Məhkəmə qərarları › İş №2(103)-5013/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5013/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5013/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-124/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayon məhkəməsinin qərarına görə mülkiyyətində olan, oğlu X5 tərəfindən ipoteka girovu kimi “Xırman” firmasına girov qoyulan, Lənkəran rayon Mollakənd kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hərraca çıxarılaraq satılıb hərracdan əldə olunan pulun oğlu X3 “Xırman” firmasına olan 51543 manat borcunun ödənilməsi ilə bağlı qərar qəbul etmişdir. Həmin qərara əsasən onun mülkiyyətində olan Lənkəran rayon Mollakənd kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı "xxxx" tərəfindən açıq hərrac təyin edilmişdir. Bu açıq hərracın təyin edildiyi vaxt barəsində ona bildiriş göndərilmişdir. Açıq hərracın keçirildiyi vaxt bildirişdən görüldüyü kimi 07.10.2019 -cu il saat 11:00-da təyin olunsa da, ona həmin bildiriş Lənkəran rayon Rvo kənd poçt şöbəsi tərəfindən 08.10.2019 cu il tarixində təqdim olunmuşdur. Hərrac üzrə digər cavabdeh olan oğlu X5 da 02.04.2015-ci il tarixdən həbsdədir. Hal-hazırda 11 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində cəza çəkir. İddiaçı onunla da əlaqə saxlayıb hərracın keçirilməsi barədə onun məlumatlı olduğunu soruşmuşdur. O, da öz cavabında bildirmişdir ki, ona da bu barədə heç bir xəbər və ya bildiriş göndərilməmişdir. Bakı şəhəri Nərimanov rayonu, İ.Hidyətzadə küç, 156 (20 A) 1933 məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin iddiaçının mülkiyyətində olan Lənkəran rayon Mollakənd kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı 07.10.2019-cu il saat 11:00 keçirdiyi Açıq Hərracda kobud qanun pozuntusuna yol vermişdir. İddiaçı hərracın keçirilməsi barədə bildirişi hərrac keçirildikdən sonra almış, hərrac keçirilməsi barədə heç bir məlumatı olmamışdır. Bu da hərracın keçirilmə qaydalarına ziddir. Qeyd edilənləri nəzərə alaraq, 07.10.2019-cu il saat 11:00-da keçirilən hərracın və qəbul olunmuş qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-124/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın yeri və vaxtı barədə bildiriş göndərilsə də həmin bildirişi Hərracın keçirildiyi gündən bir gün sonra almış və aldığı bildiriş məktubunun konvertini və bildirişin əslini iddia ərizəsi ilə bərabər məhkəməyə təqdim edir, konvertin üzərində olan möhürdən də açıq aydın görünür 08.10.2019-cu il tarixində həmin bildiriş məktubu qəbul olunmuş və ona təqdim olunmuşdur. Borclu olan oğlu X4 ümumiyyətlə heç bir bildiriş göndərilməmişdir. Əgər belə bir bildiriş varsa Hərrac Mərkəzi mıhkəməyə bu barədə sənəd təqdim etsin.Necə olur ona aid olan mülk hərracda satılır bu haqqda bildiriş ona hərracın keçirildiyi gündən bir gün sonra təqdim olunur. Oğlunun borcuna görə mülkü hərraca çıxarılsa da onun da bu barədə heç bir məlumatı olmamışdır, o həmin vaxt cəza çəkmə müəssisənində olmuşdur və ona heç bir bildiriş göndərilməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-124/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-124/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi iş üzrə yeni sübutlar təqdim edildiyindən Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, İş materiallarında olan cavabdeh "xxxx" MMC-yə Bakı Apellyasiya Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2(103)-5013/21 saylı sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı və nümayəndəsi X4 Lənkəran rayon Məhkəməsinin 2(049)-1153/2014 saylı, 30.07.2014-cü il tarixli icra sənədi üzrə Lənkəran rayon Mollakənd kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması ilə bağlı (23.09.2019-cu il və 07.10.2019-cu il tarixli hərraclar barədə) bildirişlər göndərilmiş, həmçinin, “Birja qəzetində elanlar verilmişdir. Eyni zamanda təqdim edilmiş həmin sənədlərdən müəyyən olunur ki, “Birja qəzetinin 11-17 oktyabr 2019-cu il tarixli, 188-ci nömrəsində yuxarıda qeyd edilən əmlaka dair hərracın baş tutmaması elan olunmuş, qiyməti 38.250,0 manat göstərilmişdir. Daha sonra təqdim edilmiş həmin sənədlərdən müəyyən olunur ki, mübahisəli əmlak “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 38.250,0 manata ipoteka saxlayana təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 07.10.2019-cu il tarixdə keçirilən hərracın və həmin hərracda qəbul olunmuş qərarın etibarsız hesab edilməsini tələb etsə də, iddia ərizəsinin təmin olunması üçün hər hansı hüquqi əsas yoxdur.Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.İddiaçı 07.10.2019-cu il tarixli hərrac barədə bildirişin Lənkəran rayon Rvo kənd poçt şöbəsi tərəfindən 08.10.2019 cu il tarixində ona təqdim olunmasını bildirərək zərfin üzərindəki həmin tarixə istinad etsə də, bu tarixin bildirişin iddiaçıya təqdim edildiyi tarix olması sübut olunmur.Belə ki, qeyd edilənləri, yəni bildirişin 08.10.2019 cu il tarixində iddiaçıya təqdim olunmasını təsdiq edəcək poçt qəbzi iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-124/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar