Məhkəmə qərarları › İş №2(103)-4999/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4999/2025

07.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4999/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə vəzifənin icra edilməsi öhdəliyinin qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus və Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin təbii qazla təchiz edilməsindən Birliyin imtina edilməsinin qanunsuz hesab edilərək, evin təbii qazla təchiz edilməsi vəzifəsinin Birliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ona məxsus olan və yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsində ev inşa etmişdir. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir və bu barədə ona “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2001-ci il tarixdə “Reyestrdən çıxarış” verilmişdir. Evin inşası başa çatdığı vaxtdan, yəni 2021-ci ilin may ayından iddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və hazırda da evdə yaşayır. Ev, "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə, "xxxx" MMC tərəfindən isə su ilə təchiz edilir və bununla bağlı həmin Təşkilatlar tərəfindən evdə müvafiq sayğaclar da qoyulmuşdur. İddiaçı, evin təbii qazla təchiz edilməsi məqsədi ilə cavabdeh Birliyə dəfələrlə müraciət etsə də, Birlik bundan imtina edir. Sonuncu dəfə, Birlik, xx.xx.2024-cü il tarixli 14- 2-2/2-F-4854-5/2024 nömrəli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. bənd 10-1) görə tikintisinə müvafiq icazə alınmadan inşa edilmiş tikintilər təbii qazla təchiz oluna bilməz. İddiaçıya məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, bunun üçün tələb olunan müvafiq icazələr alınmadan inşa edilmişdir. Birliyin bu kimi imtinası əsassızıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Çıxarışdan” görünür ki, torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə olan halda həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili də qanunsuz tikili hesab edilmir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilənlər iş materialları və işin araşdırılmış halları ilə təsdiq edildiyindən hesab edilməlidir ki, cavabdeh Birliyin imtinası və bununla bağlı hərəkətsizliyi qanunsuzdur. d) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları cavabdeh Birlik tərəfindən iddiaçıya ünvanlanmış və yuxarıda qeyd edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-2/2-F-4854-5/2024 nömrəli imtina məktubu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

7. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adından verilmiş “Reyestrdən çıxarışdan” (reyestr nömrəsi: **********30) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X2 yerləşən 0,02 ha torpaq sahəsi icarə hüququnun alğı-satqısı nəticəsində xx.xx.2011-ci il tarixdən başlayaraq 99 il müddətinə iddiaçının sahibliyinə keçmişdir.

12. İşdə olan sənədlərdən görünür ki, iddiaçının həmin torpaq sahəsi üzərində inşa etdirdiyi fərdi yaşayış evi "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə, "xxxx" MMC tərəfindən isə su ilə təchiz edilir və bununla bağlı həmin Təşkilatlar tərəfindən evdə müvafiq sayğaclar da quraşdırılmışdır.

13. İddiaçının evin təbii qazla təchiz edilməsi məqsədi ilə cavabdeh Birliyə müraciət etməsi ilə əlaqədar Birliyin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 14-2-2/2-F-4854- 5/2024 nömrəli imtina məktubundan görünür ki, Birlik iddiaçıya bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evi, bunun üçün tələb olunan müvafiq icazələr alınmadan inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə isə belə olan halda həmin ev təbii qazla təchiz oluna bilməz.

14. Cavabdeh Birliyin iş üzrə Rayon Məhkəməsinin iddianın təmin edilməsi haqqında qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinin də əsasları qeyd edilən həmin məktubun əsasları ilə eynidir.

15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 10-1-ci bəndinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (maddə 80.1.). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (maddə 80.2.). Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır (maddə 80.3.). Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır (maddə 80.4.).

17. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən evin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində qeyd edilən icazələrin alması tələb olunmur.

18. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh Birlik, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş həmin Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə istinad etsə də, işin hallarından müəyyən edilir ki, iddiaçı, ona məxsus fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Birliyə 2024-cü ildə müraciət etsə də, həmin yaşayış evi artıq 2021-ci ildən mövcuddur. Belə olan halda müəyyən edilir ki, Qanunda sonradan edilmiş dəyişiklik iddiaçının vəziyyətini pisləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ tələbinə görə isə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

19. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Birliyin iddiaçıya verdiyi və yuxarıda qeyd edilən imtinasını əsassız hesab edərək, iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. h) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Buna görə Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

23. Məhkəmə həmçinin bildirir ki, cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə iddiaçı isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar