Məhkəmə qərarları › İş №2(103)-4977/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4977/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4977/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: sığorta pulunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(006)-1833/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 161 nömrəli arayışından görünür ki, İddiaçı barəsində “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatından sonrakı vəziyyət. Travmadır. Hərbi xidmət dövründə alınmışdır. Neyrosirkulyator asteniya, kardial tip, cüzi dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları ilə. Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” məzmununda diaqnoz qoyulmuş, travmanın və xəstəliyin səbəb əlaqəsi göstərilmişdir. “Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir” barədə qərar qəbul edilmişdir.

2. 29.12.2010-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər İddiaçı xəsarət alması faktında cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4641/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müavinət qrupu üzrə “Vətən müharibəsi iştirakçılarına” növlü 80 (səksən) manat məbləğində müavinət təyin edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1650 (min altı yüz əlli) manat məbləğində sığorta pulunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7 İddiaçı tələbini belə əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman tank əleyhinə maneə olaraq hazırladıqları beton dirəyin qismən aşması nəticəsində İddiaçı sol körpücük sümüyü sınmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xx.xx.2011-ci il tarixdə “sol körpücük sümüyü korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi” cərrahi əməliyyat keçirmişdir. Həmin əməliyyatdan sonra sığorta ödənişinin verilməsi üçün iddiaçı tərəfindən Hərbi Hissə komandanlığına edilmiş müraciətlər müsbət nəticə verməmişdir. İddiaçının müddətli həqiqi hərbi xidmətdən təxris olduqdan sonra sığorta ödənişinin verilməsi üçün müvafiq sığorta orqanına müraciətləri də müsbət nəticə verməmişdir. Xəsarətin dərəcəsinin müəyyən edilməsi barədə ekspertiza rəyinin təsdiqlənmiş surəti ilə iddiaçının müraciətinə cavabdeh orqan xx.xx.2023-cü il tarixli cavab məktubunda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Həmin qətnamə ilə cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya şirkətinə qarşı "siğorta ödənişinin verilməsi tələbinə dair" iddia xəsarətin dərəcəsi barədə sənəd təqdim olunmadığına görə rədd edilmişdir. Lakin həmin qətnamə iddiaçının sığorta ödənişini almaq və təkrar məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır. Həmin qətnamədə iddiaçıya izah edilmişdir ki, həqiqi hərbi xidmət dövründə aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir, iddiaçının aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən «sığorta ödənişinin verilməsi» tələbinə dair məhkəməyə müraciət edə bilər. Silahlı Qüvvələrin Mərkəzi Məhkəmə X2 284 nömrəli aktına əsasən, sözügedən xəsarət dərəcəsinə görə sağlamlığa “az ağır zərər” vurmaya aid edilmişdir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1833/2023 saylı qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) ilə (hakim Abidova Günay) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1650 (bir min altı yüz əlli) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, əvvəlki və hazırkı mülki işlər üzrə iddiaçı tərəfindən sığorta ödənişinin alınması üçün tələb olunan sənəd təqdim edilməmiş, habelə əvvəlki məhkəmə icraatı üzrə məhkəmə tərəfindən aidiyyəti quruma dəfələrlə sorğu məktublarının göndərilməsinə baxmayaraq, məhkəməyə iş materiallarında olan Mərkəzi Hərbi Həkim Komissiyasının 161 saylı arayışından başqa sənəd təqdim edilməmişdir. Həmin arayış isə qanunla nəzərdə tutulan arayış hesab olunmur, həmçinin xəsarətin dərəcəsini müəyyən etmir.Canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli aktından da göründüyü kimi, İddiaçı izahatında göstərilən şəraitdə xəsarət alması faktı şəxsin mülahizələrini təşkil edir və xəsarət faktının aktlaşdırılması ilə əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilmir. Buna müvafiq surətdə ekspert rəyində İddiaçı xəsarətinin xarakterini nəzərə alaraq, həmin xəsarətin özünün göstərdiyi şəraitdə alınmasının az inandırıcı olması əsaslandırılmışdır. Əvvəlki mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş və məhkəmə tərəfindən hüquqi qiymət verilərək nəzərə alınmadığına, qanunvericiliklə nəzərdə tutulmuş arayış hesab olunmadığına, eyni zamanda, sığorta hüquq münasibətlərinə aidiyyəti olmadığına görə, hesab edirik ki, iddiaçının təqdim etdiyi ekspert rəyi nə yeni hal kimi qəbul oluna, nə də nəzərə alına bilər. Qanunda nəzərdə tutulmuş xəsarətin(yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı dedikdə, AR Müdafiə nazirinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli əmri ilə qüvvəyə minmiş Təlimatın 176, 180, 181-ci bəndlərinə 20 nömrəli qoşma başa düşülür və sığorta ödənişi məhz həmin arayış əsasında verilir. İddiaçı nə əvvəlki, nə hazırkı mülki iş üzrə həmin arayışı məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddianın hüquqi əsası kimi istinad edilən hal sübuta yetirilmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11 İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyatorun heç nə ilə təsdiqlənməyən arqumenti işin faktiki halları ilə və mülki işin materilları ilə təsdiqlənmir. Mülki mübahisə üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi ve prosessual hüquq normalarına uyğun qaydada qəbul edilmiş, kifayət qədər ədalətli va qanuni məhkəmə aktıdır.

ç) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətini müdafiə etdi.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə münasibətini yazılı etirazda qeyd etdiyini bildirərək müdafiə etdiyini bildirdi.

Tətbiq edilən hüquq

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu

14. Maddə 2- bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna AzərbaycanRespublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

15. Maddə 27 hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanunu 16.Maddə 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi;

17. Maddə 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

18. Maddə 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;

19. Maddə 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal;

20. Maddə 5 Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Cavabdeh tərəfindən qətnamənin tam ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 27.Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

28. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 161 nömrəli arayışından görünür ki, İddiaçı barəsində “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatından sonrakı vəziyyət. Travmadır. Hərbi xidmət dövründə alınmışdır. Neyrosirkulyator asteniya, kardial tip, cüzi dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları ilə. Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” məzmununda diaqnoz qoyulmuş, travmanın və xəstəliyin səbəb əlaqəsi göstərilmişdir. 29.Silahlı Qüvvələrin Məhkəmə X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli xx.xx.2010-cu il tarixli aktından görünür ki, İddiaçı almış olduğu xəsarət - sol körpücük sümüyünün sınığı – bərk küt əşyanın xəsarət nahiyəsinə birbaşa zərbəvi təsirindən törənmişdir, müddəti şəxsin məhkəmə-tibbi müayinəsindən 20-25 gün öncə yetirilməyə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. 30.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət dövründə xəstəliklə nəticələnən travma alması, bunun nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsi, müvafiq ekspert rəyi ilə sağlamlığına dəyən zərərin az ağır kimi qiymətləndirilməsi iş materiallarında olan sənədlərlə təsdiq edilir və işin mübahisəsiz hallarını təşkil edir. 31.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən eyni tərəflər arasında, eyni predmet və əsaslarla məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan mülki işin icraatına xitam verilməsi məhkəmədən xahiş edilsə də, iş üzrə əvvəllər qəbul edilmiş qətnamələrdə qeyd edilmiş “iddiaçının xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması”na dair ifadələrini və iddiaçı tərəfindən təqdim edilmiş Silahlı Qüvvələrin Məhkəmə X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə 284 nömrəli xx.xx.2010-cu il tarixli aktını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, qeyd edilən aktdan görünür ki, iddiaçıya vurulmuş xəsarətin dərəcəsi müəyyən edilmiş, bu barədə ekspert rəyi verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(006)-1833/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar