Məhkəmə qərarları › İş №2(103)-5007/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5007/2021

17.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5007/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadından qarşılıqlı iddia vermiş Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəti edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri “Mercedes Benz E220”, “Mercedes Benz C180” markalı avtomobillərin və Gədəbəy rayonu Novosaratovska kəndində yerləşən torpaq sahəsinin bölünərək ½ hissədə onun, ½ hissədə cavabdehin pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciətə edərək, iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri dəyəri 800 manat olan “Toshiba” markalı notebookun, 12500 manatın, 5500 manat olan 750 əyar komplekt brilliant qaşlı qızıl dəstin, dəyəri 900 manat olan 1 ədəd 750 əyar brilliant qaşlı qızıl üzüyün və dəyəri 550 manat olan 1 ədəd 583 əyarlı qızıl saatın bölünərək ½ hissədə onun, ½ hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh1 şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2021 saylı, 15 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh1 lazımi qaydada xəbər verilməsinə baxmayaraq məkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədi əlavə etmədiyindən, həmçinin qarşlıqlı iddia ərizəsi vaxtında verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iş üzrə məhkəmənin hazırlıq iclası 28.01.2021-ci il tarixə, məhkəmə baxışı isə 26.02.2021-ci il tarixə təyin edilmiş, daha sonra məhkəmə iclası 30.03.2021-ci il tarixə təxirə salınmışdır. 26.02.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında isə Cavabdeh1 iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və növbəti prosessual hərəkətlərin aparılması üçün işin rayon məhkəməsinə qaytarılması üçün əsasdır. Əvvəla, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsini geri qaytararkən gəldiyi qənaət kifayət qədər əsaslandırılmamış və işin hallarına uyğun olmamışdır. Çünki, ilkin iddia kimi qarşılıqlı iddia da birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlıdır. Tərəflər keçmiş ər-arvad olmuşlar. Bu işlərin bir icraatda baxılması və həll edilməsi nəinki hər iki tərəfin mənafeyinə uyğundur, məhkəmə üçün də əlverişli olmalıydı. Çünki, hər iki işə məhz bir icraatda baxılması tam, hərtərəfli və obyektiv baxılmanı təmin edə bilər. Mülki prosessual qanunvericiliyin mühüm prinsiplərindən biri olan prosessual qənaət prinsipi də bunu tələb edir. Qarşılıqlı iddianın verilməsi institutunun mülki prosessual qanunvericilikdə nəzərdə tutulmasında əsas məqsəd də ilk və qarşılıqlı iddialar arasında qarşılıqlı əlaqə olduğu halda onlara birlikdə baxılmasını və mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnməsini təmin etmək olmuşdur. İkincisi, iş üzrə məhkəmənin hazırlıq iclası 28.01.2021-ci il tarixdə, birinci məhkəmə baxışı isə 26.02.2021-ci il tarixdə keçirilsə də ilk iddia ərizəsinin cavabdehə sonuncu iclasdan əvvəl təqdim edilməsi işdən görünmür. Cavabdeh1 həm qarşılıqlı iddia ərizəsində, həm də şikayətində bu halı göstərsə də birinci instansiya məhkəməsi nə 30 mart, nədə 15 aprel 2021-ci il tarixli qərardadlarında bu dəlilə qiymət verməmiş, başqa sözlə bu halın həqiqiliyini təkzib etməmişdir. Demək Cavabdeh1 ilk iddia ərizəsini qəbul etdikdən 5 gün sonra qarşılıqlı iddiası məhkəməyə daxil olmuşdur. Bu cür vəziyyətdə qarşılıqlı iddia necə vaxtında verilməmiş hesab oluna bilər. Əlbətdə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın işin baxılmasına başlanana kimi verilməlidir müddəasının mahiyyətini və məqsədini düzgün təfsir etməmiş, bununla da yanlış nəticəyə gəlmişdir. Üçüncüsü, MPM-in 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən isə iddia ərizəsi, əgər onun daxıl olmasında 10 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. İşdən görünür ki, qarşılıqlı iddia məhkəməyə 04 mart 2021-ci il tarixdə daxil olmuş, məhkəmə isə onu 30 mart 2021-ci il tarixdə, yəni 26 gün sonra qaytarmış, bununla da MPM-in 151.3-cü maddəsinin tələblərini pozmuşdur. Demək qeyd olunan maddənin tələbinə görə də qarşılıqlı iddia qəbul edilmiş sayılmalıdır. Dördüncüsü, qarşılıqlı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsi də avtomatik olaraq ərizənin geri qaytarılması üçün müstəqil əsas ola bilməzdi. Çünki, qarşılıqlı iddiaçı həm müddətli, həm müddətdən artıq, həm də ayrıca 2-ci Qarabağ Vətən müharibəsi zamanı hərbi xidmətdə olması barədə arayış təqdim etmiş(bax.i.v.83) və həm qarşılıqlı iddiasında, həm də şikayətində “Dövlət rüsumu” haqqında qanunun 9.1.20-ci maddəsinə istinad edərək müharibə veteranı kimi dövlət rüsumu ödəməkdən azad olunduğunu qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi hər iki qərardadlarında bu hala qiymət verməmiş, başqa sözlə qarşılıqlı iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmadığını təsdiq etməmişdir. Düzdür, sual oluna bilər ki, qeyd olunan arayışda qarşılıqlı iddiaçının müharibə veteranı olması təsdiq olunmur. Ancaq qeyd olunan faktın özü də məhkəmə tərəfindən yoxlanıla bilərdi. Ancaq birinci instansiya məhkəməsi daha “asan” yol seçərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını üstün tutmuşdur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1875/2021 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar