Məhkəmə qərarları › İş №2(103)-5001/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5001/2021

05.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5001/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1, X1 iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)-1526/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Renta müqaviləsinin ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli “renta müqaviləsinin ləğv edilməsini və ona vurduğu maddi ziyana görə 5000 (beş min) manat pulun, mənəvi ziyana görə 10000 (on min) manat pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)-1526/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)-1526/2021 saylı qərardadının ləğv edilərək ərizənin tam şəkildə icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, renta müqaviləsi üzrə münasibətlər davamlı xarakter daşıdığından İddiaçı əvvəllər Cavabdeh qarşı qaldırdığı renta müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsindən imtina etməsi onun yenidən eyni iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Çünki tərəflər arasında bağlanmış 08 oktyabr 2018-ci il tarixli renta müqailəsinin 15-ci bəndinə əsasən müqavilənin ləğvi tərəflərin yazılı razılığı əsasında belə razılıq olmadıqda isə məhkəməyə qaydasında həyata keçirilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti qəbul etmədi, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)-1526/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 şikayəti qəbul etmədi, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)- 1526/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)-1526/2021 saylı qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından İddiaçı və Cavabdeh arasında 08 oktyabr 2018-ci il tarixdə bağlanmış renta müqaviləsinə əsasən renta ödəyicisi, renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyinmə, müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirtməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommnal xərclərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 15-ci bəndinə əsasən müqavilənin ləğvi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəməyə qaydasında həyata keçirilir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(007)-640/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxılarkən İddiaçı məhkəmə baxışı zamanı iddia tələbindən imtinanın qəbul edilməsi və işi geri çağırılmış hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsi İddiaçı iddiadan imtina edilməsi barədə ərizəsini əsaslı hesab edərək təmin etmiş və mülki işin icraatına xitam vermişdir. Kollegiya hesab edir ki, hazırki halda məhkəmə MPM-nin 261.0.2-ci maddəsinə istinad etməklə, “renta müqaviləsinin ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında ömürlük renta müqaviləsi bağlanmış, renta ödəyicisi, renta alan sağ olduğu müddətdə (ömürlük) ona maddi, mənəvi dəstək olmağı, onun yaşayış tələbatını ödəməyi, ərzaq, məişət əşyaları, geyinmə, müəyyən istirahətlə təmin etməyi, tibbi müayinədən keçirtməyi, yaşayış mənzilinin təmizliyinə baxmağı, mənzilin kommnal xərclərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırki iddia tələbindən də görünür ki, iddiaçı cavabdehin son zamanlar müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmasını qeyd edir. Belə olan halda, kollegiya hesab edir ki, nə qədər ki, tərəflər arasında ömürlük renta müqaviləsi mövcuddur, Bakı şəhəri Nizami rayon Məhkəməsində 12 iyun 2020-ci il tarixdə işə baxılakən, iddiaçının iddiadan imtina etməsi, həmin müddətdən sonra davam edən münasibətlərdə, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə, onun yenidən “müqavilənin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən “müqavilənin ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(007)- 1526/2021 saylı qərardadı ləğv edilsin. İş materialları qərardadda qeyd olunan sonrakı prosessual hərəkətləri yerinə yetirmək üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar