Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5004/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi,. İddiaçı X2, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-2738/2020 saylı iş üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilmiş 18.11.2019-cu il tarixli 4Ə- 1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə Cavabdeh1 arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20.12.2019-cu ildə aparılmış qeydiyyat əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olmuş, mənzilə dair mülkiyyət hüququ 10.06.2011-ci ildə dövlət qeydiyyatına alınmışdır. İslamzadə Elxan Sadıx oğlunun iki övladı var - İddiaçı və cavabdeh İslam-zadə Oktay. Elxan İslam-zadə arvadı vəfat etdikdən sonra qeyd edilən mənzildə tək yaşamış, 2016-cı ildən Şahxanım Əmirova ona baxmış, 2019-cu ilin oktyabr ayından etibarən Elxan İslam-zədənin səhhətindən problemlər əmələ gəlməyə başlanış, sonuncu özünü idarə etməkdə çətinlik çəkdiyi üçün Ş.Əmirova oğlu ilə birlikdə E.İslam-zadənin baxımını həyata keçirmiş, noyabr ayının ikinci ongünlüyündə isə E.İslamzadənin səhhəti kəskin pisləmiş, 19 noyabr 2019-cu il saat 10:30 radələrində vəfat etmişdir. İslam-zadə Elxan Sadıx oğluna məxsus Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, E.İslam-zadə mənzili oğlu Oktay İslam-zadəyə bağışlamışdır. Notariat hərəkəti həmin tarixdə saat 14:20 radələrindən qeyd edilən mənzildə aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.08.2020-ci il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Oktay Elxan oğluna məxsusdur. Müqavilənin etibarsız hesab edilməsi üçün faktiki əsaslar: Vəkil sorğusuna cavab olaraq Bakı Şəhəri Baş Səhiyyə İdarəsin 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 199 nömrəli, 25.06.2020-ci il tarixli arayışda qeyd edilir ki, İslam-zadə Elxan Sadıx oğlu 2006-cı il tarixdən «ÜİX. Gərginlik stenokadiyası, İnfarktdan sonrakı kardioskleroz, hipertaniya xəstəliyi İİ dərəcə» diaqnozu ilə poliklinikada dispanser qeydiyyata götürülmüş, mütəmadi olaraq ambulator şəraitdə müayinə və müalicə olunmuşdur. Vəkil sorğusuna cavab olaraq Bakı Şəhər Təcili və X4 X7 Şəxs tərəfindən verilmiş 282 nömıəli, 03.07.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 12.11.2019-cu il tarixdə saat 01:13-də "103" xidmətinə Elxan-İslam-zadənin adına çağırış daxil olmuşdur. TTY-nin həkimləri tərəfindən E.İslam-zadəyə ürəyin işemik xəstəliyi, postinfartk kardioskleroz, durğunluq, ürək çatışmamazlığı diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. 18.11.2019-cu il tarixdə saat 13:28-də E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan çağırış icra edilərək xəstə yerində müayinə edilmiş, xəstəyə "digər dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı, hipotenziya" diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir.19.11.2019-cu ildə saat 10:30-da E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan təkrar çağırış zamanı həmin ünvanda E.İslam-zadəyə məxsus meyit aşkar edilmiş və “kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. İslam-zadə Elxan Sadıx oğlunun ölümündən 1 həfə öncə halı kəskin pisləşmiş, özünü idarə etmək qabiliyyətini tamamilə itirmiş, təbii ehtiyaclarını övladları, baxıcısı və baxıcının oğlunun köməkliyi ilə təmin etmiş, əl-üzünü yumaq, qida qəbulu tamamilə həmin şəxslər tərəfindən həyata keçirilmiş, ürəyindəki ağrılar səbəbindən son günlərdə yata bilməmiş, yalnız kresloda oturmuş, sonuncu həftədə ayaqlarında kəskin şişlər əmələ gəlmiş, nəfəs alması çətinləşmiş, özünü rahat ifadə edə bilməkdə çətinlik çəkmiş, belə bir vəziyyətdə TTY briqadası evi tərk etdikdən dərhal sonra notariat kontorunun əməkdaşı cavabdehlə birlikdə mənzilə daxil olmuş, Elxan İslamzadə özünü idarə və ifadə etməkdə çətinlik çəkdiyindən, müqaviləyə imza atmaq iqtidarında olmadığından, notariat ofisinin əməkdaşı bildirmişdir ki, hazırda imza etmək iqtidarında deyil, sonra təkrarən gələrik, lakin cavabdeh razı olmamış, E. İslam-zadənin əlindən tutaraq müaviləyə və digər sənədlərə imza etdirmiş, notariat ofisinin əməkdaşı da buna imkan vermişdir. Müqavilədəki imza ilə mərhumun Ş/V-dəki imza arasında kəskin fərqin olduğu aşkar surətdə müəyyən edilir. Şahidlərin bildiridiyinə görə cavabdeh halı pisləmiş mərhum üçün TTY çağırılmasını baxıcıya həvalə edib özü notariusun əməkdaşının arxasınca getmişdir. Müqavilənin bağlandığı günün növbəti günü E.İslam zadə vəfat etmişdir. TTY çağırışları zamanı mərhum E.İslam-zadəyə qoyulmuş diaqnozlara dair internet resurslarından əldə edilən məlumatlaradan həmin xəstəliklərə bağlı aşağıdakılar müəyyən olunur: Hipotenziya, ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyər çatışmazlığı. Elxan İslam-zadənin uzun illər xəstə olması, xüsusilə də ölümündən əvvəlki bir ay ərzində səhhətində kəskin pisləşmə, özünü idarə etmək qabiliyyətini itirməsi, sərbəst hərəkət edə bilməməsi, ağrıların verdiyi darıxdırıcı vəziyyətdə təngənəfəslik, xüsusilə də müqavilənin rəsmiləşdirildiyi saatlarda halının pis olması səbəbilə TTY çağırılması və əlindən tutularaq müqaviləyə imza etdirilməsi, ona dəlalət edir ki, E.lslamzadə müqaviləni imzalamağa məcbur edilmiş və müqavilə üzrə mənzilin cavabdehə bağışlanması onun iradə ifadəsini əks etdirmir. Son günlərdə mərhumun ağrılarının kəskin artması, halının pisləşməsi də ona dəlalət edir ki, məhıum E.İslam-zadə hansısa müqavilə bağlamaq barədə düşünə bilməzdi. Xüsusilə də nəzərə almaq lazımdır ki, E.İslam-zadə əvvələr bildirmişdir ki, ona oğlanları baxıb (gəlinlər və nəvələr onunla maraqlanmayıblar) ona görə də mənzili oğlanlarına verəcək. Bu ondan irəli gəlirdi ki, cavabdeh mənzili miras əmlak kimi hər iki oğluna saxlamaq niyyətində olub və bunu dəfələrlə bəyan edib. Beləliklə, cavabdeh tərəfindən mərhum E.İslam-zadənin iradəsi əleyhinə, onu məcbur etmək yolu ilə səhhətindəki kəskin pisləşmədən sui-istifadə olunaraq bağlanılmış müqavilə qanunsuz olub, iddiaçını vərəsə kimi mənzilə dair qanuni gözləntidən məhrum etmişdir. Bu əsaslarla müqavilə etibarsız hesab edilməli, mənzil hüquqi mənsubiyyət baxımından əvvəlki vəziyyətə qaytarıİmalı, mərhum E.İslam-zadənin vərəsələri arasında bərabər şəkildə bölünməlidir. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-2738/2020 saylı iş üzrə qəbul etdiyi 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh notariat kontoru nümayəndəsini məhkəməyə göndərməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə onu mübahisələndirmiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisi birinci instansiya məhkəməsinə, iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, Cavabdeh1 18.11.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilin mülkiyyətçisi olan atası İslam-zadə Elxan Sadıx oğlunun qeyd olunan mənzili ona bağışlamaq istədiyini bildirmişdir. X5 xəstə olduğu üçün notariat ofisinin əməkdaşı X6 və notarius 18.11.2019-cu il tarixdə saat 14:00-15:00 arasında qeyd edilən mənzildə onunla görüşmüş, şəxsiyyəti və fəaliyyət qabiliyyəti yoxlanmış və niyyətinin mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili oğlu Cavabdeh1 bağışlaması müəyyənləşdirilmişdir. Bununla bağlı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8ci, 9-cu və 46-cı maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələblərini rəhbər tutularaq həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün, mənzildə hər hansı bir şəxsin qeydiyyatda olub-olmaması, ailə vəziyyəti, tərəflərin bir daha şəxsiyyəti, fəaliyyəti qabiliyyəti yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində göstərmişdir ki, bu ailəni 2012-ci ildən tanıyır. Əvvəl mərhumun yoldaşı Elmira xanıma baxmışdır. 2016-ci ildən rəhmətliyə baxmış və qulluq etmişdir. 2016-cı ildən bu yana əməkhaqqısını rəhmətliyin özü və Natiq vermişdir. Oktay ona pul verməmişdir. Natiq gəlib gedirdi, Oktayda hərdən gəlib gedirdi. Bir gün qabaq təcili yardım çağırmışlar, axır vaxtlar rəhmətliyin ürək çatışmazlığı var idi, tez-tez bir həftə ərzində təcili yardım gəlirdi. Hardasa günorta vaxtı idi dedmişdir ki, Oktaya zəng etsin. O, zəng etmiş və Oktay gəlmişdi. Ona demişdir ki, təcili yardıma zəng etsin. Özü də notariusa getmişdir. Təcili yardım gəlib-getmişdir. Oktay gələnədək o mərhumla evdə tək olmuşdur. Mərhum ölən günü onu eşidə bilmiş, ağılı başında olmuşdur. Amma axır vaxtlar vəziyəti dəyişilmişdi. Təcili yardım getdikdəsn sonra, Oktay iki nəfərlə evə gəlmiş, mərhuma qol çəkməyə ağ kağız vermişdirlər. Baxdılar ki, qol çəkə bilmir, dedilər nahaq gəlmişlər. Gedib, başqa vaxt gələrlər. Sonra bir az baxdılar dedilər birdə yoxlayaq Oktay tutdu əlindən, boş kağıza qol çəkdirdilər gördülər ki, qol çəkə bilir, sonra əlindən tutdular qol çəkdirdilər. Bu vaxt o hiss etmişdir ki, mərhum narazı kimi idi. İş materiallarında olan Vəkil sorğusuna cavab olaraq Bakı Şəhəri Baş Səhiyyə İdarəsin 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 199 nömrəli, 25.06.2020-ci il tarixli arayışdan görünür ki, X5 2006-cı il tarixdən «ÜİX. Gərginlik stenokadiyası, İnfarktdan sonrakı kardioskleroz, hipertaniya xəstəliyi İİ dərəcə» diaqnozu ilə poliklinikada dispanser qeydiyyata götürülmüş, mütəmadi olaraq ambulator şəraitdə müayinə və müalicə olunmuşdur. 19.11.2019-cu il tarixdə xəstə vəfat etmişdir. İş materiallarında olan Vəkil sorğusuna cavab olaraq Bakı Şəhəri Təcili və X4 X7 Şəxs tərəfindən verilmiş 282 nömrəli, 03.07.2020-ci il tarixli cavab məktubundan görünür ki, 12.11.2019cu il tarixdə saat 01:13-də “103” xidmətinə Elxan-İslam-zadənin adına çağırış daxil olmuşdur. TTYnin həkimləri tərəfindən E.İslam- zadəyə “ürəyin işemik xəstəliyi, postinfartk kardioskleroz, durğunluq, ürək çatışmamazlığı” diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. 18.11.2019-cu il tarixdə saat 13:28-də həmin ünvanda E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan çağırış icra edilərək xəstə müayinə edilmiş, xəstəyə “digər dəqiqləşdirilməmiş ağciyərürək çatışmazlığı, hipotenziya” diaqnozu qoyulmuş, müvafiq tibbi yardım göstərilmişdir. 19.11.2019-cu ildə saat 10:30-da E.İslam-zadənin adına “halı pis” səbəbi ilə daxil olan təkrar çağırış zamanı həmin ünvanda E.İslamzadəyə məxsus meyit aşkar edilmiş və “kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Vəkil sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixlli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79a, 22 saylı mənzil ünvan 2ilmiş, 18.11.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, X5 ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.12.2019-cu il tarixində Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan 18 noayabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İslam-zadə Elxan Sadıx oğlu özünə məxsus olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İslam-zadə Elxan Sadıx oğlunun adına 10 iyun 2011-ci il tarixdə qeydə alınmışdır. Qeyd olunmalıdır ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; Natiq İslamzadə etibarsız hesab edilməsini tələb etdiyi 18.11.2019-cu il tarixli bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu və hədə qorxu altında bağlandığı isə sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə Natiq İslamzadənin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunanlara əsasən kollegiya iddiaçıya izah edir ki, o, məcburi paylarının tamamlanması tələbi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-2738/2020 saylı iş üzrə qəbul etdiyi 30 noyabr 2020-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5004/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5004/2021
09.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver