Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5019/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X8) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlizamin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X8) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir.
2. xx.xx.2013-cü il tarixli mənzilin bağışlanması müqaviləsinə əsasən cavabdehin anası X4 mübahisə predmeti olan mənzili Cavabdeh bağışlamışdır.
3. X4 əvəzinə müqaviləni xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X8 imzalamışdır.
4. İddiaçı ilə cavabdeh qardaşdırlar. X4 vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X8) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixində X4 tərəfindən X3 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamənin, həmin etibarnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 148a saylı evin, 33 saylı mənzili X8 tərəfindən Cavabdeh adına bağışlanmasına dair xx.xx.2013-cü ildə Bakı şəhəri 51 saylı Notariat Kontorunda reyestr 4Ə/-859 nömrə ilə qeydə alınmış və xüsusi notarius Ü.F.Kərimovun imzası ilə təsdiq edilmiş Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsi əsasında Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********4-05101- 093009, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1986-cı illərdə Rusiya Federasiyasına işləmək üçün getmişdir. O zaman, onunla birlikdə dostları da Novosbirsk şəhərinə gəlmiş, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı ilə məşğul olmuşlar. 1988-ci ildə o və dostları Bakı şəhərində mənzil almaq istəmişlər və bununla əlaqədar birlikdə Bakı şəhərinə gəlmiş və hər üçü Bakı şəhəri Binəqədi rayonu Azadlıq pros. 148a, ünvanında yerləşən binanın müxtəlif mənzillərini almışdırlar. Belə ki, o həmin binanın 33 saylı mənzilini, digər dostları isə həmin binanın müxtəlif bloklarında 1-ci mərtəbəsində yerləşən mənzillərini almışdır. Lakin, o zaman RF-da qeydiyyatda olub, yaşayan insanlar Bakı şəhərində öz adlarına mənzil ala bilməzdilər. Ona görə həmin vaxtı aldığı mənzili formal olaraq anası- X1 adına rəsmiləşdirmişdir. Mənzil bir neçə müddət boş qalmış və sonradan Naxçıvan Respublikasında qohumlarının maddi vəziyyət ağır olduğuna görə anasına və qardaşı Şahinə icazə vermişdir ki, Bakı şəhərinə gəlib mənzilinə köçüb yaşasınlar. O, Rusiya Federasiyasında Bakı şəhərinə qayıdanda hər dəfə mənzilə gəlmiş və bir neçə gün qalaraq getmişdir. O zaman anası mənzili öz adına keçirməyi bildirsə də, lakin vaxt tapıb Bakı şəhərinə gələ bilməmişdir. Sonrakı danışıqlarında o tezliklə birdəfəlik Bakı şəhərinə köçüb gələcəyini və mənzili birbaşa öz adına keçirəcəyini bildirmişdir. Lakin sonradan müxtəlif səbəblərdən Bakı şəhərinə gələ bilməsə də, lakin tez-tez telefon əlaqəsi saxlamışdır. Həmin vaxtlarda anası və qardaşı Bakıya gəlməsini və mənzili öz adına keçirməsini təkid etmişlər. Qeyd edir ki, anasının adından X5 adına olan etibarnamə qanunsuz, saxta olmuşdur. Həmin etibarnamə əsasında mənzilini Şahinin adına qeydiyyatdan keçirilməsi aşağıdakı əsaslara görə qanusuzdur Əvvəla qeyd etmişdir ki, guya anası tərəfindən X6 verilmiş Etibarnamə saxtadır və etibarnamədə anası İbrahimova Nərgizin imzası yoxdur. Həmin Etibarnamənin imza yerinə baxdıqda, imza yerində guya anası öz adını yazmışdır. Bu tamamilə yalandır. Anası savadsız olmuş, onun Etibarnamədə imza yerində latın əlifbası ilə öz adını yazmaq qabiliyyəti olmamışdır. Çünki Etibarnamədə anasının adı yazılan sözləri savadlı şəxs tərəfindən yazılmışdır. Anası nəinki latın əlifbası ilə yazıb oxumağı öyrənməmiş, hətta anasının yaşadığı dövrdə Kiril əlifbasını belə yazıb oxumağı bilmirdi. Bunu o hal təsdiq edir ki, Bağışlanma Müqaviləsinə əlavə edilmiş anasının Şəxsiyyət Vəsiqəsində olan imzası, ilə Etibarnamədə olan imzası arasında böyük fərq vardır. Necə olur ki, anası 2005-ci ildə Şəxsiyyət Vəsiqəsi alanda latın əlifbası ilə yazıb oxumaq bilmədiyi halda, 2013-cü ildə anası latın əlifbası ilə yazı yazır və öz adını yazmaqla imza edir ? Həmin vaxtı anasının 79 yaşı olub, 79 yaşında anası latın əlifbası ilə məgər yazmaq öyrənibmi? İkincisi, əgər anası mənzil barədə notariat əməliyyatı aparılması üçün tanımadığı bir şəxsin adına Etibarnamə verirsə, bunun üçün Notariat kontoruna gələ bilirsə , o zaman ona nə düşmürdü ki, birbaşa Bağışlanma müqaviləsini özü imzalamasın ? Hər bir şəxs öz sağlığında öz adına olan əmlakı Bağışlama müqaviləsini sərbəst imzalamaq hüquqıına malikdir. -Bunun üçün əlavə Notariat əməliyyatı keçirilməsinə , yəni başqa şəxsə Etibarnamə verməsinə heç bir zərurət yoxdur. Bu hal ona dəlalət edir ki, anasının adına aldığı mənzili, anasının adından saxtakarlıq edilərək başqa şəxsin adına sənədləşdirilməsi qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Bakı şəhəri 51 saylı Notariat Ofisi və X8) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə göstərilən hüquq normalarını əsas tutaraq hazırkı iş üzrə bildirmişdir ki, xx.xx.2013-cü il tarixində X4 tərəfindən X3 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamə, eləcə də hədiyyə verən X1 etibarnamə üzrə nümayəndəsi X8 ilə İbrahimov hədiyyə alan Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində reyestrdə 4Ə/-859 nömrə ilə qeyd edilmiş bağışlanma müqavilələri hər iki tərəfin iradə ifadəsi ilə könüllü və sərbəst şəkildə bağlanmışdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 339.1, 339.2, 339.3, 339.4, 666-cı maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4, 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1501/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi, xx.xx.2013-cü il tarixində X4 tərəfində X3 adına verilmiş AR-İ N 256101 saylı, 7E-11-8844 reyestr nömrə ili qeydə alınmış etibarnamənin, həmin etibarnamə əsasında Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti, 148 asaylı evin 33 Sylı mənzili X8 tərəfindən Cavabdeh adına bağışlanmasına dair xx.xx.2013-cü ildə Bakı şəhəri 51 saylı Notariat Kontorunda Reyestr 4Ə/-859 nömrə ilə qeydə alınmış və xüsusi notarius Ü.F.Kərimovun imzası təsdiqlənmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsi əsasında Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Reyestr nömrəsi **********4-05101-093009, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Cavabdeh mənzili öz adına o şərtlə bağışlanma müqaviləsi ilə keçirdib ki, sonradan iddiaçı mənzili ondan tələb etməsin. Belə şərtə bağışlama Mülki Məcəllənin 666.1-ci maddəsinə ziddir. Həmin maddəyə görə, bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Сavab xidməti müqavilənin mətnində qeyd olunmasa da, cavabdehin məhkəmədə verdiyi izahatda və Əbülfəz Əliyevin izahatında bu hal öz təsdiqini tapmışdır. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: birinci, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, mesaj və Whatsapp yazılarında təsdiqini tapmışdır. İkinci, cavabdeh tərəfində imzalanmış Sazişdə mənzili ona qaytarmağa razılıq verdiyini bildirir. Üçüncü, bağışlama müqaviləsi mənəvi dəyərlərə əsaslanan müqavilədir. Yəni hədiyyə verən heç bir əvəz almadan öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, bağışlama müqavilə etibarsızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozulduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlizamin oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 1988-ci ildə Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda ev almaq qərarına gəliblər. 1988-ci ildə eyni binada bloklar fərqli olmaqla 3 nəfər ayrı-ayrı mənzillər alıb. O vaxt Sovet qanunvericiliyinə görə Rusiya vətəndaşı Azərbaycanda ev ala bilməzdi. Mülkiyyəti öz adlarına keçirmək mümkün deyildi. 1989-cu ildə buna icazə verdi. Ona görə də, iddiaçı evi anasının adına almaq qərarına gəldi. Evi anasının adına alanda da öz adına keçirəcəyini fikirləşib.1990-cı illərdə vəziyyət çətin olduğuna görə anası Naxçıvanda vəziyyətlərinin yaxşı olmamasını və Bakıya köçmək istəməsini bildirib. İddiaçı da anasına onun evində yaşamasını bildirib, bundan sonra anası ora köçüb. Anası ilə daima telefonla danışıb, qardaşı da Bakıda torpağın ucuz olmasını və özünə torpaq almaq istədiyini deyəndə onun adına 6 sot torpaq alıb. Bu gündə torpaq qardaşının adınadır və o torpağa heç bir iddiası yoxdur. 2013-cü ildə onun xəbəri olmayıb ki, ev bağışlanma qaydası ilə başqa adamın adına keçib. 2018-ci ildə telefon danışıqlarında və 2021-ci ildə Məmmədbağırın yoldaşı gələndə bildiriblər ki, torpağı kiminsə adına keçirmək üçün ya Məmmədbağırın özü olmalıdır, ya da etibarnamə, sənəd gətirilməlidir. 2022-ci ildə notariatda sənədləşdirmə üçün iddiaçı gedəndə bütün sənədlər hazır olub, imza çəkilməsi vaxtında Şahini tapmırlar. 1 gün sonra Şahinin evinə gediblər, yoldaşının imza atmağa icazə vermədiyini, imza etdiyi təqdirdə boşanacağını öyrəniblər. Ev bağışlanma qaydasında veriləndə evdə yaşayan hər bir adamın razılığı tələb olunur. Həmin zaman orada böyük mübahisə olur və o, çıxıb gedir. 4 bacısı dəfələrlə Şahinin yanına gedərək niyə belə etdiyini və o 5 nəfərin harada yaşayacağını soruşublar. Hər dəfə də onlarla dalaşıb, axırda notariatda dördü də o evin Məmmədbağıra aid olması barəsində ərizə yazıblar. Məhkəməyə müraciət edən ərəfədə onlar notariatdan sənədləri götürmək üçün gediblər. Guya anası Şahinin dostu-Əbülfəzə torpağı etibarnamə ilə verib və 1 ay sonra o da bağışlanma ilə evi Şahinin adına keçirdiyini bildirilir. Notariatdan niyə belə etməsinin səbəbini soruşanda etibarnamə olduğu üçün etdiyini bildirir. Anasının şəxsiyyət vəsiqəsinə baxdıqda heç orada imzası yoxdur. Sənəd də imza da yoxdur, sadəcə olaraq Nərgiz yazıblar. Şəxsiyyət vəsiqəsində isə ərəb əlifbası ilə barmaq imzasına oxşar imza çəkib. Özləri iddia edirlər ki, bu savadsızdır. Şahinin və anasının “Whatssap” yazışmaları var ki, yazışmalarda gəlib bu evi öz adına keçirməsini və onun çıxıb getməsini deyir. Əgər ev Məmmədbağırın deyildisə, bu sözləri hansı səbəbə görə deyirdi. 2019, 2021 və 2022-ci illərdə qeyd edirlər ki, gəl evi adına keçirt, onlar da rahatlaşıb. Əgər həqiqətən də mənzil iddiaçının adına deyildirsə, bunu deməyin nə mənası var idi. 2013-cü ildə bağışlanma qaydası ilə keçibsə, 2023-cü ilə qədər bunu gizlədibsə, 2022-ci ildə qardaş qardaşın adına bağışlanma qaydası ilə keçirdəndə ucuz başa gəlir, gəl sənin adına keçirim nə deməkdir? Bu həm etibarnamənin verilməsində, həm də alğı-satqı müqaviləsində qanunsuzluq olduğunu deyir. Qadın orada iştirak etməyib, qadın notariata bir dəfə gedib. Bu notariatda gedib etibarnaməyə imza çəkibsə, bağışlanma müqaviləsinə də imza çəkmək imkanı var idi. Bu ona dəlalət edir ki,bağışlanma müqaviləsi imzalananda Nərgizi aldadıblar.Eyni zamanda Əbülfəz özüdə Şahinlə bir yerdə işlədiyini, həqiqətən də bu evin Şahinin evi olmasını və onlara yaşamaq üçün verildiyini demişdir. Amma imza nümunələrini müqayisə edəndə bir-birindən çox fərqlənir. Birinci instansiya məhkəməsində Şahin 2 dəfə vaxt istədi ki, onlar gedib bağışlanma qaydası ilə həll edəcəklər. Onlar sazişi də iş materiallarına əlavə ediblər. Sadəcə olaraq notarial qaydada bu mümkün olmadı, notariatda mütləq ailə üzvlərinin razılığının olmasının vacibliyini bildirmişdir. Mənzilin ilkin sahibinə qayıtmasına yoldaşı icazə vermir.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmenti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında çıxış edərək bildirir ki, ona etibarnaməni Nərgiz İbrahimova özü gəlib verdi. Xanımın evə dair etibarnaməni niyə ona verdiyini bilmir. Təşəbbüs Şahinlə anasının olub. Etibarnamə verilən şəxs odur. Etibarnamə veriləndə ana da, Şahin də orada idi. Onlar zəng elədilər və o da özü gəlib. Şahin özü o evin qardaşının alıb verdiyini və qardaşının olmasını ona demişdi. Nərgiz İbrahimova özü gəldi və imzaladı. Ona sənəd gətirdilər, Şahin dedi ki, evi onun adına keçirəcəklər. Ona dedilər ki, Şahinin adına maşın olduğu üçün o evi öz adına keçirdə bilmir. Nərgiz xanım ona deyib ki, etibarnaməni ona verir, o da gələcəkdə Şahinə verər.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1.3 Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin halları odur ki, iddiaçı ilə cavabdeh qardaşdır. xx.xx.2013-cü il tarixli mənzilin bağışlanması müqaviləsinə əsasən tərəflərin anası X4 mübahisə predmeti olan mənzili Cavabdeh bağışlamışdır. X4 əvəzinə müqaviləni xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X8 imzalamışdır.
23. İddiaçı bildirir ki, mübahisə predmeti olan mənzil onun vəsaiti hesabına alınmış mənzil olduğundan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mənzilin Cavabdeh verilməsi ilə bağlı bağışlama müqaviləsi hər iki tərəfin iradə ifadəsi ilə bağlanmış, həmçinin xx.xx.2013-cü il tarixində X4 tərəfindən X3 adına verilmiş AR-İ N: 256101 saylı 7E-11-8844 reyestr nömrə ilə qeydə alınmış etibarnamədə X4 etibarnaməni öz imzası ilə təsdiq etmişdir.
25. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, etibarnamədəki imza anasına məxsus deyil, çünki anası latın əlifbası ilə yaza bilməmişdir.
26. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, bağışlama müqaviləsindən müəyyən olunur ki, X4 əvəzinə müqaviləni xx.xx.2013-cü il tarixli etibarnamə əsasında X8 imzalamışdır. X8 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir. X8 məhkəmə iclasında verdiyi izahatında təsdiqləmişdir ki, ona etibarnaməni Nərgiz İbrahimova özü gəlib verdi. Etibarnamə veriləndə ana da, Şahin də orada idi.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan 04 iyun 2013-cü il tarixli etibarnamə notarius tərəfindən təsdiq edilmişdir. Həmin etibarnamədə imzanın X2 məxsus olmamasına dair iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)
29. Məhkəmə kollegiyası qeyd edir ki, 22 avqust 2013-cü il tarixli mənzilin bağışlanması müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmışdır.
30. İddiaçının apellyasiya şikayətinin digər dəlili odur ki, cavabdeh mənzili qaytarmağa razılıq verdiyini yazışmalarda, barışıq sazişində qeyd etmişdir.
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində sadaladığı əsaslar bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1501/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev