Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-503/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: bağışlanmış əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakda vərəsələrin payının tanınması və məcburi payın tamamlanması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil, Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı “bağışlanmış əmlakın miras kütləyə daxil edilməsi, miras əmlakda vərəsələrin payının tanınması və məcburi payın tamamlanması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(011)-2082/2022 saylı qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçılar və cavabdeh bacı-qardaşdırlar. 09 mart 2021-ci il tarixli 4Ə-126 reyestrli bağışlama müqaviləsinə əsasən tərəflərin atası X5 (etibarnamə üzrə nümayəndəsi İddiaçı3 vasitəsilə) özünə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzili Cavabdeh bağışlamışdır. X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
2. Ümumi miras kütləsinə daxil olan əmlaklar - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzil, 1 ədəd dəyəri 4 qramlıq 750 əyarlı qızıl üzük, 1 ədəd 583 əyarlı qızıl onluq və 1000 manat məbləğində puldan ibarətdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 03 mart 2021-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən mərhum X6 Cavabdeh bağışladığı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin ümumi dəyəri olan 100.000 manatın mirasda məcburi paya düşən 50.000 manat hissəsinin onlardan hər birinə 1/5 hissəsi olan 10.000 manat olmaqla, cavabdehdən onların xeyrinə tutulub onlara çatmalı olan məcburi payın tamamlanması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, 01 yanvar 1933-cü il təvəllüdlü X10 tərəflərin doğma atasıdır və sonuncu 25 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. X2 18 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə 5 övlad olmuşlar. İddiaçı2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4177/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin 12 oktyabr 2021-ci il tarixli 320 saylı Sərəncamına əsasən bacısı İddiaçı3 İddiaçı2 qəyyumu təyin edilmişdir. 03 mart 2021-ci il tarixdə Tonqol X9 Tağı Əli oğlunun etibarnamə üzrə nümayəndəsi olaraq sonuncuya məxsus ünvan 1 ünvanında 96.80 kv.m evi bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır. ƏMDK yanında DƏDRX-də reyestr nömrəsi **********37-05101-093062 olan 12 mart 2021-ci il qeydiyyat tarixli Çıxarış ilə həmin ev üzərində cavabdehin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Xətai rayon MKTB 6 saylı MKİS tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilində daimi qeydiyyatda olanlar kimi Cavabdeh, İddiaçı2, İddiaçı3 göstərilmişdir. Atalarının ölümündən sonra miras əmlakı üzərində tələb etmək hüququ olan şəxslər İddiaçı2, İddiaçı4, İddiaçı1, Cavabdeh, İddiaçı3dır. Mərhum ataları mənzili cavabdehə bağışlamasına baxmayaraq həmin əmlakın dəyəri miras kütləyə daxil edilməsi və qanun üzrə vərəsələrin mirasda olan məcburi payı tamamlanmalıdır. Tərəflərin ataları vəfat etməmişdən əvvəl 5000 ABŞ dolları məbləğində vəsaiti saxlamaq üçün İddiaçı3 vermiş, həmin vəsaitin bir hissəsi atalarının, bir hissəsi analarının qəbir daşının düzəldilməsinə sərf edilmiş, yerdə qalan vəsait yas mərasiminin təşkilinə xərclənmişdir. Həmin puldan 1000 manat İddiaçı3 qalmışdır. Mərhunun 1 ədəd dəyəri təxminən 700 manat olan 4 qramlıq 750 əyarlı qızıldan ibarət qızıl üzüyü vəsiyyətinə əsasən oğlu Vahid Tağıyevə, 1 ədəd təxminən 600 manat dəyərində 583 əyarlı qızıldan “onluq” vəsiyyətinə əsasən oğlu Ramiz Tağıyevə verilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 2(011)-2082/2022 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin üzərində hər birinin 1/10 hissədə məcburi payının tanınması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 210 manat dövlət rüsumunun 105 manatının Cavabdeh alınıb iddiaçılara ödənilməsi, qalan 105 manat dövlət rüsumunun isə iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həm iddiaçılar, həm cavabdeh mərhum X14 övladları olmaqla onun birinci növbəli vərəsələridir. Hazırkı iş üzrə tərəflərin atası olan X3 mülkiyyət hüququ ilə məxsus olan mənzilə dair bağışlama müqaviləsi 09 mart 2021-ci bağlanmışdır. 25 sentyabr 2021-ci il tarixdə X5 vəfat etmişdir. Məhz bu tarixdə miras açılmışdır. Belə olan halda hədiyyənin verilməsindən qanunvericiliklə müəyyən edilmiş iki illik müddət keçməmişdir. Tərəflərin atası Tağı Ələsgərov vəfat etməmişdən öncə ona məxsus olmuş 5000 ABŞ dolları məbləğində maddi vəsaiti saxlamaq üçün qızı İddiaçı3 vermişdir. Vəfat etdikdən sonra həmin vəsaitin bir hissəsi Tağı Ələsgərovun qəbir daşının, anaları Səkinə Həsənovanın qəbir daşının düzəldilməsinə, yerdə qalan vəsait isə yas mərasiminin təşkilinə xərclənmişdir. Bundan başqa, mərhum Tağı Ələsgərova məxsus 1 ədəd dəyəri təxminən 700 manat olan, 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzük mərhumun vəsiyyətinə əsasən oğlu Vahid Tağıyevə, 1 ədəd qiyməti təxminən 600 manat olan, 583 əyarlı qızıldan onluq mərhumun vəsiyyətinə əsasən oğlu Ramiz Tağıyevə verilmişdir. Miras qalmış pul vəsaitindən qalan 1000 manat vərəsələrdən İddiaçı3, qızıl-zinət əşyaları isə vərəsələrdən İddiaçı1la İddiaçı4 istifadələrindədir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların iddiası məcburi paylarının tanınması hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 1193-cü maddəsinə istinad edilməklə cavabdehin əmlakdan payı 6/10 hissədə, iddiaçıların isə hər birinin payı 1/10 hissədə müəyyən edilməlidir.
8. Məhkəmə iddianın “mənzilin ümumi dəyəri olan 100.000 manatın mirasda məcburi paya düşən 50.000 manat hissəsinin iddiaçılardan hər birinə 1/5 hissəsi olan 10.000 manat olmaqla, cavabdehdən iddiaçıların xeyrinə tutulması və iddiaçılara çatmalı olan məcburi payın tamamlanması” hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia əsassızdır. Məhkəmə araşdırması zamanı tərəflərə atalarının ölümündən sonra miras qalan əmlaklarla bağlı sübutlar təqdim etmək təklif edilsə də, tərəflər bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda iddia tələbinin məcburi payların tamamlanması hissəsi ilə bağlı ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Belə ki, iddiaçılara qalmış zinət əşyaları nə özləri, nə də onların dəyəri ilə bağlı hər hansı məlumat, eyni zamanda qalmış pul məbləği ilə bağlı kimə hansı məbləğdə pulun qalmasına aid hər hansı sübut təqdim edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1151.1, 1133, 1159, 1193, 1194, 1200, 1243.1, 1243.2, 1243.3, 220.1, 220.2, 220.3, MPM-nin 88, 217.4, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1200-cü maddələrinin şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçılar və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir.
11. İddiaçılar apelyasiya şikayətində iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin vermiş olduğu hüquqdan istifadə edərək mirasqoyan tərəfindən sağlığında cavabdehə bağışlanmış və mirasın açıldığı vaxtadək iki il keçməmiş olan əmlakda mirasda məcburi pay hüququ olan birinci növbəli vərəsələr kimi onların mirasda məcburi paylarının pul ilə tamamlanmasını xahiş etmişlər. Məhkəmə normanın tələblərini pozaraq məcburi payın tamamlanması qismində pul tələbini təmin etməmiş, mübahisələndirilən miras əmlakda paylarını müəyyən etmişdir. Cavabdehə bağışlanmış əmlakın dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmin dəyər qeyd olunan əmlakın real bazar dəyəri olduğundan mirasda məcburi payın tamamlanmasını pulla ifadə etmişlər.
12. Cavabdeh apelyasiya şikayətində iddia tələbinin təmin edildiyi hissədə qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, miras qoyan sağ ikən öz istəyi ilə, mülkiyyətində olan mübahisəli mənzili ona bağışlamışdır. Çünki, sağ ikən o, baxmış, bütün xəstəliyi müddətində qulluğunda durmuş və maddi tələbatlarını o ödəmişdir. Miras qoyan mənzili digər övladlarına miras qoymaq istəsəydi, sağikən ona bağışlamazdı. Həmin mübahisəli mənzil hazırda onun xüsusi mülkiyyətindədir və bu vəziyyətdə onun mirasa daxil edilməsi və ondan iddiaçılara məcburi pay ayrılması əsassızdır. O, birinci intansiya məhkəməsinin iclaslarında dəfələrlə bildirib ki, iddiaçılara mənzildən olan paylarının əvəzi olaraq pul ödəyib. Bunun üçün İddiaçı3 etibarbamə vermişdir ki, ona məxsus "xxxx" QSC-nin Həzi Aslanov filialında 20000 manat məbləğində əmanəti götürüb digər iddiaçılarla bölüşsün. Lakin məhkəmə gedişatında məlum olmuşdur ki, o, nəinki götürdüyü puldan digər iddiaçılara verməyib, onlara hətta pulu götürməsi barədə məlumat da verməyib. Məhkəmə onun iddiaçılara onların paylarını əvəzləşdirmək üçün faktiki 20000 manat verməsini aydınlaşdırmamış və ümumiyyətlə buna münasibət bildirməmişdir. Məhkəmə vərəsəlik hüququ haqqında şəhadətnamənin açılıb-açılmadığını, vərəsələrin dairəsinin müəyyən edilib edilmədiyini, vərəsələrin mirasdan pay almaq hüququnun olub-olmadığını, mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötrülüb ötürülmədiyini aydınlaşdırmamışdır. Məhkəmə iddiaçıların mənzil üzərində hər birinin 1/10 hissədə məcburi payını tanımaqla iddia tələbindən kənara çıxaraq məhkəmədən xahiş edilməyəni təmin etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, cavabdehin şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, depozitə qoyulmuş 20000 manat İddiaçı3 şəxsi pulu olmuşdur, belə ki, sonuncunun əri Pakistanlı olduğu üçün, pulunu Bakıda qardaşı olan cavabdehin adına depozitə qoymuş, sonradan da cavabdehdən etibarnamə alaraq pulunu geri çəkmişdir.
15. Cavabdeh və nümayəndəsi isə öz apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh qeyd etdi ki, evin dəyəri müəyyən edilmiş məbləğdə deyildir. Depozitə qoyulmuş 20000 manat onun öz puludur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
20. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
21. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
23. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.
24. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
25. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
26. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
27. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
28. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
29. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.
30. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
31. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
39. Göründüyü kimi tərəflər bacı-qardaşdır.
40. X4 özünə məxsus mübahisəli mənzili xx.xx.2021-ci il bağışlama müqaviləsinə əsasən hazırki iş üzrə Cavabdeh bağışlamışdır.
41. Ataları xx.xx.2021-ci il tarixdə ölmüşdür.
42. Miras kütləsinə daxil olan əmlaklar isə mübahisəli Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzil, 1 ədəd dəyəri 4 qramlıq 750 əyarlı qızıl üzük, 1 ədəd 583 əyarlı qızıl onluq və 1000 manat məbləğində pul (5000 ABŞ dollarından qalmış məbləğ) olmuşdur.
43. Müəyyən edilmişdir ki, tərəflərin atası Tağı Ələsgərov vəfat etməmişdən öncə özünə məxsus olmuş 5000 ABŞ dolları məbləğində maddi vəsaiti saxlamaq üçün qızı İddiaçı3 vermişdir. Vəfat etdikdən sonra həmin vəsaitin bir hissəsi Tağı Ələsgərovun qəbir daşının, anaları Səkinə Həsənovanın qəbir daşının düzəldilməsinə (apelyasiya baxışı zamanı İddiaçı3 qeyd etmişdir ki, qəbir daşının hər birinə 2500 manat xərclənmiş, cavabdeh də bununla razılaşmışdır), yerdə qalan vəsaitin bir qismi də yas mərasiminin təşkilinə xərclənmiş, İddiaçı3 1000 manat qalmışdır. Bundan başqa, mərhum Tağı Ələsgərova məxsus 1 ədəd 4 qramlıq 750 əyarlı qızıl üzük mərhumun vəsiyyətinə əsasən oğlu Vahid Tağıyevə, 1 ədəd 583 əyarlı qızıldan onluq mərhumun vəsiyyətinə əsasən oğlu Ramiz Tağıyevə verilmişdir.
44. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
45. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.
46. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
47. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
48. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyanın öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz.
49. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.
51. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır.
52. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür.
53. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir.
54. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər.
55. Məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.
56. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
57. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir (ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.
58. Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə də qeyd olunan sərəncamlarla onun pozulubpozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.
59. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər.
60. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əmlakına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur.
61. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür.
62. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
63. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.
64. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.
65. Tərəflər mərhumun övladları olmaqla birinci növbəli vərəsələridir. Hazırda iddiaçılar onlara çatmalı olan məcburi payın tamamlanmasını tələb etmişlər.
66. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”
67. İddia tələbinə düzgün münasibət bildirilməsi üçün ilk əvvəl Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7307/2022 saylı qərardadı ilə miras kütləsinə daxil olan əmlaklar - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzil, 1 ədəd dəyəri 4 qramlıq 750 əyarlı qızıl üzük və 1 ədəd 583 əyarlı qızıl onluğun qiymətləndirilməsi təyin edilmiş və "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 15/1648 saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 142000 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıl üzüyün bazar dəyəri 280 manat və 1 ədəd 583 əyarlı qızıl onluğun bazar dəyəri 700 manat müəyyən edilmişdir.
68. Bundan sonra iddiaçıların nümayəndəsi-vəkili ərizə ilə müraciət edərək, mirasda məcburi payın tamamlanması tələbi təmin edilərkən apellyasiya mərhələsində "xxxx" MMC tərəfindən müəyyən edilmiş (miras əmlaka daxil olan mənzil 142000 manat, 1 ədəd dəyəri 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzük – 280 manat və 1 ədəd 583 əyarlı qızıl onluq – 700 manat) məbləğlərinin əsas götürülməsi və mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərc 500 manat məbləğin cavabdehdən tutularaq İddiaçı3 xeyrinə ödənilməli olmasının nəzərə alınması xahiş etmişdir.
69. Kollegiya əvvəla qeyd edir ki, iddiaçılar məcburi payın tamamlanmasını tələb edir, iddianın predmeti məcburi payın tamamlanmasıdır. İddiaçıların birinci instansiya məhkəməsində tələb etdiyi mənzilin dəyərində dəyişiklik baş verməsi iddianın dəyişdirilməsi kimi qəbul oluna bilməz, çünki mənzilin dəyəri iddianın predmetini yox, obyektini təşkil edir.
70. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. İddianın obyekti isə iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir (pul məbləği, yaşayış və qeyri-yaşayış sahəsi). İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı).
71. Cavabdeh tərəf mənzilin müəyyən edilmiş dəyəri ilə razılaşmayaraq, yenidən ekspertiza keçirilməsini xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mənzilə münasibətdə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/203-9/254 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 123500 manat məbləğində müəyyən edilmişdir.
72. Göründüyü kimi mənzilin dəyəri 123500 manat, 1 ədəd qızıl üzük 280 manat, 1 ədəd qızıl onluq 700 manat və qalan 1000 manat məbləğində pul olmaqla, miras qalmış bütün əmlakın dəyəri ümumilikdə 125480 manat təşkil edir.
73. Miras əmlaka daxil olan mənzil mərhum tərəfindən oğlu (hazırki iş üzrə cavabdeh) Cavabdeh xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən bağışlandığı üçün və hədiyyənin verilməsindən qanunvericiliklə müəyyən edilmiş iki illik müddət keçmədiyi üçün iddiaçılara çatmalı olan məcburi pay tamamlanmalıdır.
74. Qanunvericiliyin tələbinə görə məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir.
75. Belə olan halda iddiaçıların hər birinin 1/10 hissədə məcburi payı olduğundan mirasın ümumi dəyərinin - 125480 manatın 1/10 hissəsi, yəni 12548 manat mirasdan onlara çatmalı olan məcburi pay olmuşdur.
76. İddiaçıların hər birinin məcburi payının tamamlanmasına münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
77. Belə ki, miras kütləsinə daxil olan 1 ədəd dəyəri 280 manat 4 qramlıq 750 əyarlı qızıl üzük İddiaçı1 verilmişdir. Ona görə də ona çatmalı olan məcburi pay məbləği - 12548 manatdan həmin üzüyün dəyəri olan 280 manat çıxılmalı və ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 12268 (12548-280) manat müəyyən edlməlidir.
78. 1 ədəd dəyəri 700 manat 583 əyarlı qızıl onluq isə İddiaçı4 verildiyindən, ona çatmalı olan məcburi pay məbləği - 12548 manatdan həmin onluğun dəyəri olan 700 manat çıxılmalı və ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11848 (12548-700) manat müəyyən edlməlidir.
79. İddiaçı2 çatmalı olan məcburi pay məbləği 12548 manat təşkil edir.
80. Miras kütləsinə daxil olan 1000 manat pul İddiaçı3 qalmışdır. Ona görə də ona düşən məcburi payın tamamlanması üçün ödənilməli olan məbləğ 11548 (12548-1000) manat müəyyən edlməlidir.
81. Bununla belə, müəyyən edilmişdir ki, cavabdehin verdiyi etibarnamə əsasında İddiaçı3 cavabdehə məxsus olan 20000 manat depozit pulu götürmüşdür.
82. Belə ki, "xxxx" QSC tərəfindən Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, QSC-nin Həzi Aslanov filialında xx.xx.2021-ci il tarixində AZ51ACAB******************** saylı 20000 AZN məbləğində əmanət hesabı açmış, xx.xx.2021-ci il tarixində qeyd olunan əmanət 7E-12040 reyestr nörməli etibarnamə əsasında İddiaçı3 tərəfindən bağlanmışdır. Hazırda onun adına heç bir əmanət hesabı mövcud deyildir.
83. Cavabdeh göstərmişdir ki, ataları öləndən sonra İddiaçı3 etibarbamə vermişdir ki, ona məxsus 20000 manat məbləğində əmanəti götürüb mənzildən olan paylarının əvəzi olaraq digər iddiaçılarla bölüşsün. Lakin məlum olmuşdur ki, İddiaçı3, nəinki götürdüyü puldan digər iddiaçılara verməyib, onlara hətta pulu götürməsi barədə məlumat da verməmişdir.
84. İddiaçı3 isə həmin pulun özünə məxsus olduğunu, xaricdə yaşadığı üçün cavabdehin adına depozitə qoyulduğunu bildirmişdir.
85. Kollegiya iddiaçının bu dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işin halları ilə bu hal təkzib edilir, belə ki, iddiaçının atası xx.xx.2021-ci il tarixdə ölmüş, qısa zaman sonra - xx.xx.2021-ci il tarixdə İddiaçı3 tərəfindən cavabdehə məxsus depozit hesabından 20000 manat məbləğində pul götürülmüşdür. Sonuncu istinad etdiyi halları, yəni həmin pulun özünə məxsus olmasını sübut edə bilməmişdir, halbuki bunu sübut etmək yükü məhz onun üzərinə düşür. Odur ki, Kollegiya cavabdehin dəlillərini əsaslı hesab edir.
86. Göründüyü kimi İddiaçı3 çatası məcburi payın həcmi 12548 manat olmuş, o isə 20000 manat məbləğində cavabdehə məxsus depozit məbləğini götürdüyü üçün ona çatmalı olan məcburi pay dəyəri artıq ona verilmiş, yəni hazırda tamamlanmamış hissə qalmamışdır. Odur ki, ona münasibətdə iddia tələbi rədd edilməlidir.
87. Həmçinin Kollegiya hesab edir ki, dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
88. Kassa mədaxil orderinin qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri olan 500 manat İddiaçı3 tərəfindən ödənilmişdir. Ona görə də həmin 500 manatın 200 manatı cavabdehdən tutularaq İddiaçı3 ödənilməlidir, 100 manatı İddiaçı3 özünə aid edilməli, 200 manat isə digər iddiaçılardan tutularaq İddiaçı3 ödənilməlidir.
89. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2082/2022 saylı iş 12 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə çıxarılsın və iddia tələbi qismən təmin edilsin. Miras qalmış əmlak - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və İddiaçı3 Tağı qızına verilmiş 5000 ABŞ dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilsin. İddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, İddiaçı2 12548 manat, İddiaçı4 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, İddiaçı1 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan tutularaq onlara ödənilsin. İddiaçı3 aid hissədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xərcinin dəyəri olan 500 manatın 200 manatı cavabdehdən, 200 manat digər iddiaçılardan tutularaq İddiaçı3 ödənilsin, 100 manatı İddiaçı3 özünə aid edilsin. Qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.