Məhkəmə qərarları › İş №2(103)-498/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-498/2025

28.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-498/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-498/2025 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil2 Nüsrət qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxslər olmaqla “qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 92/2024 nömrəli 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsinin bir hissəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,1192 ha torpaq sahəsi üzərində İddiaçı2 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0246 ha torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0172 ha torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0258 ha torpaq sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

6. xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 0,07264 ha torpaq sahəsini alqı-satqı yolu ilə X2 almışdır.

7. Sabunçu RİH-in Maştağa qəsəbəsi üzrə nümayəndəsinin cavabdeh İddiaçı2 ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsinin 0,0726 ha torpaq sahəsi xüsusi mülkiyyət olduğundan və tikinti işləri başa çatdığı üçün həmin evlərin söküntüsü mümkün olmamışdır.

8. Cavabdeh, Sabunçu RİH-in başçısı Adil Vəliyevə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinin tələblərini rəhbər tutaraq, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 43q saylı bağ sahəsinin bir hissəsində ərizəsinə əlavə etdiyi memarlıq-planlaşdırma layihələri əsasında üç fərdi yaşayış evi inşa etdirmək niyyətindədir. "xxxx" MMC-nin 002658 saylı bildirişinin surətindən görünür ki, Cavabdeh tərəfindən Sabunçu RİH-nə ünvanlanmış məktub xx.xx.2021-ci il tarixdə, saat 09:50-də Gülməmmədzadə soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "43q" saylı bağ sahəsinin bir hissəsi (sonradan üç hissəyə bölünərək: 43M, 43N və 43T saylı bağ sahəsi olaraq dövlət qeydiyyatına alınmışdır) ünvanında yerləşən, Cavabdeh məxsus olan 3 (üç) ədəd qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivinin 1-ci kvartalında yerləşən, "40M" saylı torpaq sahəsinin, İddiaçı1 isə Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivinin 1-ci kvartalında yerləşən "43Q" saylı torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh X4, 2021-ci ilin yay aylarının sonunda alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən "43q" saylı bağ sahəsinin bir hissəsini - 0,072 ha torpaq sahəsini əldə etmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********34 nömrəsi ilə sözügedən torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh həmin sahəni üç hissəyə bölərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 43M, 43N və 43T saylı bağ sahələri kimi yenidən qeydiyyata aldırmışdır. Sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahələri arasında, yəni qonşuluqda yerləşir, aralarında olan ortaq çəpər torpaq sahələrinin sərhədini təşkil edir. Cavabdeh qısa müddət ərzində 2021-ci ilin 21 oktyabr tarixindən başlayaraq 02 noyabr tarixinədək, ona məxsus torpaq sahəsini hasarla üç yerə bölərək, mişardaşından, üçtəməlli yaşayış binası inşa etmişdir. İnşa edilmiş hər üç evin hündürlüyü beş metrdən artıqdır və iddiaçıların fərdi yaşayış evlərindən ortaq hasara demək olar ki, bitişik inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, “Şəhərsalma və Tikinti” Məcəlləsinin müddəalarına və Sabunçu rayonu ərazisində müfəssəl planlaşdırma normaları və qaydalarına müvafiq olaraq, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan 0,06 ha torpaq sahəsində, bir fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulduğu halda, cavabdeh sözügedən sahəni hasarla üç hissəyə bölərək, mişardaşı ilə, üçtəməlli fərdi yaşayış evləri inşa etmişdir. xx.xx.2021-ci il tarixə mövcud vəziyyət - cavabdeh tərəfindən aparılan qeyri-qanuni inşa işləri, hələlik bu günə olan üç tikilidən ibarət inşa etdiyi qanunsuz yaşayış evləri, müvafiq tikinti norma və qaydalarını kobud şəklində pozaraq, iddiaçıların evinin və çəpərinin qəbuledilməz yaxınlığında (10-20 sm), hündürlüyü 5-6 metrdən çox olan divarlar inşa edilməsi səbəbindən, ilk növbədə evə günəş şüalarının daxil olmasının qarşısını alır, həmçinin təsir göstərəcək səs-küy izolyasiya standartlarını pozur, evin yanğın təhlükəsizliyinə mənfi təsir göstərə bilər və iddiaçıların ailə üzvlərinin həyatına və sağlamlığına mənfi təsir göstərərək xələl gətirə bilər. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdehin qanunsuz tikilmiş evlərinin (üç evinin) pəncərələrinin birbaşa iddiaçının həyətinin və evinin pəncərələrinin yaxınında yerləşməsi, ən qədim xalqlardan biri kimi azərbaycanlıların milli mentalitetinin əsasını təşkil edən cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi normalara ziddir. Cavabdehin yuxarıda qeyd edilən hərəkətləri (yəni mövcud olan tikinti qaydalarının və normalarının pozulması ilə üç qanunsuz tikilinin inşası), iddiaçıların hüquq və qanunla qorunan mənafelərini kobud şəkildə pozduğu üçün bir mülkiyyətçi kimi öz torpaq sahəsi və evlərindən istifadəni yuxarıda göstərilən səbəblərə görə nəinki məhdudlaşdırır, hətta mümkünsüz edir.

11. Sabunçu RİH-in başçısının İ müavini tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 43T, 43N və 43M sahələrində inşa edilmiş fərdi yaşayış evlərinin tikinti niyyəti barədə müraciətlər icra hakimiyyətinə daxil olmamışdır. Cavabdeh “Şəhərsalma və Tikinti” Məcəlləsinin 102.6-cı maddəsinə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 43T, 43N və 43M sahələrində tikinti işlərinin başa çatdırılması ilə bağlı icra hakimiyyətini məlumatlandırmışdır.

12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı1 hal-hazırda hasarı daxilində olan, istifadə etdiyi 440.0 kv.m torpaq sahəsinin 14.0 kv.m hissəsi **********4 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Qərb tərəfdən 1.2 metr, şərq tərəfdən 0.6 metr məsafədə İddiaçı1 Cavabdeh məxsus torpaq sahəsinə keçmişdir.

13. Məhkəmənin tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3996 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı1 adına verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən 0,40 ha torpaq sahəsinin, İddiaçı2 adına verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən 0,1192 ha olan torpaq sahəsinin, Cavabdeh adına verilmiş **********24 reyestr nömrəli çıxarışa əsasən 0,0246 ha olan bağ sahəsinin, **********37 reyestr nömrəli çıxarışa əsasən 0,0258 ha olan bağ sahəsinin, **********31 reyestr nömrəli çıxarışa əsasən 0,0172 ha olan bağ sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindəki koordinatlarına əsasən bir-birinə bitişik yerləşməklə qonşu torpaq sahələri olduğu müəyyən edilir. Həmin torpaq sahələrinin hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşmədiyi (kəsişmədiyi) müəyyən edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********79 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı1 hal-hazırda hasarı daxilində olan faktiki istifadə etdiyi torpaq sahəsinin 440 kv.m təşkil etdiyi, **********24 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 14,00 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, Cavabdeh tərəfindən inşa edilmiş tikililərin öz mülkiyyətində olan **********24 reyestr nömrəli çıxarışa əsasən 0,0246 ha olan bağ sahəsinin, **********37 reyestr nömrəli çıxarışa əsasən 0,0258 ha olan bağ sahəsinin, **********31 reyestr nömrəli çıxarışa əsasən 0,0172 ha olan bağ sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Həmin tikililərin (fərdi yaşayış evlərinin) inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində qeyd olunan ara məsafəsinin saxlanılmadığı müəyyən edilir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin hazırkı vəziyyətinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan tikililərdən (torpaq sahəsindən) təyinatı üzrə istifadə etməsinə maneə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakter daşıdığından tikinti ekspertin səlahiyyətlərinə aid deyil. Lakin qeyd olunur ki, İddiaçı1 məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus torpaq sahəsində yerləşən tikili arasında 13 metr məsafə olmasını, digər iddiaçı X7 məxsus torpaq sahəsinin üzrərində hər hansı tikili inşa edilməməsini nəzərə alaraq, faktiki vəziyyətdə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan tikililərdən təyinatı üzrə istifadə etməsinə məhdudiyyət yaratmadığı müəyyən edilir.

14. Məhkəmənin əlavə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6472 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsində yerləşən, mübahisə predmetini təşkil edən fərdi yaşayış evlərinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunur. Ekspert rəyində qeyd olunan əlavə materialların ekspertə təqdim edilməməsi əsası ilə digər suallar üzrə rəy verilməsi mümkün olmamışdır.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2024 nömrəli iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pulun iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi” tələbinə dair hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadıqlarından, iddia təmin oluna bilməz.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80, 69.5.2-1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçılar apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

19. Apellyasiya şikayətlərində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozulmasına yol verilmişdir. Məhkəmə hazırki hüquq münasibətinə tətbiq etdiyi normanı göstərmədən, iddia irəli sürməyə subyektiv hüququn olmamasının qənaətinə gələrək və iddianı rədd edərək, faktiki olaraq iddiaçıların məhkəmə müdafiəsini hüququnu təmin etməmişdir. Göstərilən normalarının tələbləri pozulmaqla, işə baxılması son dərəcə qərəzli, ədalətsiz, işin hallarına uyğun faktlara, sübutlara və ya qanunlara əsaslanmamışdır və işə baxılması əsassız olaraq 28 ay davam etmişdir. İşdə olan mötəbər sübutlarla təsdiq edilmiş işin faktiki halları əsasında yaranmış mövcud hüquqi münasibətlərini tənzimləmək üçün qanunverici tərəfindən nəzərdə tutulmuş qanunu tətbiq edilməməsinə yol verilmişdir, yəni iddiaçıların hüquqların qorunması bilavasitə qanundan irəli gəldiyi hal kimi, nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Cavabdehin nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iclasın təxirə salınmasını xahiş etmiş, bu mümkün olmadıqda isə işə onun iştirakı ilə baxılmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı, cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

25. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

26. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

36. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 0,07264 ha torpaq sahəsini alqı-satqı yolu ilə X2 almışdır.

37. Həmin torpaq sahəsi 3 hissəyə bölünməklə 43N, 43M və 43T saylı bağ sahələrinə ayrılmışdır. Bağ sahələrinin hər biri üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

38. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 43q saylı bağ sahəsinin bir hissəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə və ünvan 1 ünvanında yerləşən 0,1192 ha torpaq sahəsi üzərində İddiaçı2 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

39. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, İddiaçı1 hal-hazırda hasarı daxilində olan, istifadə etdiyi 440.0 kv.m torpaq sahəsinin 14.0 kv.m hissəsi **********4 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Qərb tərəfdən 1.2 metr, şərq tərəfdən 0.6 metr məsafədə İddiaçı1 Cavabdeh məxsus torpaq sahəsinə keçmişdir.

40. Məhkəmə kollegiyası tərəfindən mübahisəli ərazidə yerində müayinə aparılmışdır.

41. Müəyyən edilmişdir ki, İddiaçı1 məxsus torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Digər İddiaçı2 məxsus torpaq sahəsində isə heç bir tikili mövcud deyil.

42. Cavabdehə məxsus torpaq sahələrinin hər birində fərdi yaşayış evi inşa edilmişdir. Qeyd edilən evlər tikinti normalarına uyğun gəlmədikdə belə (öz hasarı ilə ara məsafəsinin az saxlanılması səbəbindən, cavabdehin inşa etdiyi fərdi yaşayış evlərinin hasarla məsafəsi təxminən 15-20 sm-dir), iddiaçılara hər hansı qaydada maneə törətməsi müəyyən olunmur. Müayinə zamanı iddiaçıların qeyd etdikləri çirkab suların axıdılması üçün nəzərdə tutulan quyuların (şanbon) hər bir həyətdə cavabdehin öz evinə yaxın məsafədə yerləşir.

43. Bundan əlavə müəyinədə iştirak edən cavabdehin əri X5 və cavabdehin nümayəndəsi-vəkili bildirdilər ki, hər üç ev şəxsi istifadə üçün tikilmişdir. İddiaçı1 evinə yaxın birincin ev cavabdehin öz ailəsi, digər ev oğlunun, üçüncü ev isə qaynının istifadəsi üçün inşa olunub. İddiaçı1 xahişi ilə birinci evin pəncərələrinin yerini dəyişmişdir.

44. Məhkəmə həmçinin qeyd edir ki, evlərin arxa pəncərələri digər cavabdeh İddiaçı2 boş torpaq sahəsinə açılır. Həmin torpaq sahəsinin digər tərəfində isə mübahisə predmetinə aid olmayan 2 mərtəbəli tikili yerləşir. İddiaçıların torpaq sahələrinə girişçıxışında, eləcə də ondan istifadə edilməsində hər hansı məhdudiyyət müəyyən olunmamışdır.

45. Əksinə İddiaçı1 cavabdehə məxsus 14 kv.m torpaq sahəsini zəbt etməsi işin halları ilə müəyyən olunsa da, cavabdeh tərəf bu halı hazırki mərhələdə mübahisələndirmir.

46. Kollegiya qeyd edir ki, iddiaçılar Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən hazırki iddia qaldıraraq hesab edirlər ki, cavabdeh tərəfindən hər bir ev üzrə ara məsafələrinin az saxlanılması onların mənafeyini pozur. Həmin normaya görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 47.Əvvəla, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən hər üç ev mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur. Həmin evlərin tikintisi üçün isə xüsusi icazə tələb olunmur, belə evlərin inşası məlumatlandırma icraatı qaydasında həyata keçirilir. Hər bir evlə qonşu hasar arasındakı məsafəyə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində göstərilən tələblərə tam əməl olunmasa da, bunun iddiaçılar üçün heç bir maneə yaratmadığı müəyyən olunmuşdur. Həmin ara məsafəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı mübahisə aça bilər.

48. Beləliklə müəyyən edilir ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evləri iddiaçılara heç bir maneə törətmir, onların maraqlarına toxunmur. Belə olan halda isə birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2024 nömrəli iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar