Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5011/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız yazılmış borcun silinməsi”tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 556/2022 saylı işi üzrə 15 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Azərsu” ASC-yə qarşı "əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 600714 nömrəli aktın ləğv edilməsi və hesablanmış borc məbləği kimi göstərilən 4045.19 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir: - xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 723-İQ saylı "Su təchizatı və tullantı sulları haqqında” Qanununun tələblərinə uyğun olaraq istehlakçı İddiaçı Qədir oğluna məxsus YGünəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 15 ünvanında yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və araşdırma zamanı sayğacdan kənar xəttin olması müəyyən edilmişdir; - Abonent kodu 020327 olan İddiaçı Qədir oğlunun 4045,19 manat məbləğində borcu vardır (iş səh.5-10). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-556/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrinə istinadən) iddia tələbi təmin edilmiş, cavabdeh "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 600714 nömrəli aktının ləğv edilməsi və cavabdeh tərəfindən İddiaçı hesablanmış 4045.19 manat məbləğində borcun silinməsi qət edilmişdir.Qətnamədə qeyd edilmişdir ki, cərimənin tətbiq edilməsinə səbəb qismində sudan istifadə edilməsi üçün sərbəst boru xəttinə iddiaçının sayğacına qədər rezin boru ilə çıxış qoyulması göstərilmiş, sözügedən fakt hər iki tərəfin izahatları ilə təsdiq edildiyindən bu hal məhkəmə tərəfindən mübahisələndirilmir,sayğac çöldə yerləşdirildiyindən iddiaçının sayğacına qədər sərbəst boru xəttinə müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Cavabeh apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin 2(010)- 556/2022saylı xx.xx.2022 tarixli Qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30.23 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Su təchizatı və tullantı suları haqqında" Qanunun 67.1, 72, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1-ci maddələrinə, "Sudan istifadə Qaydaları"nın 3.1.1, 8.7-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus bağ sahəsinə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli 600714 saylı akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Akta əsasən 4045.19 manat dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim olunmuş foto və video görüntülərdə sayğacdan əvvəl quraşdırılmış borunun birləşmə hissəsinin rahatlıqla rezin boru birləşdirərək sudan qanunsuz istifadə olunacağı görünsə də, məhkəmə bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində "xxxx" ASC-yə 4045.19 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Digər tərəfdən iddiaçı qoşulma faktını məhkəmə prosesində etiraf etmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir .Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamış, ümumiyyətlə məhkəmə qətnaməsində bu sübut qeyd edilməmişdir.Eyni zamanda həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmiş, hadisə yerinə baxış keçirməmişdir. Video görüntünün araşdırılmaması məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə uyğun izahat verərək işə əlavə olunmuş video görüntüdə qanunsuz qoşulmanın, çıxıntının olduğunun öz əksini tapdığını, birinci instansiya məhkəməsi zamanı video görüntüyə əhəmiyyət verilmədiyini, cərimə məbləğinin akta əsasən müəyyən edildiyini, hesablama aparılarkən cədvələ əsasən qanunsuz istifadə aşkar olunduğu təqdirdə 1 illik müddət götürüldüyünü, ekspertizanın keçirilməsinə ehtiyac olmadığını,onlar tərəfindən inzibati və cinayət təqibinin həyata keçirilmədiyini, inzibati protokol tərtib edilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 12, 30-33, 60-62, 65; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-265, 543; Cinayət Məcəlləsinin 177, 189-1; Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 550-554,1096,1097; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və müqavilə (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və sübutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Qeyd edilməlidir ki, cavabdeh borcu zamanında tələb etməmiş və müvafiq tədbirlər görməmişdir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Bundan əlavə suyun talanması ehtimalı üzrə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə aid təqsirini müəyyən edilməsinə dair tədbirlər həyata keçirilməmişdir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-556/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5011/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5011/2022
18.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver