Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5017/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-2483/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 nömrəli “avtomobil alqı-satqısı” müqaviləsinə əsasən, satıcı MMC Müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan UNİ T”, buraxılış ili 2023 olan (VİN: LS5A3DKE9PA717722, Rəng Açıq göy metal) Avtomobili dəyəri tam ödənilənədək texniki saz halda Alıcı Cavabdeh istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdinlən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 2.1-ci bəndinə görə avtomobilin dəyəri tərəflərin razılığı ilə ƏDV daxil 77.270 manat müəyyən edilmiş, alıcı tərəfindən 4.790 manat ilkin ödəniş həyata keçirilməsi, qalan məbləğin isə xx.xx.2023-cü il tarixdən 60 ay müddətində, ayda 1.208 manat olmaqla ödənilməsi barədə razılığa gəlinmişdir.
3. Müqavilənin digər bəndlərinə görə Alıcı müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək Satıcının hüquqlarından biridir. Alıcı avtomobili təhvil aldıqdan sonra Satıcı avtomobili alıcının hesabına kasko sığorta etdirəcəkdir. Hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman X1 və yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman Satıcı yalnız Avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”nın borcunu tam bağladıqda, yerdə qalan məbləği müqavilədə nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”nın borcunu ödəmədiyi təqdirdə, “Alıcı” qalıq borc məbləğini “Satıcı”ya ödəməlidir.
4. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir.
5. xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh tərəfindən aylar üzrə cəmi 8.456 manat ödəniş edilmiş, qalıq borc məbləği 64.024 manat məbləğindədir.
6. İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair akta əsasən, işlər və ehtiyyat hissələri üzrə cəmi xərc 459,96 manat təşkil etmişdir: kimyəvi təmizləmə - 99,99 manat, ön sağ qapının sökülüb yığılması – 30 manat, ön sağ qapının rəngsiz təmiri – 99,99 manat, arxa sağ qapının sökülüb yığılması – 30 manat, arxa sağ qapının rəngsiz təmiri – 99,99 manat, cilalanma 99,99 manat.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 nömrəli müqavilənin ləğvi nəticəsində “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 459,96 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1 manat komissiyanın, ümumilikdə 490,96 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE9PA717722) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qüvvəyə minməsindən sonra avtomobili təhvil almış cavabdeh müqavilə üzrə aylıq ödənişləri vaxtında ödəməsinə baxmayaraq müqavilənin bağlanmasından 7 ay sonra ödənişləri ödəməyəcəyini bildirmiş və xx.xx.2024-cü il tarixində avtomobili iddiaçıya təhvil vermişdir. Müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin edilməsi tələbinə dair iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Müqavilə predmeti olan “Changan UNİT” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobil iddiaçıya təhvil verildikdən sonra rəsmi servis mərkəzində əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş “Changan UNİ-T” markalı, **-PT-*** avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-bərpa işlərinin ümumi dəyəri 459,96 manat təşkil etmişdir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 2483/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia təmin edilmişdir.
10. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li avtomobil alqı-satqısı müqaviləsinin predmeti olan “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə Cavabdeh mülkiyyətində olduğu müddət ərzində 459,96 manat məbləğində zərər dəymişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair akta əsasən, işlər və ehtiyyat hissələr üzrə cəmi xərc 459,96 manat məbləğindədir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 421.2, 424.5, 442, 443.1, 448.1, 448.2, 600.1, 600.4, 601.1, 1096.1, 1096.2, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobil texniki cəhətdən qüsursuz vəziyyətdə təhvil verilmişdir. Avtomobil xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə qaytarıldıqdan dərhal sonra rəsmi servis tərəfindən baxışdan keçirilmiş, yağ dəyişimi və digər texniki xidmət prosedurları həyata keçirilmişdir. Yəni bu prosedurlar planlı texniki qulluq məqsədilə icra olunmuş, hər hansı zərərin nəticəsi olmamışdır. Müvafiq aktlarda da avtomobilin mühüm nasazlıqları və ya cavabdehin səbəb olduğu zədə qeyd edilməmişdir. Zərərin dəlili qeyri-müəyyəndir və subyektiv xarakter daşıyır. İddiaçının təqdim etdiyi 459,96 manatlıq xidmət aktında yalnız servis tərəfindən görülən işlər ümumiləşdirilmişdir. Bu xərclərin məhz cavabdehin istifadəsi nəticəsində yarandığı sübuta yetirilməmişdir. Ehtimal xarakterli xidmət haqlarının zərər kimi qiymətləndirilməsi Mülki Məcəllənin 21.2-ci maddəsinə və MPM-in 77.1-ci maddəsinə ziddir. Mübahisəli avtomobil istifadədə olduğu dövrdə zərərli deyil, texniki cəhətdən saz idi. Onun tərəfindən avtomobil servisdə ustaya 9.000 km yürüşlə, texniki baxımdan qüsursuz halda təhvil verilmişdir. Hər hansı problemi və ya texniki zərəri olmadığı halda, sonradan salonda aparılan xidmətləri onun öhdəsinə zərər kimi yazmaq hüquqi baxımdan əsassızdır. Tərəfindən ödənişlər uzun müddət vaxtında həyata keçirilmişdir. Müqavilə üzrə 7 ay müddətində ödənişləri vaxtında olmuşdur. Sonradan maddi vəziyyətiylə əlaqədar olaraq ödənişi dayandırmış və avtomobili könüllü qaydada geri qaytarmışdır. Bu hal müqavilənin birtərəfli ləğvini əsaslandırsa da, guya onun səbəb olduğu zərərə görə əlavə məsuliyyət daşımasını əsaslandırmır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, avtomobillə bağlı yol nəqliyyat hadisəsi baş verməsə də, ümumilikdə avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin iki hissəsində batıq var. Bundan başqa, avtomobilin ikinci əl olması və 14.000 km istifadə olunmasını nəzərə alaraq onun cilalanması və kimyəvi təmizlənməsi ilə bağlı məcburi xərclər yaranmışdır. Avtomobili qəbul edəndə təhvil-təslim aktı olmamışdır. Cavabdehə avtomobilin baxışa təqdim olunacağına dair şifahi məlumat verilmişdir. Lakin çağırılmasına baxmayaraq cavabdeh gəlməmiş və baxışda iştirak etməmişdir.
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bununla bağlı ərizəyə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğvi üçün əsasdır.
23. İşdən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında “avtomobilin alqısatqısı” barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış, avtomobil təhvil-təslim aktı əsasında cavabdehin istifadəsinə verilmiş, lakin cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri həyata keçirə bilmədiyi üçün avtomobili şirkətə geri qaytarmışdır.
24. İddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində bildirdiklərinə əsasən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobil cavabdeh tərəfindən iddiaçıya təhvil verilərkən bununla bağlı akt tərtib edilsə də, cavabdeh tərəfindən iddiaçıya qaytarılan zaman hər hansı akt tərtib edilməmişdir. İddiaçının təqdim etdiyi “İcra edilmiş xidmətlərə dair akt” sonradan onun əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdehin həmin akt tərtib edilərkən iştirakı təmin edilməmiş, o, həmin qüsurlarla tanış edilməmişdir. Odur ki, ön və arxa sağ qapıların avtomobilin cavabdehin istifadəsində olan zaman zədələnməsi mötəbər sübutlarla təsdiq olunmur.
26. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə alıcı tərəfindən ödənişin həyata keçirilə bilməyəcəyi təqdirdə iddiaçı tərəfindən avtomobilin üçüncü şəxslərə satılması, satış məbləğinin borca yönəldilməsi və s. şərtlər razılaşdırılmışdır. Nəzərə alınmalıdır ki, avtomobil bir neçə ay cavabdehin istifadəsində olmuş və onun təyinatı üzrə istifadəsi nəticəsində salonunda və ya gövdəsində müəyyən qüsurların əmələ gəlməsi təbii haldır. Avtomobili əldə edəcək üçüncü şəxs də yeni deyil, istifadədə olmuş avtomobil alacağı barədə məlumatlı olacaqdır.
27. Lakin tərəflər arasında bağlanmış müqaviləyə xitam verildikdən sonra avtomobil iddiaçıya qaytarılarkən onun salonunun kimyəvi təmizlənməsinin, gövdəsinin cilalanmasının cavabdehin vəsaiti hesabına həyata keçiriləcəyi şərtləşdirilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin işlərin görülməsinə görə cavabdehdən pulun tələb edilməsi əsassızdır.
28. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-2483/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 15 manatı İddiaçı MMC-dən tutularaq, qalan 35 manatı dövlət büdcəsindən qaytarılaraq Cavabdeh ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.