Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4975/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1629/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsi 16 saylı evin 6 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan həmin mənzildə istifadə edilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılaraq ona **********60007 saylı abonent kodu verilmişdir. 28 iyun 2022-ci il tarixdə tərtib olunmuş 142021 saylı protokoldan (Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında); 30 iyun 2022-ci il tarixdə tərtib olunmuş 004540 saylı akt-protokoldan (sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında); 16 dekabr 2022-ci il tarixli Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə istifadə edilən elektrik enerjisinin sərfiyyatını hesablayan A030811290 nömrəli sayğac çıxarılaraq, yerinə yeni sayğac (dövlət möhürü 1980529, alt qapaq möhürü 1903817) quraşdırılmış, sayğaca dair rəy verilməsi barədə göstəriş verilmişdir. Çıxarılan sayğac yoxlanılarkən sayğacın möhürünün normal olduğu, lakin sayğacın gövdəsinin arxa hissəsinin germetik hissədən kəsilərək daxili sxeminin dəyişdirildiyi, sayğaca müdaxilə olunduğu, sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. İtirilmiş elektrik enerjisinə görə 576 manat 58 qəpik borc hesablanaraq, iddiaçının abunə koduna əlavə edilmişdir. Sayğac yoxlanılarkən və aktprotokol tərtib olunarkən abonentin iştirakı təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İdidaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə **********60007 saylı abonent koduna "xxxx" ASC tərəfindən əsassız yazılmış 576,62 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi 16 saylı evin 7 saylı mənzili faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvana **********60007 saylı abonent kodu verilməklə, cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunur. Həmişə mənzilə verilən elektrik enerjisinin dəyərini vaxtaşırı ödəyir. 30 iyun 2022-ci il tarixdə cavabdehin əməkdaşları onun yaşadığı ünvana gələrək, sayğac yaxşı işləmir deyə sayğac dəyişdirilmişdir. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. 16 dekabr 2023-cü il tarixdə ona göndərilən bildirişdən məlum olmuşdur ki, onun iştirakı və xəbəri olmadan götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 576,62 manat borc yazılmışdır. Guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Qeyd edir ki, o, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. 576,62 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirmək istəyir ki, sayğac çıxarılan zaman cavabdehin əməkdaşları tərəfindən sayğaca müdaxilə olunması aşkar edilməmişdir. Ona görə də, hesab edir ki, əsassız olaraq borc kimi yazılmış 576,62 manat "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun tərəfindən və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Müdaxilənin məhz o, yaxud onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman müdaxilə cavabdehin əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Azərbaycan Respublikası DNŞnin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o, yaxud onun ailə üzvləri tərəfindən müdaxilə olunub olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, hesablanmış borc qanunsuzdur və heç bir sübuta söykənməyən əsassız akt olmuşdur. Elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və onun hüquqları pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, akt abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz onun təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən sübut yoxdur. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Belə olan halda, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq 576,62 manat borc hesablanmışdır.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(006)-1629/2023 nömrəli qətnaməsi ilə (hakim X3) iddia tələbi təmin edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, borc müəyyən edilərkən qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən sayğacın zədələnməsi araşdılarkən və akt tərtib edilərkən, istehlakçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Göstərilənlərə əsasən akt üzrə İddiaçı adına olan **********60007 saylı abonent koduna hesablanmış 576 manat 62 qəpik elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.1-ci, 7.2-ci, 7.6-cı, bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya Məlahət Paşa qızına məxsus Bakı ş.,Nəsimi rayonu,R.Behbudov küç,ev16,mən 7 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********60007) quraşdırılmış A030811290M159052 nömrəli elektrik sayğacıyenisi ilə əvəz olunaraq, xx.xx.2022-ci il tarixli 142021 saylı sayğac dəyişmə protokol tərtib edilmişdir və laboratoriya mərkəzinə yoxlanması üçün göndərilmişdir. Yoxlama nəticəsi xx.xx.2022-ci il tarixli 004540 saylı akt-protokolda qeyd edilmişdir “dövlət möhürü normaldır. Sayğacın gövdəsinin arxa hissəsi qermetik hissədən kəsilərək daxili sxem dəyişdirilib. Sayğaca müdaxilə olunub.” Həmin akt-protokol üzrə 4.435( 5A*0,22*(0.7)*24 saat*240 gün ) kvts. itirilmiş elektrik enerjisinin dəyəri 576,58 manat (4.435kvts*0,13man) məbləğində müəyyən edilməklə abonentin abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Bu səbəbdən, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
12. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; xx.xx.2022-ci il tarixədək olan redaksiyada 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır.
20. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi, borc müəyyən edilərkən qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən sayğacın zədələnməsi araşdılarkən və akt tərtib edilərkən, istehlakçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır.
21. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 576,62 manat məbləğində borcu iddiaçının abunə hesabından silmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.
22. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1629/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.