Məhkəmə qərarları › İş №2(103)-4986/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4986/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4986/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4986/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3010/2023 saylı 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 3110.40 manat məbləğində borc tələb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı - İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi” tələbinə dair idddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent hesab nömrəsi: **********00060) hesablanmış 3110,40 manat məbləğində borc silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına 03/2023-cü il tarixində Cavabdeh İB astronomik məbləğdə heç bir normativ hüquqi akta əsaslanmadan 3110,40 manat məbləğində borc yazmışdır. Borcun yaranma əsası ilə bağlı iddiaçı tərəfindən maraqlandıqda iddiaçıya bildirilmişdir ki, ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda Cavabdeh İB-nın özü tərəfindən quraşdırılmış Fransa istehsalı olan smart qaz sayğacına xx.xx.2023-cü il tarixində günorta saatlarında özlərini təqdim etməyən, sözdə işçi qrupu kimi adlanan bir qrup dəstə iddiaçının iştirakı olmadan və iştirakını təmin etmədən birtərəfli qaydada qaz sayğacına baxış keçirtmişlər, həmin zaman isə qaz sayğacının düzgün işləmədiyinin müəyyən edilməsi əsası ilə 3110,40 manat məbləğində borc yazmışlar .Borcun kimlər tərəfindən və hansı normativ hüquqi akta əsasən hesablanması ilə bağlı tərəfimdən maraqlandıqda bu barədə iddiaçıya heç bir dəqiq məlumat və ya sənəd (baxış aktı, zərər aktı və s.) təqdim edilmədi. Fərdi yaşayış evindən bir neçə metr aralı həyətdə Cavabdeh İB-nın özü tərəfindən quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nın öz işçiləri tərəfindən vizual müdaxiləyə yol verilməklə ünvanına heç bir normativ hüquqi akta əsaslanmadan astronomik şəkildə 3110,40 manat məbləğində borcun yazılması qanunsuz və əsassızdır. İddiaçı bildirir ki, qaz sayğacına müdaxilə etməmiş və qaz sayğacının işlək vəziyyətində texniki nasazlıq yaranmışdırsa bu iddiaçının təqsiri ucbatından da baş verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə və ya texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə, bu hal küçədən keçən istənilən şəxs tərəfindən və eləcə də qaz sayğacına birtərəfli qaydada baxış keçirən zaman səlahiyyəti təsdiq olunmayan Cavabdeh İB-nın öz əməkdaşları tərəfindən də törədilmiş ola bilər. İddiaçı qeyd edir ki, ona məxsus ünvanın qaz sayğacına yazılmış 3110,40 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab edir. Bu səbəbdən də, həmin borc məbləği silinməlidir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(011)- 3010/2023 saylı qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi, ev 312 ünvanı üzrə İddiaçı (abonent kodu **********00060 olan) hesablanmış 3110.40 manat məbləğində borcun silinməsi, Cavabdehndən 51.10 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maadəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara – yəni aktlara hərtərəfli və tam baxılmayıb va hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Cavabdeh İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

11. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

13. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

14. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilmə halı aşkar olunmuşdur.

26. xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğaca müdaxilə olunmuş, bunun nəticəsində sayğac sərfiyyatı qeyd etmir.

27. Abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü ildə 3110.40 manat məbləğində borc hesablanmışdır

28. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı əmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur.

29. Bu kontekstdə kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

30. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

31. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

32. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 3110.40 manat məbləğində hesablanmasını məhkəmə kollegiyası ağlabatan hesab etmir.

33. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

34. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3010/2023 saylı iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar