Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-50/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi (oğlu) X3, cavabdehin nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-6864/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 18 sentyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin şirkətin sazişi ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsi daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şirkətin saziş ərazisi hüdudları daxilində cavabdeh iddia tələbində göstərilən ünvanda lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti inşa etmişdi. Həmin torpaq sahəsinin yerləşdiyi tikili coğrafi koordinatlar 901-İİQD saylı 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 296 saylı 01.07.2004-cü il tarixli Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır. Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə prosesində onun iştirakı təmin edilməmişdir. 04.02.1999-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsi onun icarəsinə verilmişdir. Bağ sahəsi uzun illərdir ki, iddiaçının istifadəsindədir və daş hasara alınmışdır. O, dəfələrlə bu sahənin özəlləşdirilməsi məqsədilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə sonuncu dəfə 14.01.2016-cı il tarixdə müraciət etmiş, lakin 02.02.2015-cı il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. İmtina məktubunda idarənin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu, bağ sahəsinin 500 kv.m. hissəsinin bağçılıq yoldaşlığın ayrıc aktından kənara düşdüyü qeyd edilmişdir. İmtina məktubu tərəfindən mübahisələndirilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunmuşdur. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verildiyindən hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi (oğlu) X6, digər nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdilər, eyni zamanda ekspert rəyinin qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. İddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi, ekspert rəyinin isə qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığıını bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən çıxarışdan görünür ki, mübahisəli tikili İddiaçı Şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir. Eləcə də tikinti aparılan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 296 saylı 01.07.2004-cü il tarixli Sərancamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilindədir. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh nə torpaq sahəsi, nə də onun üzərində tikilmiş tikili ilə bağlı hüquqlarını dövlət reyestrində qeydə aldırmamışdır. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda dövlətin mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və o, haqlı olaraq həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasında Saziş imzalanmış və həmin saziş 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Saziş tərəfləri arasında imzalanmış Birgə əməliyyat sazişinin 5-ci maddəsinin müddəalarına əsasən İddiaçı əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin Cavabdeh icarəsinə verilməsinə dair 04.02.1999-cu il tarixdə «Birlik» X2 və İstismarı Birliyi ilə Cavabdeh arasında «Bağın icarəyə verilməsi haqqında 22192 saylı müqavilə bağlanmışdır. Hazırki iş üzrə iddiaçı cavabdehə sözügedən müqavilə əsasında icarəyə verilmiş bağ torpaq sahəsi üzərində inşa edilmiş tikilinin 29.09.2004cü il tarixdə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 Bi.Vi və ARDNŞ-nin Ortaq Şirkəti arasında bağlanmış Sazişə əsasən iddiaçıya təhvil verilmiş torpaq sahələrinin hüdudları daxilinə düşdüyünü bildirir. Bununla da tərəflər arasında məlum mübahisə yaranmışdır. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçının dəlilləri ilə bağlı müvafiq ekspertiza keçirilmədən məhkəmə iddianı təmin etmişdir. Lakin məhkəmə qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən 04.02.1999-cu il tarixdə bağlanmış 22192 saylı müqavilə əsasında Cavabdeh icarəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin «Birlik» X2 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazilərə aid olub-olmadığının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 15265 saylı 01 iyul 2019-cu il tarixli ekspert rəyindən görünür ki, naturada iddia olunan torpaq sahəsi (koordinatları müəyyən edilmiş torpaq sahəsi) üzərində fərdi yaşayış evi olmaqla 1035 m2 təşkil edir və elektron baza məlumatlarına əsasən tam olaraq İddiaçı Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşir. 04.02.1999-cu il tarixdə bağlanmış 22192 saylı müqavilə əsasında Cavabdeh icarəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 51a/151a saylı bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə yerrləşmə cizgisi, eyni zamanda «Birlik» X2 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazinin ayrıc aktının olmaması səbəbindən müvafiq araşdrma və ekspertiza qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Bu səbəbdən yenidən tikinti-texniki ekspertizasının keçirilməsi və həmin ekspertizanın keçirilməsinin Hüquq və Torpaq Məsələləri MMC-nin mütəxəssisləri cəlb edilməklə X1 ekspertlərinə tapşırılması qərara alınmışdır. X1 289 saylı 10.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın aparılması üçün ekspertizaya təqdim olunmuş materiallardan və mütəxəssis qismində işə cəlb olunmuş Hüquq və Torpaq Məsələləri MMC-nin 87 saylı 21.09.2020-ci il tarixli mütəxəssis rəyindən istifadə olunmuşdur. Ekspert rəyindən müəyyən olunur ki, X4 ayrılmış və onun faktiki istifadəsində olan torpaq sahəsinin 587 kv.metri “Birlik” X2 və İstismarı Birliyinin istifadəsinə verilmiş ərazilərin hüdudlarından kənarda, faktiki olaraq İddiaçı Şirkətinə təhvil verilmiş ərazi hüdudları daxilindədir. X7 tərəfindən inşa edilmiş tikilinin 152 kv.m-lik hissəsi «Birlik» X2 və İstismarı Birliyinin hüdudları daxilində, 43 kv.m-lik hissəsi isə 29.09.2004-cü il tarixdə «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 Bi.Vi və ARDNŞ-nin Ortaq Şirkəti arasında bağlanmış Sazişə əsasən İddiaçı Şirkətinə təhvil verilmiş əraziyə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iş üzrə cavabdehin onun tərəfindən inşa edilmiş özbaşına tikilinin 43 kv.m. hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.m. torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyində müəyyən edilmiş hallarla bağlı qismən, Cavabdeh Şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.m. (1035 kv.m.- 43 kv.m. = 992 kv.m.) hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.m. (1000 kv.m.- 587 kv.m. = 413 kv.m.) torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə verilməsi hissələrində ləğv edilərək iddia tələbləri həmin hissələrdə rədd edilməli, qətnamə qalan- cavabdehin özbaşına tikilinin 43 kv.m. hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.m. torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən saxlanılmalı, bununla da apellyasiya şikayəti qismən təmin olunmalıdır. Bundan başqa məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının iddiasının qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələblərinin təmin edildiyi hissələrə uyğun ekspertiza tədqiqatının dəyəri olaraq ödənilməli olan 300 manatın 200 manatı cavabdehə, 100 manatı isə iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6864/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, Cavabdeh Şirkətin saziş ərazisi hüdudları, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin 992 kv.m. hissəsindən çıxarılması, həmin hissdə tikilinin cavabdehin hesabına sökülməsi və 413 kv.m. torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə verilməsi hissələrində ləğv edilsin. İddia tələbləri həmin hissələrdə rədd edilsin. Qətnamə qalan, Cavabdeh inşa etdiyi özbaşına tikilinin 43 kv.m. hissəsindən çıxarılması, həmin hissədə tikilinin cavabdehin hesabına sökülməsi və 587 kv.m. torpaq sahəsinin İddiaçı Şirkətinin qanuni istifadəsinə verilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Cavabdeh 200 manat, İddiaçı Şirkətindən 100 manat tutularaq X1 hesabına köçürülsün. Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2(103)-50/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-50/2021
17.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver