Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4979/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mehdi-zadə Kamalə Əbdürəhman qızına qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli qətnamədən cavabdeh Mehdi-zadə Kamalə Əbdürəhman qızının verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 810 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini - 30 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, MP-P 00408 nömrəli “Sığorta şəhadətnaməsi” ilə sığortalı olan şəxsin - X4 məxsus və Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 56 saylı evin 19 saylı mənzilinə ASC tərəfindən sığorta təminatı verilmişdir. Cavabdehə məxsus olan və həmin ünvanda yerləşən 21 saylı mənzildən sığortalı olan şəxsin mənzilinə xx.xx.2018-ci il tarixində su axıdılmışdır. Bunun nəticəsində sığortalı olan şəxsə 700 manat məbləğində maddi zərər dəymişdir. Bu fakt binaya xidmət göstərən 98 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşlarının xx.xx.2018-ci il tarixdə tərtib etdikləri akt ilə qeydə alınmış və təsdiq olunmuşdur. Baş vermiş hadisə ilə bağlı ASC tərəfindən sığortalı olan şəxsə 810 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə cavabdeh həmin məbləği subroqasiya qaydasında ASC-yə ödəməli olduğu halda bunu etməmişdir. Bu səbəbdən də, ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İş üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün Rayon Məhkəməsi mərhumu prosessual hüquq varisi (arvadı) Mehdi-zadə Kamalə Əbdürəhman qızı ilə əvəz etmişdir.
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, subroqasiya qaydasında 810 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini - 30 manat məbləğində pulun Kamalə Mehdi-zadədən tutularaq iddiaçı ASC-yə ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Sığorta Şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan “Ödəniş tapşırığı” ilə təsdiq olunduğundan, həmin zərərin vurulması Cavabdeh1 ailəsinin faktiki istifadəsində olduğu mənzildən baş verdiyi təsdiq edildiyindən, iddia əsaslı hesab edilməlidir. X18-zadə vəfat etdiyindən subroqasiya qaydasında 810 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul mərhum cavabdehin hüquq varisi Kamalə Mehdi-zadədən tutularaq iddiaçı ASC-yə ödənilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdehin prosessual hüquqi varisi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və ailəsi xx.xx.2011ci il tarixdən etibarən 21 saylı mənzildə yaşamırlar. Sadəcə həmin mənzildə formal qeydiyyatları qalmışdır. Hadisə baş verən zaman mənzil Cavabdeh1 mülkiyyətində və faktiki sahibliyində olmamışdır. Bundan başqa, su axıdılmasının səbəbi ümumi kanalizasiya xəttinin tutulması olmuşdur. Ümumi kanalizasiya xətti başqa mənzil sahibləri, bu və ya digər səbəbdən də tutula bilər. Ümumi kanalizasiya xəttinə nəzarət etməli olan şəxs və qurum buna görə məsuliyyət daşımalı və vurulan ziyan üzrə öhdəlik daşımalıdır. d) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
8. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, MP-P 00408 saylı, xx.xx.2017ci il tarixli “Əmlakın sığortası şəhadətnaməsi” ilə (hazırki iş üzrə tərəf olmayan və) iddia ərizəsində adı qeyd edilmiş şəxsin mülkiyyətində olan mənzilə iddiaçı ASC tərəfində sığorta təminatı verilmişdir. Eyni binada üst mərtəbədə yerləşən və cavabdehin yaşadığı mənzildən sığortalı olan şəxsin mənzilinə xx.xx.2018-ci il tarixdə su axıdılmışdır. Bununla bağlı 98 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə akt tərtib edilmişdir. ASC-nin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən susızma ilə əlaqədar olaraq sığortalı olan şəxsə 810 manat məbləğində maddi zərər dəymişdir və ASC, həmin məbləği sığortalı olan şəxsə ödəmişdir.
10. İddiaçı ASC hesab edir ki, ödənilmiş sığorta məbləğinin əvəzi subroqasiya qaydasında cavabdehdən tutulmalıdır.
11. Apellyasiya şikayətində isə cavabdeh bildirir ki, hadisə baş verən zaman mənzilin mülkiyyətçisi və faktiki sahibi o olmadığı üçün tələb mənzilin həmin vaxt mülkiyyətçisi və ya sahibi olan şəxsə qarşı qaldırıla bilər.
12. Cavabdeh tərəfin təqdim etdiyi Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2782 nömrəli arayışından görünür ki, Cavabdeh1 Maştağa qəsəbəsi, Visnyovna-2, bağ sahəsi, 194 saylı bağ evində qeydiyyatsız yaşayır.
13. Bağ evində yaşama daimi əsaslarla və ya mövsümi xarakter də daşıya bilər. Nəzərə alınmalıdır ki, sığorta hadisəsinin baş verməsi yay aylarına təsadüf etmir.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır.
15. Cavabdehin prosessual hüquq varisi onların həmin mənzildə qeydiyyatının formal xarakter daşıdığını qeyd etsə də, 2011-ci ilə qədər mənzildə yaşamış olduğunu bildirən cavabdeh tərəf həmin mənzili başqasına özgəninkiləşdirməsini, sahiblik və istifadəsinə verməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, 2011-ci ildə məhz kimə və nəyə görə təhvil verdiyini izah edə bilməmişdir. Başqasının sahibliyinə keçmiş yaşayış sahəsində cavabdehlərin hazırki vaxtadək uzun müddət mübahisəsiz qeydiyyatda qalması, həmçinin eyni yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçməklə mənzili uzun müddət istifadəsiz və nəzarətsiz qoyması halları hər hansı şübhədən kənar mötəbər sübutla təsdiq edilmədiyi üçün Məhkəmə tərəfindən inandırıcı hesab edilmir.
16. Cavabdeh tərəfin təqdim etdiyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Kontorunun xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş X5, X10 və X6 xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1, arvadı X1 və oğlu X7 xx.xx.2011-ci il tarixədək ünvan 1 ünvanında daimi yaşamışlar. xx.xx.2011-ci il tarixdən etibarən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 194 saylı bağ evinə köçmüşlər.
17. Lakin cavabdeh tərəf qeyd edilən şəxsləri şahid qismində məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 104cü maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir (maddə 104.1.). Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər (maddə 104.2.). Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir (maddə 104.3.).
18. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Lakin cavabdeh tərəf su sızmasının baş verdiyi 21 saylı mənzilin onun istifadəsində olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfin iddiaya cavab verməli şəxs olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilir.
20. Ən əsası isə Məhkəmə tərəfindən nəzərə alınır ki, iş üzrə Cavabdeh1 sağikən Rayon Məhkəməsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədə bildirmişdir ki, o, su sızmasının baş verdiyi 21 saylı mənzildə 2011-ci ildən etibarən yaşamasa da, mənzil onun ailəsinin istifadəsində qalmışdır. Həmin mənzildə oğlu Səbuhi yaşayır.
21. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı ASC susızması nəticəsində dəymiş ziyana görə edilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır.
22. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5.). Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir (maddə 1111.2.).
23. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. e) apellyasiya baxışının nəticəsi
24. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Hazırkı iddianın qiyməti isə 810 manat təşkil edir.
29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Mehdi-zadə Kamalə Əbdürəhman qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.