Məhkəmə qərarları › İş №2(103)-4996/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4996/2022

20.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4996/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh Arid oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz pəncərənin bağlanması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı onun istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsində yerləşən 24 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş sahəsinin boşaldılması, Fərdi yaşayış evinin yanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin arxa hissəsində hörülmüş (onun həyətinə baxan baxan) pəncərənin, eyni zamanda ümumi hasarın üzərində qaldırılmış cavabdehə məxsus evin ikinci mərtəbəsinin onun hesabına sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən 3 saylı evin onun Fərdi yaşayış evinin həyətinə açılan qanunsuz pəncərəsinin bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən Fərdi yaşayış evi uzun müddətdir ki, istifadəsindədir. Cavabdehlə onun qonşuluq münasibəti vardır. İstifadəsində olan evinin yaxınlığında özünə məxsus evdə cavabdehə tərəfindən tikinti qaydalarına düzgün əməl edilməyərək tikinti işləri aparıldığına görə onun Fərdi yaşayış evindən istifadə hüquqları məhdudlaşdırılmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun istifadəsində olan Fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edərək hasara almışdır. Belə ki, cavabdeh tərəfindən ona məxsus olan Fərdi yaşayış evinin bir hissəsinə çəkilmiş hasar ümumi sahənin tərkibində yerləşir. Ümumi hasar olduğundan həmin hasarın üstündə ikinci mərtəbə də qaldırmış, qanunsuz olaraq öz evini genişləndirmişdir. Bundan başqa, cavabdeh tərəfindən edilən qanunsuzluqlar azmış kimi o, həm də onun həyətini rahatlıqla müşahidə edə biləcəyi bir pəncərə də açdırmışdır. Bu pəncərə cavabahə məxsus evin arxa hissəsində onun həyəti ilə üzbəüzdür. Cavabdeh onun hüquqlarımı pozan bu addımın atılmasından öncə bunun üçün ondan heç bir icazə almamış, hüquqi sənəd əsasında bu addımı atmamışdır. Cavabdeh tərəfindən bu özbaşınalıq onun və ailəsinin rahat şəkildə öz evlərindən istifadə etmələrinə maneə olur, isti yay aylarında öz həyətilərində istirahət elmələrinə imkan vermir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən 3 saylı evin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsi, 24 saylı evin həyətinə açılan pəncərəsinin Cavabdeh tərəfindən bağlanılması, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Hakim: Pərviz Zamanlı). Həmin qətnamədən cavabdeh tərəfindən aprellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı və Cavabdeh mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «1. Gələcəkdə hasar çəkiləndə həmin divarla pəncərə arasında məsafə 15 sm-dən az olmayacaq. Həmin ünvanda ara məsafəsi 15 sm-dən az olmamaqla tikintinin aparılmasına etiraz yoxdur. ». Məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Pirallahı Rayon Məhkəməsinin 2(094)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «1. Gələcəkdə hasar çəkiləndə həmin divarla pəncərə arasında məsafə 15 sm-dən az olmayacaq. Həmin ünvanda ara məsafəsi 15 sm-dən az olmamaqla tikintinin aparılmasına etiraz yoxdur .». Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-169/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar