Məhkəmə qərarları › İş №2(103)-5002/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5002/2023

07.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5002/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, X27 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir. Daha sonra mübahisəlii mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasın təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir. Hazırda iddiaçı cavabdehlər arasında bağlanmış müqaviləni mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qlobal-SF MMC tərəfindən İddiaçı satılmış, dəyəri onun tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan binadan cavabdeh təşkilata müraciət edərək mənzil almışdır. Lakin, mənzil 6 ay sonra cavabdeh tərəfindən başqa şəxsə də satılmışdır. Belə ki, Cavabdeh2 (direktor Eldar Yusifov) ilə “Payçı" kimi İddiaçı arasında 06 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə Cəmiyyət “Qlobal-SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçıya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. İddiaçı üzərinə düşən öhdəliyi icra edərək mənzilin müəyyənləşdirilmiş haqqını tam olaraq ödəmişdir. Bu hal Qlobal-SF MMC-nin 06 mart 2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan Qlobal-SF MMC-nə məxsus bina 1, "D” bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Qlobal-SF MMC-yə borcu yoxdur. Lakin, cavabdeh Qlobal-SF MMC İddiaçı satdığı mənzili cinayət xarakterli qanunsuz hərəkətlər edərək 6 ay sonra başqa şəxsə də satmışdır. Belə ki, İddiaçı satılmış mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor Nəriman İbrahimov) ilə “Payçı” kimi Cavabdeh1 arasında 21 sentybar 2021-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanaraq ona da satılmışdır. Eyni maliyyə arayışını Cəmiyyət Cavabdeh1 də vermişdir. Beləliklə, cavabdeh təşkilat Qlobal-SF MMC bir mənzili iki nəfərə satmaqla cinayət tərkibli, qanunsuz hərəkətlər etmişdir. Belə olan halda, ikinci müqavilə cavabdehlər Qlobal SF MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız sayılmalı və direktor Nəriman İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin İddiaçı satılması barədə müqavilə qüvvədə olduğu halda həmin mənzil Cavabdeh2 MMC tərəfindən yenidən Cavabdeh1 satılmış, bununla da İddiaçı hüquqları pozulmuşdur. İddiaçı ilə müqavilə Cavabdeh1 ilə bağlanmış müqavilədən də əvvəlki tarixdə bağlandığından Cavabdeh2 MMC tərəfindən İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmalı, Cavabdeh1 ilə bağlanmış müqavilə isə həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin hüquqi nəticə yaratmaq niyyəti olmadığından etibarsız hesab edilməlidir. Məhkəmə cavabdehin etirazları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabdehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassızdır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında İddiaçı mülkiyyəti sayılan əmlakın alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulduğundan, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Hər iki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaqı olmuş və Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən 20 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin ilkin olaraq X2 məlum olmuşdur. Daha sonralar qeyd olunan mənzil X9, ən sonda isə Cavabdeh1 satılmışdır. Mənzilin bir şəxsdən digər şəxsə satılması zamanı mütləq qaydada əvvəlki şəxsin mənzildən imtinasına dair ərizə olmalıdır. Şahid qismində dindirilmiş X18 mənzilin İddiaçı satıldığı zaman X5 imtina ərizəsinin olmadığını, Emilin imtina ərizəsini sentyabr ayında verdiyini etiraf etmişdir. İmtina ərizəsinin sentyabr ayında verildiyini İsgəndərov Emil də öz izahatında bildirmiş və mənzili Cavabdeh1 satdığını qeyd etmişdir. Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5 ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin İddiaçı satılması zamanı imtina ərizəsinin olmaması və mülkiyyətçinin hələ də İsgəndərov Emil olması faktı cinayət işi materiallarında olan sübutlar və şahid ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsində İddiaçı ilə bağlanan müqavilənin daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış etdiyini qeyd etmişdir. Həmin müqavilə bağlanarkən əmlakın hələ də başqa şəxsin mülkiyyətində olması və mənzildən imtina ərizəsinin verilməməsi faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu da məhkəmələr tərəfindən başqa şəxslərin mülkiyyət hüquqlarının pozulması faktına göz yumaraq digər şəxsin mülkiyyət hüquqlarını üstün sayması deməkdir. Cavabdeh “Qlobal-SF“ MMC tərəfindən verilmiş apellyasiya şikayətinin əsasları ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC-nə əvvəllər məlum olmayan, yəni, cəmiyyətin inşa etdiyi məzilərin elektron siyahısında olmayan, əlavə müqavilə olduğu məlum omuşdur. Bununla bağlı daha əvvəllər bir başa cəmiyyətə qarşı hər hansı iddia və ya başqa şikayətlər olmamış, mənzilin verilən dövrü cəmiyyətin direktoru olan X18 ilə mübahisələr olmuş, ilk öncə Nərimanov Rayon Polis idarəsində araşdırma aparılaraq qərar qəbul edilmiş, daha sonra Yasamal rayon Prokurorluğunda araşdırılma aparılaraq daha əvvəl Nərimanov rayon Polis İdarəsində işə baxıldığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Bütün bu zaman kəsiyində, yəni bir ilə yaxın müddətdə Yusifov Eldarla iddiaçının oğlu arasında danışıqlar aparıldığı və məsələnin həli üçün Yusifov Eldarın özü tərəfindən həll edəcəyini, razılığa gəldiklərini cəmiyyətin yeni rəhbərliyinə bildirmişdir. Daha sonra isə yuxarıda göstərilən X15 və onun arvadı X10 həmin mənzil üçün notarial qaydada verilmiş ərizələrin tarixi daha əvvəlki vaxta təsadüf etdiyini və iddiaçının adına olan mənzilin həmin tarix kəsiyində daha əvvələ təsadüf etdiyi üçün iddia irəli sürülmüşdür. Cəmiyyətdə mənzil rəsmiləşdirilməsi zamanı, razılıq ərizələri ilə bərabər hər iki tərəf iştirak etməsə, sənədləşmə işləri aparılmır. Ərizələrin daha köhnə tarixə verilmiş olması deyil, qüvvədə olması və hər iki tərəfin canlı iştirakı ilə təsdiq etməsi əsas götürülür və sənədləşdirilir. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. Cinayət işi üzrə şahid qismində dindirilmiş X18 öz ifadəsində bildirmişdir ki, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil ona satılmış, daha sonra mənzil X11, X3 isə qeyd olunan mənzil Cavabdeh1 satılmışdır. Bu fakt X15 tərəfindən də bir daha təsdiq edilmişdir. Məhkəmə prosesi zamanı şifahi vəsatətlərə baxmayaraq X13 məhkəməyə cəlb edilməsi təmin edilməmişdir. Bu da məsələnin tam və qərəzsiz həll olunması və şikayətdə bildirildiyi kimi iddiaçı ilə hansı şəraitdə və harda, mənzil haqqında sənədləşmələrin aparılması, mənzil üçün pulun kim tərəfindən alınması faktının aydınlaşdırılması üçün ən vacib haldır. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsivəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətlərinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilə dair xx.xx.2020-ci il tarixdə X18 tərəfindən Cavabdeh2 MMC-yə imtina etməyə dair ərizə təqdim edilmiş, eyni gündə də mənzilə dair MMC tərəfindən X15 ilə müqavilə bağlanmış, sonuncu mənzilin dəyərini ödəmiş və adına maliyyə arayışı verilmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə X15 və arvadı həmin mənzilə olan hüquqlarından imtina etmələri və mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir. Daha sonra mübahisəlii mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC tə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasın təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş müqavilələrdə göstərilən 30 №li mənzil X18 ilə X8 adına rəsmiləşdirilmiş müqavilələrlə göstərilən 502 №li mənzillə eyni mənzil olması işin mübahisəsiz halıdır. Göründüyü kimi, mübahisəli mənzil Eldar Yusifov tərəfindən Emil İbrahimova satıldıqdan sonra sonuncunun faktiki sahibliyində olmamışdır. Dolayı yolla da həmin mənzilə dair iddiaçı ilə, sonra isə cavabdehlə Cavabdeh2 MMC arasında müqavilələr bağlandıqdan sonra da mənzil heç kimin faktiki sahibliyinə keçməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında (Cavabdeh2 MMC tərəfindən mənzil (xx.xx.2020-ci il tarixdə X11, xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2021-ci tarixdə isə Cavabdeh1n satılması zamanı) podrat münasibətləri olmuşdur və onların adına maliyyə arayışı verilən zaman həmin mənzilin dəyərinin tam ödənilməsi göstərilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə hər nə qədər “yaşayış binasının yaşayış sahəsinin alğı-satqısına dair” müqavilə adlandırılsa da, iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Çünki müqavilədən görünür ki, müqavilə üzrə “İcraçı” müqavilə üzrə Sifarişçi”yə hələ tikintisi başa çatmamış mənzili satmağı” öhdəsinə götürmüşdür. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hazırki iş üzrə iddia tələbi müqavilənin etibarsız hesab edilməsi olsa da işin faktiki halları baxımından tərəflər arasında - podrat münasibətləri olmasına birinci instansiya məhkəməsi isə işin hallarını düzgün müəyyən etməyərək, iş üzrə səhv əsaslandırma aparmaqla, iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisəli mənzilin İddiaçı satılması barədə müqavilə qüvvədə olduğu halda həmin mənzil Cavabdeh2 MMC tərəfindən yenidən Cavabdeh1 satılması ilə İddiaçı hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci tarixli müqavilənin etibarsızlığı üçün isə əsaslar olmamasına birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Belə ki, əvvəla müəyyən edilmişdir ki, Cavabdeh2 MMC və “Payçı” X15 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onu direktorsəlahiyyətli şəxs X19 imzalamışdır Həmçinin müəyyən edilmişdir ki, X15 və onun arvadı X16 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiqlənmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilə olan hüquqlarından imtina etmişlər və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair xx.xx.2020-ci il tarixli ərizələri Cavabdeh2 MMC-yə təqdim edilməmiş, X8 özündə qalmışdır. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin iclasında ifadə vermiş X8 izahatı ilə müəyyən edilmişdir. Belə ki, o, izahatında “Payçı” Cavabdeh1 əvvələr tanıdığını və aralarında müəyyən məsələlərlə bağlı iş birliyi olmasını, mübahisəli mənzili də hələ 2020-ci ildə ona sataraq özünün və arvadının xx.xx.2020-ci il tarixli ərizələrini də aralarında olan razılaşmaya əsasən 4-5 aydan sonra ona təqdim etməsini, lakin hansı səbəblərdən Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında müqavilənin məhz xx.xx.2021-ci il tarixdə bağlanmasını bilmir. "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X17 öz ifadəsində bildirmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil şirkətin sabiq direktoru E.Yusifova direktor olmamışdan öncə xx.xx.2014-cü ildə o vaxtki rəhbərlik tərəfindən bağışlanmış idi. Sonradan E.Yusifov həmin mənzili X4, X15 isə sonradan mənzildən imtina edərək onun Cavabdeh1 satılması və onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Mənzilin K.Zülfüqarovun anası İddiaçı satılmasından şirkətin məlumatı olmamışdır. E.Yusifov özü onu E.İbrahimovun imtina ərizəsi olmadan satmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisəli mənzillə bağlı Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləni X18 deyil, artıq MMC-nin yeni direktoru X17 imzalamışdır. Başqa sözlə, X15 və İddiaçı ilə bağlanılmış müqavilələri imzalayan X18 2021-ci ilin sentyabr ayında artıq direktor deyildi. Apellyasiya instansiyası məhkəməsinə Yasamal rayon prokurorluğu tərəfindən təqdim edilmiş» cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarında X13 şübhəli şəxs kimi verdiyi ifadəsindən görünür ki, 09 iyul 2020-ci ildən 2021-ci ilin avqust-sentyabr ayınadək təsisçinin daxili əmri ilə Cavabdeh2 MMC-də direktor vəzifəsini icra etmişdir. Həmçinin, Cavabdeh2 MMC tərəfindən inşa olunan ünvan 2 ünvanında yerləşən 1-ci binada, “D” bloku, 5-ci mərtəbə ümumi sahəsi 140 m2 olan mənzilə pay hüququ ilə 16 dekabr 2014-cü ildən müqavilə əsasında ona məxsus olmuş, MMC-dən ona maliyyə arayışı da verilmişdir. Həmin mənzili 2020-ci ilin iyul ayında MMC-nin adından X15 adlı şəxsə satmış, ona tam ödəniş barədə maliyyə arayışı vermiş, lakin, Emil İbrahimov tərəfindən mənzilin dəyəri tam ödənilməmiş, razılaşmalarına görə Zülfüqarova mənzilin dəyərini tam ödəmiş, onunla Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli alqısatğısına dair müqavilə bağlanmış, tam ödəniş barədə maliyyə arayışı da verimışdır. Alqısatğı müqaviləsi və maliyyə arayışına möhür vurduqdan sonra sənədlər MMC-nin kompüter bazasına işlənmiş və bir nüsxəsi vətəndaşa, bir nüsxəsi MMC-yə təqdim edilmişdir. Məlumat üçün bildirir ki, MMC-də direktor olsa da MMC-nin möhrünü həmin müqaviləyə Elşən İbrahimov vurmuşdur. Qeyd edir ki, mənzil İddiaçı MMC-nin adından satılarkən direktor kimi heç bir qanun pozuntusuna yol verməmiş, ikili mənzil satmamışdır, mənzil artıq Emil İbrahimovdan şirkətə qayıtmış formada olmuşdur. Emil İbrahimov mənzildən 2020-cin ilin sentyabr ayından imtina etmiş, ona görə də onun direktor kimi həmin mənzilin satılması ilə bağlı bütün hüquqi hərəkətləri etməyə səlahiyyəti olmuşdur. Dəqiq tarixini xatırlamasa da 2021-ci ilin avqust, yaxud sentyabr ayında "xxxx" MMC-nin direktoru vəzifəsindən öz istəyi ilə azad edilmiş, MMC-dən uzaqlaşmışdır. Lakin, 2021-ci ilin son ayları olardı ki, İddiaçı oğlu Kamran Zülüfüqarov onun anasına satılmış mənzilinin başqa şəxsə, Cavabdeh1 adlı şəxsə də satılmasını bildirmiş, o isə bu məsələdən xəbəri olmadığını bildirmişdir. Cavabdeh1 adlı şəxsi tanımamış, ona heç vaxt mənzil satmamışdır. Bundan başqa İddiaçı həmin mənzilin ona məxsus olması, Cavabdeh1 mənzilə olan müqaviləsinin etibarsız sayılması barədə müraciətinə Nərimanov rayon məhkəməsi tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixli, 2(005)-545/2023 saylı qətnamə qəbul edilmişdir. Qətnamə əsasında ünvan 2 ünvanında yerləşən 1-ci binada, D bloku, 5-ci mərtəbə ümumi sahəsi 140 m2 olan mənzilin İddiaçı məxsus olması tanınmış, Cavabdeh1 müqaviləsi etibarsız hesab edilmişdir. Həmçinin qərardan şahid qismində ifadə vermiş X12 (İddiaçı oğlu) göstərmişdir ki, 2020-ci ilin noyabr-dekabr aylarında vəkil dostu Umman Salahzadə demişdir ki, Yasamal rayonunda bir nəfər mənzilini satışa çıxartmış və mənzil satışından ona 10.000 manat pul verəcəyi vardır. Ummanın da ona 10.000 manat borcu olmuş, borcu istədikdə tanışının Yasamal rayonunda mənzili satıb ona pul verəcəyini demişdir. Daha sonra Ümmanın tanışı Eldar Yusifovla danışmış, sonuncu özünün də Yasamal rayonunda direktoru olduğu "xxxx" MMC tərəfindən tikilən binada 140 m2 mənzili almaq istəsə 50.000 manata sata biləcəyini demiş, Yasamal rayonu Ə.Əhmədov küçəsi bina 1 “D” bloku, 5-ci mərtəbədə yerləşən 30 saylı 140 m2 mənzilin mənzili almaq qərarına gəldikdən sonra 2021-ci ilin fevral ayında Eldar ilə Nərimanov rayonunda yerləşən Divan otelin yanındakı kafedə görüşmüş, Umman da yanlarında olmuş, Eldar da Ümmanın 10.000 manat ona olan borcunn 50 min manatdan çıxılmasını və 40.000 manata satmağa razılaşdırmışlar. Orada Eldara 20.000 manat pul vermiş və müqavilə hazır olanda 10.000 manat da verəcəyini demiş, qalan 10.000 manatı isə 10-15 gün ərzində verəcəyini demişdir. Eldara 20.000 manat pul ilə birlikdə anası İddiaçı məxsus şəxsiyyət vəsiqəsini də vermişdir ki, müqavilə hazırlansın. Pul verdiyi günün səhəri günü Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan D bloku, 5-ci mərtəbədə yerləşən 140 m2 mənzilin müqaviləsi hazır formada olsa da möhürlənməmiş formada olmuş, Eldar isə müqavilə İddiaçı tərəfindən imzalandıqdan sonra möhür vurulacağını demişdir. Müqavilə imzalandıqdan sonra Eldar bildirmişdir ki, binanın rəhbəri Elşən İbrahimov Bakı şəhərində olmadığı üçün müqaviləyə möhür vurdura bilməmiş, belə ki, möhür onda olduğundan müqavilələri ancaq Elşən təsdiqlədiyini demişdir. Təxminən 10 günə yaxın müddətdə Eldar müxtəlif bəhanələr gətirərək müqaviləni möhürlənmiş şəkildə təqdim etməmiş, Eldara təzyiq etdikdən sonra o, Ümmanın avtomobilinə minərək Elşənin yaşadığı Azur yaşayış kompleksində evinə getdilər Eldar yuxarı qalxaraq müqaviləyə möhür vurdurmuş, daha sonra Xətai rayonun, Cavanşir körpüsünün yanında yerləşən Qəbələ restoranında görüşmüşlər və müqaviləni ondan təhvil almış ona 10.000 manat pulu da vermişdir. O müqaviləni aldıqdan sonra qısa müddətdə və yerdə qalan məbləği, yəni 10.000 manatı da vermişdir. 50.000 manat puldan 40.000 manatını vermiş qalan 10.000 manatı isə Ümman ona vermişdir. Belə ki, Umman Eldara 8000 manat bır, qalan 2000 manatı isə hissə-hissə vermişdir. Mənzili aldıqdan bir neçə ay sonra tikilmədiyini görüb satmaq qərarına gəlmiş, şirkət ilə satış barədə maraqlandıqda mənzilin nömrəsini ondan soruşmuş və 30 saylı mənzilin X8 mülkiyyətində olduğunu demişlər. Eldara bu barədə bildirdikdə həmin şəxsin imtina ərizəsini alıb işə tikəcəyini demiş, lakin bir neçə ay Eldar yalan vədlər verərək imtina ərizəsini almamış, şirkətin qeyri-rəsmi rəhbəri Elşən İbrahimov ilə telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu mənzilin müqaviləsinə möhür vurduğunu demiş, X21 imtina ərizəsi alacağını və işə əlavə edəcəyini demişdir.lmtina ərizəsi alınmadığından, Eldar dəfələrlə onu yubatdığından Eldardan pulunu tələb etməyə başlamış, sonuncu da müxtəlif bəhanələrlə pulunu tezlikdə qaytaracağını vəd versə də qaytarmamışdır. Daha sonra öyrənmişdir ki, həmin mənzili Eldar 50.000 manaata maklerlər vasitəsi ilə Emil İbrahimovun adına keçirməyə razı olmuş, ilkin olaraq 25.000 manat pul almışdır. Həmin maklerlər Emil İbrahimovun mənzili istəmədiyini bildirmiş, ona görə də Eldara demişdilər ki, 25.000 manatı qaytar, mənzilini geri götür. Eldar mənzili ona satmış, lakin həmin şəxslərin pulunu verərək imtina ərizəsi almamışdır. Maklerlər 25.000 manata mənzili Tağı İbrahimova geri qaytarmışlar. Tağı İbrahimov da həmin mənzili Cavabdeh1 adına sənədləşdirmişdir. Bunu öyrəndikdən sonra Elşən İbrahimovla əlaqə saxlamış; sonuncu Cavabdeh1 imtina ərizəsinin isə olduğunu demişdir. Elşənlə daha sonra Hilton otelində görüşmüş və sonuncu 25.000 manat pulu Eldara versə imtina ərizəsini ala biləcəyini demiş, lakin Eldar Əhmədov həmin pulu ödəməmişdir. Tələbi mənzilə olan mülkiyyətinin tanınması və ya ödənişinin geri qaytarılmasıdır. X1 şahid qismində verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin iyun ayında "xxxx" MMC tərəfindən Yasamal rayonu Ə.Əhmədov küçəsində tikilməkdə olan “D” Bloku 30 saylı mənzilin satış elanını görmüş, elanda qiyməti hazırda xatırlamasa da çox ucuz qiymətə 140 m2 olmuş və mülkiyyətçisi Eldar Yusifov adlı şəxs olmuşdur. xx.xx.2020-ci il tarixdə Dərnəgül metrosunun yanında yerləşən “Doz” deyə adlandırılan yerdə Cavabdeh2 MMC ilə həmin mənzilin “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləni imzalamış, mənzil Eldar Yusifova məxsus olmuş, imtina etmiş və mənzil onun adına rəsmiləşdirilmişdir. Mənzili 25 min ABŞ dolları pulu hazırda görsə tanımayacağı Eldar adlı şəxsə sayıb vermiş, daha sonra oradan müqavilənin bir nüsxəsini götürüb çıxmışdır. Mənzilin dəyəri 25 min ABŞ dolları pulu Eldara ödəmiş, mənzilin ödənişini tam etməsi ilə bağlı maliyyə arayışı da verilmişdir. Müqaviləni direktor qismində imzalayan Həmid İbrahimovu tanımır, xatırlamır. Pul verdiyi adamın müqaviləni imzalayıb-imzalamadığını da bilmir. Həmin binalarda evlərin kv. metri 600-700 arası olsa da Eldar ona təcili pul lazım olduğundan evini ucuz satdığını demiş və o da razılaşıb çox ucuz qiymətdən almışdır. Mənzili aldıqdan sonra binada tikinti işlərinin getmədiyini görmüş, mənzili satmaq qərarına gəlmiş, 2020-ci ilin sentyabr ayında Ramin adlı bir şəxs mənzili almağa razılaşmış, binada tikinti getmədiyini, 25 min ABŞ dolları pul verib aldığını, o qiymətə də satacağını demiş və razılaşmışlar. Bundan sonra mənzildən imtina ərizəsini notarial qaydada vermiş, pulunu almışdır. Daha sonra heç bir yerə getməmiş, Ramin adlı şəxsi bir daha görməmişdir. Eldarı da mənzil aldığı 24 iyundan sonra görməmişdir. Kamran Zülfüqarov, İddiaçı adlı şəxsləri görməmiş, tanımır. Eldara hər hansı imtina ərizəsi verməmiş, onun mənzili başqa şəxsə satmağından məlumatı olmamış, çünki mənzili ondan aldıqdan sonra heç vaxt əlaqə saxlamamış, onunla danışmamışdır. Raminə xx.xx.2020-ci il tarixdə həmin mənzildən notarial imtina ərizəsini vermiş, pulu alıb sağollaşmışdır. Daha sonra nə vaxt rəsmiləşdirilməsindən isə xəbəri olmamışdır. Eldarın mənzilin ödənişini tam etməməsi ilə bağlı dedikləri yalandır, həqiqəti əks etdirmir, tam ödəniş olmasaydı ona maliyyə arayışı verilməzdi. Şahid qismində ifadə vermiş Cavabdeh1 qərarda əks edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin avqust-sentyabr ayında Emil İbrahimovun "xxxx" MMC tərəfindən Yasamal rayonu Ə.Əhmədov küçəsində tikilməkdə olan “D” Bloku 30 saylı mənzilin alqı-satğısı ilə bağlı danışıqlar aparmış, həmin binada tikinti işləri getməmiş, lakin tikinti işləri davam edəcəyini öyrənmiş və mənzili almağa razılaşmışdır. Bu barədə 2021-ci ilin sentyabr ayında "xxxx" MMC-dən mənzillə bağlı maraqlandıqda mənzilin E.lbrahimovun adında olduğunu öyrənmiş, mənzili almağa razılıq verdikdən sonra E.İbrahimovla "xxxx" MMC-nin Binəqədi rayonu dəqiq xatırlamadığı ünvanda olan mərkəzi ofisinə yaxınlaşmış, orada E.İbrahimov mənzildən imtinası barədə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş və MMC tərəfindən həmin imtina ərizəsi yoxlanılmış və qüvvədə olduğu müəyyən edildikdən sonra imtina ərizəsi qəbul edilmiş, mənzil onun adına rəsmiləşdirilmişdir. MMCnin direktoru kimi Nəriman İbrahimli imza etmişdir. Həmin mənzilin İddiaçı və ya digər hər hansı bir şəxsin adında olması barədə heç bir məlumat MMC tərtəfındən ona verilməmiş, E.İbrahimov da ona bu barədə heç nə deməmişdir. Şirkət mənzilin doğurdan da E.İbrahimova məxsus olduğunu təsdiqləmişdir. Mənzili nisbətən ucuz qiymətə almağına səbəb də tikinti işlərinin çox zəif getməsi olmuşdur. Şirkətə hər hansı ödəniş etməmiş, pulu mənzilin mülkiyyətçisi olmuş Emil İbrahimova vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 MMCnin nümayəndəsinin Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim etməməsinə diqqət yetirməmişdir. Belə ki, İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassız saysa da, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni hallar Cavabdeh1 ilə bağlanmış müqaviləyə və maliyyə arayışına da aiddir. Başqa sözlə, Cavabdeh1 ilə bağlanmış sözügedən sənədlərdə MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, cavabdeh ilə MMC arasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında, eləcə də İddiaçı arasında qeyd edilən mənzilin alğı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulması faktı öz təsdiqini tapmamış, əksinə işin araşdırılmış halları ilə onunla alğı-satqı müqaviləsi bağlanmasından əvvəl mənzilin faktiki olaraq əvvəlki alıcısı X15 tərəfindən ona satılması və məhz bu niyyətlə də özünün və arvadının həmin mənzilə olan hüquqlarından imtina etmələri, eləcə də mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etməmələrinə dair 2020-ci ildə notarial qaydada ərizələrini təsdiq etdirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları əsasında ( cinayət işinin materialları) bu qənaətə gəlməyə əsas verir ki, Eldar Yusifov izahatlarında X15 və arvadı tərəfindən mənzildən imtina barədə ərizə vermələrindən birmənalı olaraq məlumatı olmamışdır. Olsa idi, həmin ərizələri özünün bildirdiyi kimi direktor kimi səlahiyyətli olduğu dönəmdə bu ərizələri müqavilə imzaladığı İddiaçı (oğlu Zülfüqarova Kamrana) təqdim edərdi. Sonuncunun prokurorluğa verdiyi ərizədən də görünür ki, belə imtina ərizələri olsa idi, Eldar Yusifov ona təqdim edərdi. İş materiallarından görünür ki, iddiaçının tələbinin əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsi təşkil edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki hüquq münasibətlərində podratçının eyni əşyanın alğı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Qanunvericiliyə əsasən fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılmış halları ilə cavabdehlər “Qlobal- SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmamışdır. Belə ki, iş materiallarından görünür ki, qeyd olunan müqavilə bağlanarkən lazımı subyektlərin (səlahiyyətli şəxslər) iştirakı olmuş, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcud olmaması müəyyən edilməmiş, eləcə də həmin müqavilənin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuş və yuxarıda qeyd edildiyi kimi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə istinad edilən normaların tələbləri baxımından etibarlı olmuşdur. Həmçinin Cavabdeh1 aid müqavilənin iddiaçı ilə bağlanmış müqavilədən sonra rəsmiləşdirilməsi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında olan müqavilənin etibarsızlığı üçün əsas yaratmır. Belə ki, tərəflər arasında podrat münasibətləri olmuş və iddiaçı Cavabdeh2 MMCdən müqavilədə göstərilən müddətdə mənzilin verilməsini tələb etmək hüququnu özündə saxlayır. Həmin mənzil verilmədiyi halda isə iddiaçı müvafiq tələblə (mənzilin təhvil verilməsi, ödənilmiş pulun qaytarılması və sair) məhkəmə müraciət edə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan hüquqi münasibətləri düzgün müəyyən etməmiş, tətbiq edilməli olan normaları tətbiq etməmiş, eləcə də Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsızlığı üçün əsaslar olmasa da həmin müqaviləni etibarsız hesab etmişdir. Bununla da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi işin hallarına uyğun olmamışdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticəsi ilə faktiki olaraq mübahisəni açıq saxlamır və bu nəticə eyni mənzillə əlaqədar İddiaçı ilə bağlanmış, hazırki vaxta kimi isə qanuniliyi mübahisələndirilməyən müqavilə ilə yanaşı Cavabdeh1 ilə də bağlanmış müqavilə üzrə mübahisəli mənzilin iki sahibinin olması anlamına gəlməyə əsas vermir. Həmçinin kollegiyanın qənaətinə görə bu nəticə gələcək məhkəmə mübahisələrinin qarşısının alınması və müqavilə tərəflərinin (alıcıların) hələ inşasını başa çatdırılmayan “Qlobal-SF“ MMC-yə qarşı onların mənzillərlə təmin edilməsi istiqamətində mülki qanunvericiliyin tələblərinə əsasən müəyyən danışıq və razılaşmalar əldə edilməsi baxımından müəyyən mənada hüquqi baza yaratmaq üçün məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-545/2023 nömrəli, 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar