Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4985/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili X1, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-773/2020 saylı qətnaməsi ilə iddia təmin etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatını iddiaçının xeyrinə təhrif olunmuş şəkildə əks etdirməklə yanaşı işin hallarına düzgün qiymət verməmiş, biri digərini təkzib edən sübutlara istinad etmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-795/20 saylı qətnaməsində əks olunur ki, X6, əri və övladları ilə (İddiaçı də o cümlədən onun övladıdır) Binəqədi qəsəbəsi, 1-ci mədən, 28-ci korpus ev 1 ünvanda mütəmadi olaraq yaşamış və bu gün də həmin ünvanda yaşayırlar. Cavabdeh isə onun vəsaiti hesabına tikilmiş 1-ci mədən, korpus 28, ev 238 ünvanda yaşayır. 2(001)-795/20 saylı qətnamənin məzmunundan müəyyən olunduğu kimi hazırki 2(001)-773/20 saylı iş üzrə İddiaçı uzun müddətdir ki, mübahisə etdiyi ünvanda deyil, digər ünvanda yaşamışdır. Həmin qətnamə ilə iddiaçının digər ünvanda, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 28-ci korpus, ev 1 ünvanda mütəmadi olaraq yaşaması və bu gün də həmin ünvanda olması müəyyən edilmişdir. Hazırki işdə isə iddiaçı 1994-cü ildən 1-ci Mədən korpus 28, 238 saylı evdə yaşamasını qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının vəkili X8 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx xxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-5472/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanan nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və İddiaçı üç uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması məhkəmə tərəfindən müəyyən olunmuşdur. İddiaçı bildirir ki, cavabdeh nikahları bağlanmadan öncə iddiaçı və ailəsinin şəxsi vəsaiti hesabına inşa edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onu buraxmır. Həmin fərdi yaşayış evinin təmir-tikinti işləri ilə bağlı nəzərdə tutulan bütün maddi vəsait onun valideynləri tərəfindən ödənilmiş və o, 1994-cü il tarixdən bu günə kimi daimi olaraq həmin ünvanda yaşamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli ev 2007-ci ildən 2010-cu ilə kimi tikilmiş, 2012-ci ildə həmin evə köçmüşlər. O vaxta kimi qayınanasına məxsus evdə yaşamışlar. O, iddiaçını evdən qovmamış, iddiaçı özü evdən getmişdir. Hazırda nikahları pozulduğundan, iddiaçı ilə arasında mübahisə olduğundan və cavabdeh uşaqlara şiddət göstərdiyindən iddia tələbini qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. İddiaçı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının və ya onun valideynlərinin vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsi, təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar (onlardan biri) təsdiq olunduqda mübahisəli tikilinin faktiki olaraq iddiaçıya məxsus olması müəyyən edilə və ya həmin tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Hazırkı işdə bu hallar tam təsdiq olunur. Belə ki, iddiaçının bildirdiklərinə əsasən mübahisəli ev onun valideynlərinin vəsaiti hesabına inşa edilib. Cavabdeh isə həmin evin iddiaçı ilə birgə nikahda olan müddətdə inşa edildiyini bildirir. Göründüyü kimi hər iki halda mübahisəli tikili onun yaşayış yeri hesab edilir və yuxarıda istinad olunan maddi hüquq normalarına görə onun iddiası əsaslıdır. Bu baxımdan və prosessual qənaət prinsipini nəzərə alaraq kollegiya hesab edir ki, sübutların araşdırılmasına zərurət yoxdur və iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-795/20 saylı qətnaməsinin surəti apellyasiya şikayətinə əlavə edilməmişdir. Həmçinin apellyasiya şikayətindən müəyyən olunur ki, həmin mülki iş üzrə tərəflərlə, hazırki iş üzrə tərəflər eyni deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Ona görə də, həmin qətnamənin mövcudluğu qəbul edilsə belə hazırkı iş üçün heç bir preyudisial əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-4985/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4985/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver