Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5022/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1350/2020 saylı qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə, ev 60 ünvanında tərtib edilmiş 153691 nömrəli aktın etibarsız hesab edilməsi və 3373,67 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1350/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi tərəfindən “xxxxxxxx” ASC-nin Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsi həddində abonentdən əvvəlki 3 il dövrü ərzində hesablanmış borcların (istifadə edilmiş elektrik enerjisinin dəyəri, cərimə) ödənilməsini tələb etmək hüququ təsbit edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmiş və sözügedən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında cavabehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2012-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə ünvanında yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı tərəfindən satın alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə ünvanında yerləşən 0.025 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli R 153691 saylı akta əsasən elektrik sayğacının sağ alt qapaq möhürünün səhv və saxta olduğu, fərdi yaşayış evini 8 mm-lik kabel xəttinin qidalandırdığı müəyyən edilmiş, həmin akt əsasında tərtib edilmiş icra vərəqinin təsdiq olunmuş surətində qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə, ev 60 ünvanında **********60060 abunə kodlu, ********* nömrəli elektrik sayğacının alt qapaq möhürü şübhəlidir, istehlakçıya W=5,5 kvts * 24s*0,7*365g - 2717 kvts=31009 kvts 0,07 və 0,11 tarifi ilə hesabat aparılmışdır. İcra vərəqinin qeyd hissəsində sayğacın yenisi ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən abunə kodu **********60060 olan ********* nömrəli sayğac çıxarlaraq, 03856045 nömrəli sayğac quraşdırılmışdır. 153691 nömrəli akta əsasən, sayğac dəyişdirildi, çıxarılan sayğac sellofan torbaya qoyularaq ******* nömrəli möhürlə möhürlənmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3126 məhəllə, ev 60 ünvanında **********60060 abunə kodlu, ********* nömrəli elektrik sayğacına R 153691 saylı akt əsasında köhnə tariflə (0.07) 65,31 və 3.308,36 manat, cəmi 3373,67 manat məbləğlərində borc hesablanmışdır. İlk növbədə qeyd edilməlidir ki, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, R 153691 saylı aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iddiaçının Aktı imza etməkdən imtina etməsi barədə qeydin aparılması da aktdan müəyyən edilmir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evin çöl divarında quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bundan başqa iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qaydaların tələblərinə riayət edilmədən tərtib edilmiş yuxarıda göstərilən akt etibarlı deyildir və beləliklə də onun əsasında hesablanmış borc silinməlidir. “xxxxxxxx” ASC tərəfindən sayğacda qüsurların olması qeyd edilsə də həmin qüsurların məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1350/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-5022/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5022/2020
17.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver