Məhkəmə qərarları › İş №2(103)-4978/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4978/2021

30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4978/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı aktın etibarsız hesab edilməsi və 756 manat qanunsuz olaraq yazılmış borcun **********04225 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(010)-999/21) iddia qismən təmin edilərək cavabdeh "Cavabdeh" İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********04225) hesablanmış 756 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia tələbi aktın ləğv edilməsi hissəsində təmin olunmamışdır. Cavabdeh “Cavabdeh” İB apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 11.10.2018-ci il tarixindən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qeyd edilən yaşayış evini aldıqdan sonra qazın çəkilməsi üçün “Cavabdeh” İB-nə müraciət etmiş, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və G-4 İtron Smart-kart tipli sayğac (abonent kodu: **********04225) quraşdırılmışdır. Cavabdeh tərəfindən qaz xəttinə sayğac çəkilərkən sayğaca rezin boru keçirilmişdir. Lakin iddiaçı Cavabdeh əməkdaşlarına bunun qeyri-qanuni olduğunu bildirdikdə, Cavabdeh əməkdaşları müvəqqəti rezin boru qoşulmalı olduğunu bildirmişlər. Daha sonra 30.12.2019-cu il tarixində Cavabdeh əməkdaşları ünvana gələrək, həmin sayğacdan kənar qeyri-qanuni qaz xəttinin qoşulması barədə ******* saylı Akt tərtib edərək ona 756 manat məbləğində cərimə hesablanmışdır. Bununla bağlı Cavabdehnə müraciət etsə də, müraciəti cavabsız olmuşdur. Hal-hazırda qazın kartına pul yüklədikdə Cavabdeh tərəfindən pulun müəyyən hissəsini əsassız hesablanmış borca çıxırlar. Cavabdeh əməkdaşları tərəfindən quraşdırılmış sayğac indiyədək səliqəli işlədilmiş və qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəfindən əsassız olaraq pul tələb edilməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Cərimə borcuna görə qazın verilişinə məhdudiyyət qoyulub. Bu səbəblə o, hazırda 756 manat məbləğində borcun silinməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onunla bağlanmış müqavilənin bəndlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda iddiaçının təbii qazdan istifadə qaydalarını pozduğuna görə 756 manat debitor borcu qalmışdır. İddiaçı qaz xəttinə qeyri-qanuni qoşulmanı etiraf etmiş və hal-hazırda təbii qazdan qeyri-qanuni istifadə etməyi davam etdirdiyini etiraf etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddianın təmin olunmayan hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnaməni apellyasiya qaydasında yalnız cavabdeh mübahisələndirmiş və şikayətin məzmunundan göründüyü kimi o, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını və həmin hissədə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı yaşadığı evi 2018-ci ildə almış, 2019-cu ilin noyabr ayının 21-də iddiaçı ilə cavabdeh qurum arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, elə həmin tarixdə də, iddiaçının evinə yeni qaz sayğacı quraşdırılmışdır. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, həmin tarixə kimi iddiaçının evində sayğac olmamışdır. Tərəflərin izahatlarından, həmçinin o da müəyyən edilir ki, iddiaçı kommunal xidmətlər (qaz, işıq və su təminatı) təmin edildikdən sonra həmin evdə yaşamağa başlamışdır. Cavabdeh təşkilatın əməkdaşlarının qaz sayğacına baxış keçirilən zaman kənar xəttin aşkarlanması barədə Aktı 30.12.2019-cu ildə tərtib edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən boş sayğac yuvasında boruların bir-birinə rezin şlanq vasitəsilə birləşdirildiyi əks olunmuşdur. Həmin fotoşəkillərin nə vaxt çəkildiyi müəyyən edilmir. Lakin, sayğacın 21.11.2019-cu il tarixdə quraşdırıldığı, pozuntunun aşkar edilməsi barədə aktın isə 30.12.2019-cu ildə tərtib edildiyi nəzərə alınarsa, belə qənaətə gəlmək olar ki, fotoşəkillər sayğac quraşdırılmamışdan əvvəl çəkilmişdir. Belə ki, 30.12.2019-cu il tarixli aktın məzmununa görə əməkdaşlar sayğaca baxış keçirən zaman kənar qoşulma aşkar etmişlər, fotoşəkildə isə sayğac yuvasının boş olduğu görünür. İddiaçı bununla bağlı ondan tələb olunan 756 manat məbləğində borcun əsassız hesablandığını qeyd edərək hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq borclun silinməsi hissəsində təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının həmin evdə yaşamağa başladıqdan sonra qaz sayğacını yuvadan çıxarıb boruları bir birinə rezin şlanq vasitəsilə birləşdirməsi faktı öz təsdiqini tapmır. Sayğac quraşdırılmamışdan qabaq isə belə halın mövcud olması, hansı müddətdə davam etməsi işə əlavə edilən sənədlərdən görsənmir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18-ci maddələrinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının qaz xəttinə qeyri-qanuni qoşulmanı etiraf etməsi ilə bağlı hissəsini də əsasız sayır və qeyd edir ki, iş materiallarında iddiaçının həmin faktı etiraf etməsinə dair heç bir sübut yoxdur. Əksinə, iddiaçı məhkəmə iclasında izahat verərkən qaz xəttinə qanunsuz qoşulmadığını, sayğaca müdaxilə etmədiyini göstərmişdir (i.v.67). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Cavabdeh” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar