Məhkəmə qərarları › İş №2(103)-5011/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5011/2020

20.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5011/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin Cavabdeh Baxşi oğluna, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs Bakı şəhəri Binəqədi Bələdiyyəsinə qarşı " özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-114/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh Baxşi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Baxşi oğlunun Şirkətin Saziş ərazi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-114/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə; Torpaq Məcəlləsinin 111-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119.1, 217, 218-ci maddələrinə istinadən) ilə İddiaçı Şirkətinin iddiası təmin edilmiş, Cavabdeh Baxşi oğlu 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin Cavabdeh Baxşi oğlunun hesabına sökülməsi və torpaq sahəsi boşaldılaraq "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh Baxşi oğlundan tutularaq iddiaçı "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh Baxşi oğlundan tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 180; MPM-in 14, 77, 119, 217, 218; Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinadən qeyd edilmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28615 nömrəli ekspert rəyinə əsasən Cavabdeh Baxşi oğlu tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinattan və şirkətin saziş ərazi hüdudları daxilindədir, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 152723 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində olub-olmaması barədə məlumat elektron bazada aşkar edilməmişidr. Cavabdeh Baxşi oğlu tərəfindən inşa olunan tikilnin yerləşdiyi torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu və iş materiallarında sənəd olmadığına görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarına əsasən tikinti norma qaydalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Bütün bunlar da öz növbəsində cavabdeh tərəfin dəlillərini əsassız edir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh Baxşi oğlu apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 114/2020 saylı qətnaməsini ləğv edib, iddiaçı "İddiaçı" (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin ona qarşı iddia tələbininin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə; Torpaq Məcəlləsinin 111ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 217, 220.4, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəməyə rəsmi qaydada təqdim etdiyi Bakı şəhəri,Biləcəri Bələdiyyəsinin 598 saylı, xx xxxx 2006-cı il tarixli qərarı ilə Biləcəri bələdiyyəsinin hüdudlarında 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğısatqı yolu ilə rəsmiləşdirilmişdir. Bələdiyyənin bu qərarına əsasən, həmin bələdiyyəinin X4 Məsələləri Daimi komisiyanın sədri N..S. Quliyevin, Baş mühəndis İ. B.Aslanovun, memar N.S. Allahverdiyevanınn iştirakı ilə mənə ayırılan torpaq sahəsininin yerində baxış keçirib faktiki ayırılmasına dair cizgiləri çəkilmiş, qeyd edilən vəzifəli şəxslərin imzaları ilə rəsmləşdirilməklə, Biləcəri Bələdiyyəsinin sədri 1. M. Xəlilovun imzası və bələdiyyənin möhürü ilə də təsqlənmişdir. Ona satılmış 300 kv metr torpaq sahəsinə dair cizgilirin tərtibatı zamanı həmin cizgilərdə göstərilən sahədə kabellərin və digər qurğuların olubolmamasına dair aparıcı mühəndis Şəfiyevin imzası və müvafiq ştamp ilə rəşməldirilməklə, qeyd olunmuşdur ki, sxemdə göstərilən torpaq sahəsində Binəqədi EİŞR-nin 6-10 kv-luq kabel və H-X keçmir. Daha sonra həmin cizgilərdə göstərilən sahədə Su kəməri keçib- keçməməsinə dair Binəqədi SK və İİZ-nin rəisi Ə .Mütəllimovun imzası və müvafiq ştamp ilə rəsmiləşdirilməklə, qeyd olunmuşdur ki, sxemdə göstərilən torpaq sahəsində su kəməri keçmir. Bundan başqa həmin cizgilərdə göstərilən sahədə qaz xətti keçib-keçməməsinə dair Binəqədi Qİİ-nin baş mühəndisi rəisi R.K.Məhərrəmovun imzası və müvafiq ştamp ilə rəşməldirilməklə qeyd olunmuşdur ki, sxemdə göstərilən torpaq sahəsində yer altında və yer üstündə qaz xətti keçmir. Həmin torpaq sahəsi ayrılarkən X5 idarəsi, Binəqədi su-Kanal idarəsinin yerində baxış keçirilməklə orada evin inşasına maneə yaradan hər hansı obyektlərin olmaması göstərilməklə rəsmi cavabdeh şəxslərin imzası və ştampları ilə rəsmiləşdirilmişdir. X1 sərəncamı, yerində baxış keçirib 300 kv metr torpaq sahəsinin ayrılımasına dair müvafiq qurumların razılaşdırılması qaydasında tərtib edilmiş cizgisi, alqı-satqı aktı birbaşa sübut edir ki, o, rəsmi qaydada Biləcəri Bələdiyyəsin hüdudlarında 300 kv metr torpaq almışdır. Alqı-satqıdan sonra həmin 300 kv metr torpaq sahəsi mülkiyyətə keçmişdir. Hazırda da qeyd etdiyi 300 kv metr torpaq sahəsinə dair sənədləri qanuni qüvvəddədir. Onun torpağa dair qanuni qüvvədə olan rəsmi sənədlə əsasında mübahisəli torpaq sahəsi onun mülkiyyətində oduğu halda, qeyd edilən torpaq sahəsində tikmiş olduğu evdə qanuni əsaslarla inşa edilmişdir. Həmin evin qanuni əsaslarla inşa edilməsi, torpaq sahəsinin hasara alınması üçün o, 50000 manat pul vəsaiti xərcləmişdir. Bu qaydada qətnamə çıxarılmaqla məhkəmə onun MM-nin 152-mad təsbit olunmuş hüquqularını pozmuş olur. Bunun nəticəsi olaraq onun 55000 (əlli beş min) manat pul vəsaitinin itirilməsi ilə nəticələnəcəkdir. Bu hala da heç bir hüquqi qiymət verilməmişdir, ümumiyyətcə hüquqi cəhətdən əsaslandırlmamışdır. İddiaçının bu iddia ərizəsi vermək üçün subyektiv hüquqi olmamışdır. Həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin hüdudları cərçivəsindədir. Mübahisəli torpaq sahəsi bəldiyyənin hüdudlarındadırsa iddia tələbi ilə qeyd edilən bələdiyyə, dövlət torpaq fondu olması halı mövcuddursa müvafq icra hakimiyyəti iddia ərizəsi ilə çıxış edə bilərdilər. İddiaçının istinad etdiyi Sazişdə konkret olaraq Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandadağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü nəzərdə tutulmuşdur. Lakin həmin sazişdə Biləcəri qəsəbəsi nəzərdə tutulmamışdır. Bundan başqa 152961 və 152793 saylı neft quyularının konkret hansı Bələdiyyənin ərazisində yerləşməsi barədə də rəsmi hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qərardadına əsasən tərtib olunb məhkəməyə təqdim olunan xx xxxxxx 2019-cu il tarixli rəyində təsbit olunubdur ki, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152961 və 15273 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində olub-olmaması barədə məlumat elektron bazada aşkar edilməmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçının verdiyi iddia tələbi əsassız və qanusuzdur, eyni zamanda mübahisəli torpaq sahəsi Biləcəri bələdiyyəsi ərazisi təsbit edilən saziş çərçivəsinə daxil olmaması sübut olunur. "İddiaçı" (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisi xx xxxxx 2005-ci il tarixli, 901 saylı Qanunu ilə təsdiq edilmişdir. 3 illik iddia müddəti xx xxxxx 2005-ci il tarixdən hesablamaqla, iddia rizəsinin verilməsinin son tarixi xx xxxxx 2008-ci ildir. Onu da qeyd edirəm ki, iddiaçının subektiv hüququ olmuş olsaydı belə, qeyd olunan sazişdən irəli gəlməsi ilə bağlı iddia tələbi irəli sürmək üçün 3 illik müddət müəyyən olunmuşdur Buna görə iddiaçı xx xxxxx 2008-ci il tarixədək məhkəməyə müraciət etməklə öz tələbinin təmin olunmasının xahiş edə bilərdi. İddiaçı isə xx xxxxxxx 2018-ci il tarixli iddia ərizəsi ilə məhkməyə 2018-ci ilin noyabr ayında müraciət etmişdir. İddia müddətin tətbiqi ilə bağlı məhkəməyə təqdim etdiyim ərizə də hüquqi cəhətdən əsaslandırılmadan təmin edilməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı "İddiaçı” (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin, Cavabdeh Baxşi oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs Bakı şəhəri Binəqədi Bələdiyyəsinə nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 29.1; MM-in 139, 146, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 180; MPM-nin 14.2, 76.1, 77.1, 80, 82, 88, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, mənzil tikintisi, təhlükəsizliyi və arxitekturası üzrə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində nəzarət vəzifələrini mütəmadi keçirilməsi və vətəndaşların isə müvafiq olaraq onlara müraciət hüquqları vardır. Cavabdehin şikayətində əks etdirdiyi zərərlə bağlı tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci Cavabdeh Baxşi oğluna aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Baxşi oğlunun apellyasiya şikayəti təmin edilməsin.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-114/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar