Məhkəmə qərarları › İş №2(103)-4978/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4978/2024

16.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4978/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, 2(011)-5837/2023 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla cavabdeh Birlik tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsini, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 5837/2023 nömrəli qətnaməsindən cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, prosessual müddətin ötürülməsi cavabdeh Birliyin iradəsindən kənar baş verməmişdir. Cavabdeh hüquqi şəxsdir və hüquqi şəxsi təmsil etmək hüququ əgər bir nümayəndə uyğun deyilsə, digər nümayəndə tərəfindən həyata keçirilə bilər. Bu hal üzrlü hesab edilə bilməz. Cavabdeh Birlik qərardadla razılaşmayaraq qərardaddan şikayət vermişdir. Birlik eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qərardaddan şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, prosessual müddətin ötürülməsi Birlik ilə bağlı məhkəmə işlərinin çoxluğu, əməkdaşların isə sayının azlığı ilə bağlı olmuşdur. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizəsinin təmin edilməsini və şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi “prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etdikdən sonra qərardaddan verilmiş şikayətə özü baxmadığını müəyyən etmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad (iş № 2(103)-3414/2024) ilə həmin şikayətə baxılması üçün işin Xətai Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bundan sonra şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayətə baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1 və 396.1-cı maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-in 269-cu maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardad tərəfə rəsmi təqdim edildiyi tarixdən sonrakı gündən başlanır və 10 günün tamamında qurtarır (MPM; maddələr 128 və 129). MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin prosessual hüquq normalarının tələblərini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardad elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdeh Birliyin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh Birliyin nümayəndəsi cavabdeh Birliyin ona verdiyi etibarnamədə göstərilən səlahiyyətlərdən çıxış edərək qərardaddan vaxtında şikayət verə bilərdi, çünki həmin səlahiyyətlərdə nəzərdə tutulmuşdur ki, nümayəndə işə baxan Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi aktlardan şikayət verə bilər. Lakin iş materiallarından müəyyən edilir ki, göstərilənlərə baxmayaraq Birliyin nümayəndəsi xx.xx.2024-cü il tarixli qərardaddan şikayəti xx.xx.2024-cü il tarixdə, yəni prosessual müddəti ötürməklə vermişdir. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizədə göstərilən hallar (Birlik ilə bağlı məhkəmə işlərinin çoxluğu, əməkdaşların isə sayının azlığı) isə ötürülmüş prosessual müddətin Birliyə münasibətdə bərpa edilməsi üçün əsas ola bilməz. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə aşağıdakılar müəyyən edilir: cavabdeh tərəfin verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər əsassızdır; Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur; həmin qərardaddan cavabdehin verdiyi şikayətin dəlilləri əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 yanvar 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar