Məhkəmə qərarları › İş №2(103)-5/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5/2022

29.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Abdulov Benzuləli Qulam oğluna və müstəqil tələb irəli sürməyən 3cü şəxslər DƏDRX Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhər 24 saylı DNK-na qarşı “27.09.2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin vərəsələrin 2 nəfər olması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Abdulov Benzuləli Qulam oğluna, üçüncü şəxslər 24 saylı notariat kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 21 sentyabr 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mrasqoyanın vərəsələrinin 2 nəfər olması və paylar üzrə bolgünün 2/1 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab olunmasına, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ünvan 1 ünvanda yerləşən mülk evə dair tam pay üzrə mülkiyyətçi hüququnun tanlnması barədə cavabdeh Abdulov Benzuləli Qulam oğlunun adına verilmiş 25 oktyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə, babası Qulam Əbdül oğlundan miras qalmış, Bakı ş, Suraxanı rayonu, S.Həmidov küçəsi, 32 saylı mülk evin 3/1 hissəsinə X5 vərəsə və mülkiyyət hüququnun tanınmasına və X5 vəfatı ilə əlaqədar həmin hüquqların onun adına keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə verərək, 24 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 27 sentyabr 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın (Qulam Əbdül oğlunun) vərəsələrinin 2 nəfər olması və paylar üzrə bölgünün 2/1 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab edilməsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ünvan 2 ünvanda yerləşən mülk evə dair tam pay üzrə mülkiyyət hüququnun tanınması barədə cavabdeh Abdulov Benzuləli Qulam oğlunun adına verilmiş 25 oktyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə, Qulam Əbdül oğlundan miras qalmış Bakı ş, Suraxanı rayonu, Həmidov küçəsi, 32 saylı mülk evin 3/1 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılkmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qulam Əbdül oğlu iddiaçının babasıdır. Babası 20 fevral 1973-cü ildə vəfat edib. Onun öldüyü gün sağ olan 3 oğlu olmuşdur: X9, Zaidxan Qulam oğlu və hazırki iş üzrə cavabdeh X7. X9 iddiaçının atasıdır. Atası 19 aprel 2010-cu ildə vəfat etmişdir. X12 da vəfat edib. Digər əmisi X7 hazırda sağdır. Mübahisələndirdiyi Bakı ş, Suraxanı rayonu, S.Həmidov küçəsi 32 saylı ev vaxtilə babasına məxsus olub. Babası həmin evi 1918-ci ildə inşa etdirmiş, 1962-ci ildə isə texniki pasport almışdır. X2 mübahisəli evdə doğulub və öldüyü günədək orada yaşayıbdır. Özü də həmin evdə doğulmuş, hazırda orada qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Babasının ölümündən xeyli sonra, yəni 13 iyul 2001-ci ildə Bakı ş, Suraxanı rayonu, S.Həmidov küçəsi 32 saylı evə dair mərhumun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə əmiləri Zaidxan Qulam oğlu və Abdulov Benzuləli Qulam oğlu Bakı şəhəri 24 saylı notariat kontoruna müraciət edərək özlərinin Qulam Əbdül oğlunun yeganə vərəsələri olduqlarını bildirməklə, faktiki olaraq X5 da mərhumun vərəsəsi olduğunu gizlətmiş və beləliklə də, mərhumdan miras qalmış əmlaka hər birinin 2/1 hissədə miras payının müəyyən edilməsinə nail olmuşlar. Bununla bağlı Bakı şəhəri 24 saylı notariat kontoru tərəfindən 27 sentyabr 2001-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X8 Qulam oğlu qardaşı Zaidxan Qulam oğlunu hədələyərək 27 sentyabr 2001-ci ildə onunla bağışlama müqaviləsi bağlamış və bununla da Zaidxan Qulam oğlu miras mülkdə müəyyən edilmiş 2/1 payını cavabdeh Abdulov Benzuləli Qulam oğluna bağlışlamışdır. Daha sonra Abdulov X6 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etmiş, mübahisəli əmlaka tam mülkiyyət hüququnu təsdiq edən 25 oktyabr 2001- ci il tarixli 004507 nömrəli qeydiyyat vəsiqəsi almış və bununla da mübahisəli əmlakın tam mülkiyyət hüququ ilə öz adına rəsmiləşdiirlməsinə nail olmuşdur. 2005-ci ildə məsələ barədə xəbər tutduqdan sonra atası ilə məsləhətləşib belə qərara gəlmişlər ki, məhkəməyə müraciət etsinlər. Beləliklə, o 2005-ci ildə əmisi Abdulov Benzuləli Qulam oğluna qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra atası da işə qoşulmuş, lakin hüquqi bilikləri olmadığına və zəruri hüquqi yardım ala bilmədiyinə görə tələbləri prosessual qaydalara uyğun olmamış və nəticədə rədd olunmuşdur. Atası işə yuxarı instansiya məhkəməsində baxıldığı dövrdə ölmüşdür. Ona görə qərara gəlmişdir ki, yeni məzmunlu iddia ilə məhkəməyə müraciət etsin.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, 24 saylı Dövlət Notariat Kontoru tərəfindən 27 sentyabr 2001-ci il tarixdə verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə mirasqoyan Qulam Əbdül oğlunun vərəsələrinin 2 (iki) nəfər, yəni Abdulov Benzuləli Qulam oğlu və Zaidxan Qulam oğlu olması və miras əmlakda payların 2/1 hissədə olmaqla müəyyən edilməsi hissəsində etibarsız hesab edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evə tam mülkiyyət hüququna dair cavabdeh Abdulov Benzuləli Qulam oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 25 oktyabr 2001-ci il tarixdə aparılmış qeydiyyatla bağlı cavabdeh Abdulov (Əbdülov) Benzuləli Qulam oğlunun adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab olunmaqla, həmin qeydiyyatın çıxarılması, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsində yerləşən 32 nömrəli evin X2ndan miras qalmış 1/3 hissəsinə vərəsəlik qaydasında hüququnun tanınması qət edilmişdir (hakim: Ceyhun Qədimov).

5. Həmin qətnamədən cavabdeh Abdulov Benzuləli Qulam oğlu apellyasiya şikayəti erərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən iddiaçının subyektiv hüququnun olub-olmamasını, mübahisəli əmlakın əvvəlki hüquqi statusunu və mirasın qəbulu, onun müddəti ilə bağlı məsələləri müəyyən etməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçının miras əmlaka vərəsəlik qaydasında hüququ atası İgidəli Əbdülovun 19.04.2010-cu il tarixində ölümündən sonra yaranmışdır. Məhkəmənin bu qənaəti əsassızdır. İddiaçının iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Mülki Məcəllənin 1159.1.1 və 1160-cı maddələrinin tələblərinə əsasən iddiaçı Qulam Əbdül oğlunun bu və ya digər əmlakına vərəsə ola bilməz. Çünki, Qulam Əbdül oğlu 1973-cü ildə vəfat edərkən onun oğlu, yəni İddiaçı atası İgdəli Əbdülov sağ olmuşdur və atası Qulam Əbdülovun vəfatından əvvəl mübahisəli evdən daimi yaşamaq üçün ailə üzvləri ilə başqa yaşayış məntəqəsinə köçmüşdür. İgidəli Əbdülov atasının vəfatından əvvəl başqa yaşayış məntəqəsinə köçməklə heç vaxt həmin evdə yaşamamış və öldüyü günə kimi atasından qalmış hər hansı əmlaka dair vərəsəlik qaydasında nə müvafiq orqanlara müraciət etməmiş, mübahisə qaldırmamış, nə də miras əmlakı qəbul etməmişdir. İgidəli Əbdülovun mübahisəli evdə yaşamamasını Bakı şəhəri Suraxanı RİHB-nın Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 1/30 saylı, 13.05.2015-ci il tarixli arayış da təsdiq edir. Məhkəmə həmin arayışı nəzərə almamışdır. Mübahisəli evin statusu özbaşına tikili olmuşdur. Həmin evin əvvəlki sahibi Qulam Əbdül oğlu 1973-cü ildə vəfat edərkən onun həmin evə mülkiyyət hüququ olmamışdır. İddiaçının subyektiv hüququ olsa belə o iddiasında haqlı olmamışdır. Belə ki, iddiaçının atası İgidəli əbdülov özü mirasın qəbuluna dair qanunla nəzərdə tutulan müdddə heç bir hərəkət etməmişdir. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6029/2015 saylı, 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Tofiq Səmədov).

8. Həmin qətnamədən cavabdeh Abdulov Benzuləli Qulam oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Ali Məhkəmənin 2(102)-1049/2016 saylı, 18 mart 2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6029/2015 saylı qətnaməsinin ləğv edilməsi qərara alınmışdır (sədrlik edən: Əsəd Mirzəliyev) Tərəflərin izahatları:

10. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

13. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən olunur ki, 23 aprel 1939-cu il təvəllüdlü X9, 06.04.1942-ci il təvəllüdlü Abdulov Benzuləli Qulam oğlu və 25 fevral 1946-cı il təvəllüdlü X10 Əbdül oğlu ilə Məsmə Ağaxan qızının ailə münasibətlərindən doğulmuşlar.

14. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.02.1969-cu il təvəllüdlü İddiaçı X5 oğludur.

15. Ölüm haqqında şəhadətnamənin surətidən görünür ki, X9 19.04.2010-cu ildə ölmüşdür.

16. Bakı şəhəri 24 saylı Notariat kontorunun təqdim etdiyi və iş materiallarındakı digər sənədlərlə müəyyən olunur ki, Qulam Əbdül oğlu 20 devral 1973-cü ildə, onun arvadı Məsmə Ağaxan qızı isə 14 dekabr 1987-ci ildə ölmüşlər.

17. Notariat işinin surətindən görünür ki, Bakı ş, Suraxanı ray., S.Həmidov küçəsi 32 saylı evə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki ilk qeydiyyat 13 iyul 2001-ci ildə Qulam Əbdül oğlunun adına aparılmış, bununla bağlı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı, 004507 nömrəli qeydiyyat vərəqəsi verilmişdir.

18. 27 sentyabr 2001-ci ildə Zaidxan Qulam oğlu ilə Abdulov Benzuləli Qulam oğlu arasında bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə ilə Zaidxan Qulam oğlu mübahisəli evdən özünə çatacaq payı Abdulov Benzuləli Qulam oğluna bağışlamışdır.

19. 27.09.2001-ci il tarixində 24 saylı dövlət notariat kontoru tərəfindən mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

20. 25.10.2001-ci ildə mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Abdulov Benzuləli Qulam oğlunun adına rəsmiləşdirilmişdir.

21. Bakı şəhri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyinin 1/30 saylı, 13.05.2015-ci il tarixli arayışından görünür ki, X5 Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 32 saylı evdə qeydiyyatda olması və yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur.

22. Hüquqi dəyərləndirmə:

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

26. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

27. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «işə yenidən baxılarkən iddiaçının tələb irəli sürməyə hüququnun olub-olmaması ətraflı araşdırılmalı, eləcə də həmin tələb üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalı, atası İgidəli Əbdülova məxsus hüququn iddiaçıya hansı qaydada keçməsi müzakirə olunmalıdır».

28. Ali Məhkmənin göstərişlərinə müvafiq araşdırma əsasında kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbində mübahisəli evlə bağlı tələblərinin əsası kimi X2nun vərəsəsi olmasına istinad edir. Həmçinin iddiaçı mübahisəli evə dair hüquqlarının mülkiyyətçi Abdulov Benzuləli Qulam oğlunun ailə üzvü olması səbəbindən deyil, X2nun vərəsəsi olması səbəbindən yarandığını bildirir.

29. Məhkəmə kollegiyası iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, mübahisəli evin məxsus olduğu Qulam Əbdül oğlu 1973-cü ildə vəfat edərkən onun oğlu, yəni iddiaçının X2 sağ olmuşdur. İddiaçının atası X1 Əbdül oğlunun qanun üzrə vərəsəsi olsa da, mirasın açıldığı vaxt mirası qəbul etməsini göstərən hər hansı hərəkət etməmişdir.

30. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Bu baxımdan kollegiya hazırki mübahisəyə hüquq münasibətinin yarandığı dövrdə 01.09.2000-ci il tarixinədək qüvvədə olmuş Mülki Məcəllənin müddəalarına istinad edilməsini zəruri sayır.

32. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmdığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır.

33. Kollegiya iş materialları və qeyd edilən hüquq normasının tələblərinə əsasən qeyd edir ki, iddiaçının X2 mirasın açıldığı vaxt sağ olmuş və onun miras əmlakı faktiki olaraq idarə etməsi, ona yiyələnməsi, mirası qəbul etməsi barədə ərizə verməsi iş materialları əsasında sübuta yetirilmir.

34. İddiaçı özünü və atasının mübahisəli evdə yaşamasını bildirsə də, onun həmin həmin evdə yaşamasını göstərən hər hansı mötəbər sübut mövcud deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyinin 1/30 saylı, 13.05.2015-ci il tarixli arayışından görünür ki, X5 Zığ qəsəbəsi, S.Həmidov küçəsi, 32 saylı evdə qeydiyyatda olması və yaşayıbyaşamaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur.

35. X5 mübahsiəli evdə yaşamasını sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin kollegiya iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməyərək, qeyd edilən hallara aydınlıq gətirməmişdir. Bu səbəbdən də kollegiya belə qənaətə gəlir ki, X5 mübahsiəli evdə yaşaması sübuta yetirilmədiyindən o vaxtilə miras əmlakı faktiki olaraq idarə etməmiş və miras əmlakı qəbul etməmişdir.

36. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

39. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə əsasən iddia müddətinin ötürülüb-ötürülməməsinə münasibətdə qeyd edir ki, miras qoyan Qulam Əbdül oğlu 1973-cü ildə vəfat etdikdən sonra 21.09.2001-ci ildə onun 2 nəfər vərəsəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının atası İgidəli Əbdülov 19 aprel 2010-cu ildə vəfat edənə kimi bu barədə mübahisə açılmamış, miras əmlakla bağlı verilmiş sənədlər mübahisələndirilməmişdir.

40. İddiaçının atası sağlığında mirasdan pay tələbinə dair mübahisə açmamaqla, bu barədə digər vərəsələrə verilmiş mülkiyyət hüququna dair sənədləri mübahisələndirməmişdir.

41. İddiaçının atası İgidəli Əbdülov sağlığında ona məxsus hüququ mübahisələndiməmiş, bu tələbindən dinməzliklə vaz keçdiyindən ona məxsus mübahisəli hüquq mövcud olmamış və olmayan hüququn vərəsəlik qaydasında keçməsindən mübahisə edilməsi hüquqi baxımdan doğru deyildir.

42. Kollegiya qeyd edir ki, əgər iddiaçının atası sağlığında mirasdan pay tələbini mübahisələndirib mübahsiənin davam etdiyi vaxtda vəfat etmiş olardısa, mübahisələndirilən hüququn vərəsəlik qaydasında keçməsi mümkün olmuş olardı. Lakin, iş materiallarında belə bir halın baş verməsi görünmür.

43. İş materiallarından görünür ki, iddiaçının atası 19 aprel 2010-cu ildə vəfat etməsinə baxmayaraq iddiaçı ərəsəlik şəhadətnaməsinin etibarsızlığına dair 2 sentyabr 2014-cü ildə iddia qaldırmışdır.

44. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

45. İddiaçı mübahisəli vərəsəlik şəhadətnaməsinin verildiyini bildiyi halda bu barədə vaxtında iddia qaldırmamışdır. Hətta atasının vəfatından sonar da hüquq varisi kimi qanunla nəzərdə tutulmuş müddətdə iddia qaldırmamışdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

48. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

49. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

50. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

51. Sadalanan xüsusatlara, qeyd edilən hüquq normalarının tələblərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən kollegiya hesab edir ki, iddiaçının atası mirasqoyanın sağ olduğu vaxtda yaşadığından, miras əmlakı faktiki idarə etməsi, miras əmlakı qəbul etməsi, həmin evdə yaşaması iş materialları ilə təsdiq edilmədiyindən, iddiaçı hazırki iddia tələbini iddia müddətini ötürməklə veridiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbi rədd edilməlidir.

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1332/2015 saylı, 25.05.2015-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar