Məhkəmə qərarları › İş №2(103)-4994/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4994/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4994/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1-nə qarşı üçüncü şəxslər Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), DƏDRXİ-nin Bakı X7, Milli Depozit Mərkəzi cəlb edilməklə pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, cavabdeh "Cavabdeh1” ASC-dən 24265 (iyirmi dörd min iki yüz altmış beş) manat məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1-nə qarşı, üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X7, Milli Depozit Mərkəzi və X2 Palatası cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh1” ASC-nin qanunla qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirərək bu günə kimi ona düşən dividendlərin, həmçinin səhmlərinin miqdarına mütənasib, bazar qiymətlərinə uyğun ədalətli kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, "Cavabdeh1” ASC-nin 96 ədəd səhminin sahibidir. Bir səhmdar kimi onun hüquqları ölkə qanunvericiliyi ilə təsbit edilmişdir. Belə ki, hər bir səhmdarın ASC-yə müraciət etmək, divident almaq və sairə bu qəbildən olan hüquqları vardır. Lakin buna baxmayaraq, səhmdarı olduğu "Cavabdeh1” ASC onun qeyd edilən elementar hüquqlarının təmin edilməsi üçün nəinki heç bir addım atmır, hətta onların səlahiyyətli və məsul şəxsləri ilə sadəcə əlaqə yaradıb məlumat almaq belə mümkün deyil. Cavabdeh "Cavabdeh1” ASC-nin hüquqi ünvanı kimi X5 göstərilmiş Bakı şəhəri, Nərimanov Rayonu, Yusifzadə küçəsi 8 ünvanında hazırda çoxmərtəbəli və çoxbloklu yeni yaşayış kompleksi inşa edilmişdir. Bu onu göstərir ki, "Cavabdeh1” ASC qanunvericiliklə üzərinə düşən vəzifə və öhdəliklərini bilərəkdən icra etməmiş, səhmdar cəmiyyətinin əmlakını özgəninkiləşdirilmiş və bu əməliyyatdan bir səhmdar kimi ona düşən hissəni ödəməməklə qanun pozuntusuna yol vermişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət edərək, "Cavabdeh1” ASC-nin qanunla üzərinə düşən öhdəliklərini yerinə yetirərək, bu günə kimi ona düşən dividendlərin, həmçinin səhmlərinin miqdarına münasib bazar qiymətlərinə uyğun ədalətli kompensasiyanın ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "Cavabdeh1" X4 X1 tərəfindən 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə keçirilmiş ümumi yığıncağın iclas prtokollarını, həmin illər üzrə maliyyə təsərrüfat fəaliyyəti üzrə hesabatlarını (illik balans, mənfəət və zərər hesabatı daxil olmaqla), audit yoxlama rəylərini, eləcə də Nərimanov rayonu ərazisində yerləşən xx.xx.2007-ci il tarixli, 000316 saylı qeydiyyat nömrəsi ilə cəmiyyətin mülkiyyətində olan 12363,92 kv.m sahədən ibarət daşınmaz əmlakın alqı-satqısı və icarə müqaviləsinin təsdiq edilmiş surətlərini cəmiyyətin səhmdarı İddiaçı təqdim edilməsi öhdəliyini Cavabdeh1" ASC-nin üzərinə qoyulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, bildirmişdir ki, hazırkı iş üzrə müvafiq sorğulara əsasən, məhkəməyə təqdim edilmiş maliyyə hesabatları və cavabdehə məxsus torpaq sahəsində inşa edilmiş 8 girişli 20 mərtəbəli yaşayış binalarının inşaası və istismara buraxılması ilə əlaqədar, Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyindən daxil olmuş sənədlər əsasında məlum olmuşdur ki, göstərilən binalarda istismara verilmiş mənzillərin ümumi sahəsi (binaların 1- ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla) 70,476 kv.m təşkil etmişdir. Bina 2013-cü ildən istismardadır, yaşayış və qeyri-yaşayış sahələri müxtəlif şəxslərə satılmışdır. İstismara verilmiş binalarda yalnız mənzillərin sahəsinin 70,476 kv.m (yetmiş min dörd yüz yetmiş altı) olmasını və real bazar qiyməti olaraq, hər kv.m tikilinin 2000 AZN olmasını nəzərə alınsa, binalardan əldə edilən gəlir təqribi hesablamalara görə, 140.000.452 AZN təşkil etmişdir. Depo hesabından çıxarışa əsasən, cavabdehə məxsus səhmlərin ümumi miqdarı 995.800 (doqquz yüz doxsan beş min səkkiz yüz ədəd) sənədsiz adlı adi səhm mövcuddur. Bu hesablamalara əsasən, 1 ədəd səhmə düşən dividend 141.55 AZN təşkil edir. Onun mülkiyyətində olan 96 ədəd səhmə düşən dividendin məbləği 13.588 AZN (on üç min beş yüz səksən səkkiz manat) təşkil edir. Həmçinin, Mərkəzi Bankın 2013-2019-cu illərə dair əmanətlər üzrə ona illik faiz dərəcələrini nəzərə alaraq, göstərilmiş məbləğ bu günə 24265 AZN (iyirmi dörd min iki yüz altmış beş manat) təşkil edir. Qeyd olunanları nəzərə alıb ərizənin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Həmin qətnamədən narazı qalan "Cavabdeh1” ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətnin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edən cavabdehin nümayəndəsinin, şikayətlə razılaşmayan və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək ərizənin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mabahisənin predmeti bölünməz olduğundan kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əıhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə hesab etmişdir ki, cavabdeh ASC ləğv edilməsə də, hazırki vəziyyətdə onun fəaliyyəti dayandırıldığindan, istifadəsində olan torpaq sahəsi tikinti şirkəti ilə yaşayış sahəsi ilə əvəzləşdirildiyindən, son nəticədə müəssisənin əmlakı əvəzinə verilmiş yaşayış sahələri ASC-nin xalis mənfəəti kimi qəbul edilə bilər. İddiaçının səhmdar kimi həmin səhmlərin müqabilində divident almaq hüququ olduöundan, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sadə hesablamalar yolu ilə müəyyən etdiyi məbləğin tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin X1nın qərarı ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.2-ci maddəsinə görə səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.9-cu maddəsinə görə əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, səhmdar cəmiyyəti tərəfindən səhmdara divident ödənilməsi üçün səhmdar cəmiyyətin ilk növbədə mıvafiq illər üzrə xalis mənfəəti olmalı, müəyən olunmalıdır. Müvafiq il üzrə xalis mənfəətin (əgər varsa) olmasa belə o demək deyil ki, mənfəət mütləq şəkildə dividentin ödənilməsinə yönəldiləcək. Yəni mənfəət digər məqsədlərə (nizamnamə kapitalının artırılmasına, yəni əmlak əldə edilməsinə və s.) də yönəldilə bilər. Bundan başqa kollegiya qeyd edir ki, səhmdarların ümumi yığıncağının səhmdarlara divident ödənilməsi barədə qərar qəbul edilməlidir. Yəni xalis mənfəətin realizə edilməsini, yəni mənfəətin məhz divident şəklində səhmdarlara ödənilib-ödənilməməsini ümumi yığıncaq həll etməlidir. İddiaçıya divident ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmənin deyil, səhmdar cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aid olan məsələdir. Yəni məhkəmə o halda müvafiq dividentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edə bilər ki, cavabdehin ümumi yığıncağının səhmdarlara divident ödənilməsi barədə qərar olsun, lakin cavabdeh tərəfindən iddiaçıya-səhmdara dividentin ödənilməsi təmin edilməsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlrlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********142000 saylı məktubundan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin təqdim etdiyi elektronqaimə faktura və dividenti ödəyib-ödəməməsinə dair məlumatı özündə əks etdirən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi müəyyən edilməmişdir. Məktubdan məlum olur ki, cavabdeh tərəfindən səhmdarlara divident ödənilmədiyindən, dövlət büdcəsinə müvafiq vergi ödənişi həyata keçirilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etməklə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh "Cavabdeh1” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 29/20 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh1-nə qarşı üçüncü şəxslər Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), DƏDRXİ-nin Bakı X7, Milli Depozit Mərkəzi cəlb edilməklə pul tələbinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar