Məhkəmə qərarları › İş №2(103)-5025/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5025/2023

02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5025/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi),oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2454/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00021 saylı abonent kodu ilə qeydiyyata alınmış, onun mənzilinə quraşdırılmış sayğac xx.xx.2018-ci il tarixində yenisi ilə əvəz edilərək, bu barədə ******* saylı akt tərtib edilmişdir.

2. xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plasmas borusunun deşilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qaz İstismarı İdarəsi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 9720m3 (1944 manat) olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2018-ci ilin avqust ayı üzrə 1944 manat məbləğində borcunun olması əks olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1944 manat məbləğində borcun silinməsi barədə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. O, vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evdə quraşdırılmış qaz sayğacının guya düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1.944 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən problemlərdən ötrü heç bir halda o cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2454/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00021) dair İddiaçı hesablanmış 1.944 manat məbləğində borcun silinməsi, 56,92 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir (§ 13 və 14).

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilən borcun nəyin əsasında hesablanması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

10. Məhkəmə həmçinin, qeyd etmişdir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8-cu bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77.2, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə iddiaçının iddia ərizəsində qeyd edilən xüsusatları nəzərə alaraq iddia ərizəsinə sübut kimi əlavə edilmiş sənədlər əsasında təhqiqat aparsa da, bu təhqiqatı qarşılıqlı çəkişmə prinsipiylə deyil, yalnız iddiaçının iddia ərizəsində sərgilədiyi iddiaçının mövqeyi əsasında həyata keçirmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında iştirak etmədiyi üçün cavabdehin mövqeyinə yönəlik münasibət qətnamədə öz əksini tapmamışdır. Bundan başqa, qətnamədə iddiaçının iddia ərizəsinə əlavə etdiyi qazpaylayıcı-istehlakçı arasında xx.xx.2022-ci il tarixli 14/10851 saylı Müqavilədən əsaslar gətirsə də, oradan yalnız İstehlakçıya münasibətdə öhdəlik və hüquqlarından müddəalara əsaslanmışdır. Qazpaylayıcının isə Müqavilə üzrə Hüquqları haqqında heç bir əsas gətirilməmişdir, məhkəmə tərəfindən təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə alınmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün iş materiallarını mülki işlə birgə mühasibatlıq ekspertizasına göndərməmişdir. Bundan əlavə iddiaçının öz iddia ərizəsinə əlavə edilmiş GASREP-dən çıxarış (ödəniş cədvəli) ətraflı araşdırılmamış və iddiaçının doğrudan da, təbii qazdan özünə sərf etdiyi tərzdə (yəni sayğacdan kənar xətt vasitəsilə) istifadə edilməsini əsaslandıran ödənişlərin möntəzəmliliyinə diqqət yetirilməmişdir.

14. Məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş ******* saylı akta əsasən sayğacın çıxış plasmas borusunun deşilməsi qeyd olunmuşdur. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2018-ci ilin avqust ayı üzrə 1.944 manat məbləğində borcunun olması əks olunmuşdur.

25. Qanunvericiliyin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Lakin cavabdeh tərəfindən iddiaçının təqsiri ucbatından sayğacın yararsız hala düşməsini və onun təbii qazdan qanunsuz olaraq istifadə etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

26. Qeyd edilənlər onu deməyə əsas verir ki, həmin akt üzrə iddiaçıya cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1.944 manat məbləğində borc əsassız olmuşdur.

27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq kiçik iddiaya qarşı əsaslandırılmış etirazın təqdim edilməsi üçün sənədlər cavabdehin elektron kabinetinə yüklənmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, müxtəlif aylarda istehlakçı tərəfindən təbii qazdan istifadəyə görə az məbləğdə ödənişin edilməsi mütləq qaydada həmin istehlakçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi anlamına gəlməməlidir.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-2454/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar