2021

03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4975/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-943/2021 saylı 19.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanı üzrə hesablanmış 308 (üç yüz səkkiz) manat məbləğində borcun silinməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona hesablanmış 325 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda yerləşən yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş, **********00010 saylı abonent kodu açılaraq, Smart-kart tipli sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin quraşdırılmış sayğac cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən çıxardılaraq, yerinə yeni sayğac quraşdırılmışdır. Bundan sonra yeni sayğacla qazdan istifadə etməyə başlamış, bir müddətdən sonra isə iddiaçıya borcla bağlı sənəd təqdim olunmuşdur. Bu barədə o, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşlarından soruşduqda, onlar həmin sayğacda kənar müdaxilənin aşkar olunmasını bildirmiş və bu əsasla cavabdeh tərəfindən 325 manat zərər hesablanmışdır. İddiaçıya məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuş, sayğacın üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plomblar cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh onu sayğacın kənar təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ondan 325 manat tələb etsə də, onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilməsi üçün ilk əvvəl sayğacın içini açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan isə bunu etmək mümkün deyil. Məhz bu baxımdan da cavabdeh “Cavabdeh” İB tərəfindən ona hesablanmış borc əsassız hesab edilərək silinməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi Zaur Qurbanov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsinin, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş ******* saylı, 02.09.2020–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, Araşdırma zamanı İddiaçı istifadəsində olmuş smart itron tipli G-4 markalı 1202AQ**********1 nömrəli qaz ayğacının klapanı bağlanmadığına görə ödəniş edilmədən mənzildə təbii qazdan istifadə edildiyi aşkarlanaraq 02.09.2020-ci il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, qraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunaraq yeni G-4 markalı **********0 nömrəli mexaniki qaz sayğacı ilə əvəzləndiyi məlum olmuşdur. 08.12.2020-ci il tarixinə abonent hesabında mövcud olan 308.00 manat borc məbləği İddiaçı tərəfindən ödənilməlidir. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı cavabdan aydın olur ki, iddiaçının istifadəsində olan sayğac dəyişdirilərkən qaz ayğacının klapanın bağlanmadığı aşkar edilmiş və bu hal ödəniş edilmədən mənzildə təbii qazdan istifadə edilməsi kimi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşə əlavə edilmiş sənəddən görünür ki, ididaçının hazırda borcu 308 manatdır. Göründüyü kimi, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 308 manat məbləğində borcun silinməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə olan 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar