Məhkəmə qərarları › İş №2(103)-5029/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5029/2021

17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5029/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə iddianın təmin etmə tədbiri barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(009)-1193/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq hesablanmış 345,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə verərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə balansdan cəriməyə görə tutmaların aparılmasının “Cavabdeh” İstehsalat Birliyinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(009)-1193/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə balansdan cəriməyə görə tutmaların aparılmasının “Cavabdeh” İstehsalat Birliyinə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 21.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsi xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Məhkəmə belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə əsassız hesablanmış borcun silinməsinə dair iddia tələbi irəli sürüldüyündən, bununla da göstərilən evə görə yaranmış borc mübahisə predmeti olduğundan, ərizə təmin edilməlidir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(009)-1193/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar