Məhkəmə qərarları › İş №2(103)-4989/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4989/2024

29.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4989/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı oğlunun Cavabdeh İB-nə qarşı “aktın ləğv olunması, əsassız hesablanmış borcun silinməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən və İddiaçı oğluna məxsus olan ev 2010-cu ilin iyun ayından etibarən təbii qazla təchiz olunmuş, İddiaçı **********00000 abonent kodu verilmiş, ünvana sayğac quraşdırılmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, həmin evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır.

3. 31 may 2021-ci il tarixli akt əsasında İddiaçı 1188 manat manat borc hesablanmış və onun abonent hesabında əks etdirilmişdir.

4. ünvan 1 ünvanında yerləşən evə xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırlmışdır.

5. İddiaçı 2021-ci ilin iyul ayında 1188 manat borc hesablandıqdan sonra Cavabdeh İB tərəfindən 2021-ci ilin oktyabr ayından 2023-cü illin avqust ayınadək cəmi 159,9 manat məbləğində borca görə tutulmalar aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdeh İB-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin “təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib etdiyi ******* nömrəli aktın ləğv olunması, həmin akt əsasında tətbiq edilmiş 1188 manat borcun onun hesab kodundan silinməsi və yazılmış borca görə ondan tutulmuş 221,67 manat məbləğinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki olaraq ünvan 3 ünvanında yaşayır. 14 may 2011-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanına “İtron G4 Smart” tipli, 1102AQ**********5 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və **********00000 №-li abonent kodu verilmişdir. Lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş və onunla Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini və qaz xəttlərini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulması səbəbindən xx.xx.2018-ci ildə, 7 ildən sonra “İtron G4 Smart” tipli, 1102AQ**********5 №-li sayğaca onun iştirakı ilə texniki baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş, sayğacın istismar müddətinin 5 il olmasına baxmayaraq, həmin sayğac yenidən Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 745 ünvanında quraşdırılmış, ********* № li plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. 21 may 2021-ci il tarixdə Cavabdeh İB tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 745 ünvanında quraşdırlmış qaz sayğacına yenə də iştirakı olmadan baxış keçirilmiş, güya sayğacdan kənar qeyri-qanuni çəkilmiş qaz xətti və sayğacın mənfiyə doğru işləməsi faktı aşkar olunmuş, bu barədə ******* № li akt tərtib edilmiş, həmin aktda abonentin imza etməsindən imtinasını qeyd etmişlər. Halbuki abonent dəvət olunmalı və baxış onun iştirakı ilə keçirilməli idi. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli "dəymiş ziyanın bərpası"na dair tələbnaməyə əsasən "itirilmiş qazın bərpası” məqsədi ilə 11 880 m3 dəymiş ziyanın həcmi hesablanmış və onun hesab koduna 1188 manat borc yazılmışdır. 14 may 2011-ci il tarixdə quraşdırılmış sayğacın istismar müddəti bitmişdir. Tərəfindən nə sayğaca, nə də küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğaca edilmiş müdaxilənin (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh İBnin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalıdır. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Küçədə quraşdırılmış qaz sayğacına abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına abonent cavabdeh deyildir. Akt birtərəfli qayda tərtib edilmiş, ona təqdim olunmamış və həmin aktı imzalamamışdır. Abonentin imzalamadığı həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı üçün ləğv edilməlidir. Akt tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. "Azəriqaz" İB-nin tərtib etdiyi qeyri-qanuni akta əsasən güya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və Birliyə külli miqdarda ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz xəttinə və ya sayğaca, məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etmir. Abonentin imzası olmayaraq tərtib edilmiş akt isə qaz xəttinə ya sayğaca müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. Tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixdə çəkilmiş video görüntüdən məlum olur ki, heç bir kənar xətt mövcud deyil və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli "dəymiş ziyanın bərpası"na dair tələbnaməyə əsasən "icra olunacaq tədbirlər" qrafasında mövcud olmayan qaz xəttinin ləğv edilməsi tələbi qeyd edilir. Həmin görüntüdə qaz sayğacını dəyişmək istəyən əməkdaşların plombu qırmaları faktı da öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixdə ona məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 745 ünvanında "Azəriqaz" İB-nin əməkdaşlarının iştirakı ilə qaz xəttinə baxış keçirildikdən və kənar xəttin mövcüd olmamasını sübut etdikdən sonra xx.xx.2023-cü il tarixdə, qeyd olunan ünvanda iştirakı ilə 2011-ci il tarixdə quraşdırılmış və mənfiyə işləyən “İtron G4 tipli, 1102AQ**********5 № li sayğac “Zenner G4T Smart” tipli, **********796 №-li sayğac ilə əvəz edilmiş, ona 12962629 №-li plomb vurulmuş və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* № li akt tərtib edilmişdir. Təbii ki, qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən yerində məhkəmə baxışının keçirilməsi zərurəti yaranır. xx.xx.2023-cü il tarixli “Gasrep” çıxarışına əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 15.981 m3 qaz sərfiyyatına görə 1918 manat ödəniş etmiş və əsassız yazılmış borca görə 221,67 manat tutulma olmuşdur. Cavabdeh İB vurulmuş ziyanı “Sokar” Şurasının xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən hesablanmışdır. Bu hesablanma qanuni olmadığı üçün qəbul edilməməlidir. Belə ki, Cavabdeh İB abonentin 10 il müddətində sərf etdiyi və ödədiyi qazın dəyərini qanunsuz tərtib etdiyi 1 akt əsasında yenidən abonentdən tələb edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddia tələbinin əsassız olduğunu bildirmişdir.

9. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertiza Mərkəzinin eksperti xx.xx.2024-cü il tarixli rəyində göstərmişdir ki, “tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır”.

10. Birinci instansiya məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 4 ünvanı üzrə (abonent kodu: **********00000) İddiaçı 2021-ci ilin may ayı üçün hesablanmış 1188 (bir min yüz səksən səkkiz) manat məbləğində borcun silinməsi, hesablanmış borca görə tutulmuş 159,90 (bir yüz əlli doqquz manat doxsan qəpik) manatın Cavabdehndən alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 31,88 (otuz bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun və 64 (altmış dörd) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan təbii qazın istehlakına görə 1188 manat məbləğində borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. İddiaçının müdaxiləsi nəticəsində yaranmağa xarakterik olan iz və zədə ekspert rəyi ilə müəyyən edilməmiş və həmçinin cavabdeh də həmin halı məhkəmə araşdırılması zamanı sübuta yetirməmişdir. Buna görə də, iddia təmin edilərək, iddiaçıya hesablanmış 1188 manat məbləğində borc silinməlidir.

12. Məhkəmə vurğulamışdır ki, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbinin təmin edilməsinə baxmayaraq, həmin aktın ləğv edilməsi ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, aktın yazılması nəticəsində hesablanmış borcun qanuna uyğun hesablanmaması iş materialları ilə öz təsdiqini tapsa da, həmin aktın ləğvi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Qeyd olunan akt özü-özlüyündə hər hansı bir faktın və ya hadisənin baş verməsini təsdiq edən sənəddir. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi akt onun mənzilində quraşdırılmış sayğacın istismarı ilə bağlı müəyyən edilmiş nöqsanların (təbii qazdan sayğacdan kənar istifadə) qeydiyyatının aparılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş sənəddir. Bu baxımdan, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt borc məbləğinin silinməsinə dair iddia üzrə sübut növlərindən biri kimi qəbul edilməlidir və aktın yazılması nəticəsində hesablanmış borc silinməklə, aktın ləğvi barədə tələblər təmin edilməməlidir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan “gasrep” sistemindən elektron çıxarışla təsdiq olunub ki, borcdan tutulma 159,9 manat məbləğində olub. Buna görə iddia ərizəsi qismən təmin edilərək, 159,9 manat məbləğində borca görə tutulmuş məbləğ iddiaçıya qaytarılmalı, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, “İstehlakçıların hüquqularının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 11-ci və 13-cü maddələrinə, “Qazadan istifadə qaydaları”nın müxtəlif bəndlərinə istinad etmişdir.

15. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

17. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş (iddiaçı ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir), Cavabdeh İB də nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

20. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

21. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

22. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları

24. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

33. Cavabdeh İB iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən və buna görə də aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin akt iddiaçının iştirakı olmadan tərtib olunmuş, onda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən akt mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

34. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.

35. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-552/2024 saylı iş üzrə 20 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar