Məhkəmə qərarları › İş №2(103)-4989/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4989/2022

06.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4989/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 23 avqust 2019-cu il tarixli, 2019/15 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 12200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə 16 mart 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin qətnamədən və məhkəmə işindən xəbəri olmamışdır. Çünki, MMC-nin direktoru və təsisçisi X1 xarici vətəndaş olmaqka ölkə ərazisində olmamışdır. “Covid-19” pandemiyası ilə əlaqədar müəssisənin rəhbəri İran vətəndaşı kimi Azərbaycana gələ bilməmiş və bu səbəbdən də məhkəmə qərarından məlumatı olmamışdır. Onlar sözügedən qətnamədən yalnız İcra Şöbəsi vasitəsi ilə məlumat ala bilmişlər. 11 mart 2022-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin onlara təqdim edilməsini xahiş etmiş, həmin tarixdə də qətnamə rəsmi olaraq təqdim edilmişdir. MMC ilə Nümayəndə əmək müqaviləsi 10 mart 2022-ci il tarixdə bağlanmışdır. Həmin vaxtadək müəssisədə yalnız direktor rəsmi olaraq çalışmış, o da İran vətəndaşı olduğundan ölkə ərazisində olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)- 4227/2021 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 08 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)- 4227/2021 saylı qərardadı ləğv edilməli, mülki iş materialları müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materialları, eləcə də, hazırki apellyasiya şikayətinə qoşma edilmiş sübutlarla müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsi 28 iyun 2021-ci il tarixdə tərəflərin, o cümlədən cavabdehin qeydiyyat yeri üzrə ünvanına göndərilmiş, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, 10 avqust 2021-ci il tarixdə cavabdehə çatdırılmışdır. Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 Firouzdur. Cavabdehin nümayəndəsi qismində Nümayəndə 11 mart 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamənin onlara təqdim edilməsini xahiş etmiş, ərizəyə qoşma edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə Cavabdeh MMC-də hüquqşünas işləyir və onunla əmək müqaviləsi 10 mart 2022-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. Birinci instansiya məhkəməsi müddəti bərpa edərkən qeyd etmişdir ki, ərizəyə əlavə edilmiş, X1 Firouza məxsus ümumvətəndaş pasportunun surətindən müəyyən edilir ki, o, sözügedən qətnamənin çıxarıldığı tarixdən sonrakı dövr ərzində ilk dəfə 14 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdeh tərəfə qətnamə 10 avqust 2021-ci il tarixdə sifarişli poçt qəbzi ilə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2021-ci il tarixdə baxılarkən, Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında şəxsən iştirak edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsinnin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi 15 mart 2022-ci ildə qətnamənin surətini yenidən əldə edərək, 16 mart 2022-ci ildə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, bu kimi hallara birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)-4227/2021 saylı qərardadı ləğv edilməli, tərəflərin iştirakları ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə yenidən baxılması üçün, iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(001)- 4227/2021 saylı qərardadı ləğv edilsin, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(001)-4227/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəsinə yenidən baxılması üçün, iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar